Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2259/2020 21.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh qzının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyinə xitam verilməsi və alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyinə xitam verilməsi və alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-478/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx xxxxxxxx 2002-ci il təvəllüdlü X4 münasibətdə aliment öhdəliyinə xitam verilməsi; Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-478/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş qazancın yarısı miqdarında aliment tutulmasını dəyişərək xx xxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxxxx 2014-cü il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə öncə faktiki ailə münasibətlərinə daxil olmuş, xx xxxxxx 2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan doğulmuş xx xxxxxxxx 2002-ci il təvəllüdlü X6, xx xxxx 2007-ci il təvəllüdlü X5 və xx xxxxxx 2014-cü il təvəllüdlü X7 adlı üç övladları var. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-478/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah qeydi pozulmuş, uşaqlar analarının himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi ondan hər ay qazancının və ya başqa gəlirlərinin yarısı məbləğində alimentin tutulması qət edilmişdir. xx xxxxxxxx 2002-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatmış və bu səbəbdən də, alimentin məbləği azaldılmaqla iki uşağa görə müəyyən edilməlidir. Hal-hazırda uşaqların yaşayış minimumu 170 manat müəyyən edildiyindən iki uşağa görə o, 340 manat məbləğində aliment ödəməyə razıdır və bu məbləğdə alimentin tutulmasını istəyir. Belə ki, onun özünün də banka borcları olduğundan aliment borcunu ödəməkdə çətinlik çəkir. Onun maddi vəziyyəti və həmçinin uşaqlardan birinin yetkinlik yaşına çatması nəzərə alınmaqla təyin edilmiş alimentin məbləği azaldıla bilər. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-478/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında xx xxxxxx 2004-cü il tarixdə Qaradağ rayon VVADQ şöbəsində 727 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx xxxxxxxx 2002-ci il təvəllüdlü X6, xx xxxx 2007-ci il təvəllüdlü X5 və xx xxxxxx 2014-cü il təvəllüdlü X7 anaları Cavabdeh yanında saxlanılmış, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin yarısı məbəğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, 3 uşaqlarının olması, uşaqların ananın yanında qalması, uşaqların saxlanılması üçün hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olmamışdır, iddiaçının əvvəllər əldə etdiyi gəlirlərin azalmasına dair sübutlar təqdim olunmamışdır. Bundan başqa, uşaqlardan birinin yetkinlik yaşına çatması halında alimentin miqdarı ilə bağlı məsələlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununa əsasən tənzimlənir, 3 uşaqdan biri yetkinlik yaşına çatdığı andan, icra qaydasında Ailə Məcəlləsinin tələbləri əsas götürülməklə, iddiaçıdan cavabdehin xeyrinə tutulan aliment məbləği qazancının yarısından qazancının 1/3 hissəsi şəklində tutulmağa başlanılır və bunun üçün aliment məbləğinin azaldılması tələbinə dair iddianın qeyd edilən uşağa dair hissədə təmin edilməsinə əsas yoxdur. İddiaçı banka borcu olduğunu bildirir, lakin həmin borcun nə vaxt alındığı aydınlaşdırılmır. Əgər həmin borc tərəflər arasında nikahın pozulmasına dair qətnamə çıxarılan anadək götürülmüşdürsə, iddiaçının öz maddi durumu ilə bağlı müfəssəl məlumatı var idi. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi çıxarılanadək təyin edilməli olan aliment həddinə dair etiraz bildirər, etirazını əsaslandırardı. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən göründüyü kimi, iddiaçı həmin iş üzrə cavabdeh olmaqla, iddianı etiraf etmiş, alimentin əmək haqqının yarısı miqdarında tutulmasına razı olmuşdur. Qeyd olunan qətnamə çıxarılandan az bir müddət sonra iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün kifayət qədər ciddi əsasları olmalı idi. Lakin bu cür əsaslar məhkəmədə müəyyən edilmədi. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyinə xitam verilməsi və alimentin miqdarının azaldılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyinə xitam verilməsi və alimentin miqdarının azaldılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2259/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2259/2020
21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver