Məhkəmə qərarları › İş №2(002)-2270/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2270/2023

19.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2270/2023 19.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X10 oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İB-in nümayəndəsi Vəkil1, Cavabdeh "xxxx" İB N.Nərimanov adına NQÇİ-in nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İB və "xxxx" İB N.Nərimanov adına NQÇİ-ə qarşı “məzuniyyət pulunun verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 N.Nərimanov adına NQÇİ tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 128 nömrəli Əmrdən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq N.Nərimanov adına NQÇİ-nin İ saylı NQÇS-nə 3 dərəcəli neft, qazçıxarma üzrə operator peşəsinə işə qəbul edilmişdir.

2. Əli Bayramlı şəhər hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 050747 nömrəli M/V Vəsiqəyə əsasən, X6 müharibə veteranı olmaqla, müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istidadə etmək hüququna malikdir.

3. Şirvan şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, 1974-cü il təvəllüdlü İddiaçı ona görə ki, həqiqətən o, “Qarabağ Müharibəsi” veteranıdır.

4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət dövründə xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi Ağdərə, Tərtər, Ağdam rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1994-cü il tarixdə Ağdərə rayonunda gedən döyüşlərdə yaralanmışdır. Ona verilmiş M/V 050747 saylı xx.xx.2001-ci il tarixli vəsiqəyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Hal-hazırda SHXÇDX-in Şirvan rayon şöbəsində Qarabağ müharibəsinin veteranlarının qeydiyyatındadır.

5. Socar Cavabdeh2 N.Nərimanov adına NQÇİ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 591-ş əmrdən görünür ki, İddiaçı "xxxx" İB N.Nərimanov adına NQÇİ-də xx.xx.2016xx.xx.2017-ci iş ili üçün 46 təqvim günü əmək məzuniyyəti verilmişdir.

6. Socar Cavabdeh2 N.Nərimanov adına NQÇİ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli “ərizəyə baxılmasının nəticəsi haqqında” məktubdan görünür ki, Qarabağ uğrunda gedən döyüşlərdə iştirakı və yaralanması haqqında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 176 nömrəli arayışını xx.xx.2017-ci il tarixində idarəyə təqdim etdikdən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən ona 2017-ci ildən ona 46 təqvim günü əmək məzuniyyəti verilir.

7. Socar Cavabdeh2 N.Nərimanov adına NQÇİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-1-4/3-1M-228/2023 №-li əmrdən görünür ki, İddiaçı "xxxx" İB N.Nərimanov adına NQÇİdə 46 təqvim günü əmək məzuniyyəti verilmişdir. İddia tələbi

8. İddiaçın cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İB N.Nərimanov adına NQÇİ-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı il tarixdən 2017-ci il tarixə kimi ona verilməmiş məzuniyyət günlərinin pullarının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o xx.xx.2006-cı il tarixli 128/k nömrəli əmr ilə Cavabdeh1-nin 1 saylı Neft və qazçıxarma sahəsində neft və qaz hasiatı üzrə operatir peşəsinə işə qəbul edilmişdir. O Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Müharibə veteranıdır. Müharibə veteranı kimi ona 46 təqvim günündən az olmayaraq əmək məzuniyyəti verilməlidir. Lakin işlədiyi müəssisə onun məzuniyyət günlərini kəsmiş, ona xüxusi xidmətlərinə görə müəyyən edilmiş 46 təqvim günü məzuniyyət verilməmiş və həmin günlərin pullarını ala bilməmişdir. Bu barədə cavabdeh təşkilata müraciət etsə də ona tərəfindən təsdiqedici sənəd təqdim edidiyi vaxtan yəni 2017-ci ildən başlayaraq məzuniyyət günü hesablanmasını bildirmişlər. Lakin bütün bunlar düzgün deyildir. Ona istifadə etmədiyim məzuniyyət günlərinin pulları verilməlidir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 120, 136.1-ci maddələrinə istinad etmişdir.

11. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı 2006-cı il tarixdən 2017-ci il tarixə kimi verilməmiş məzuniyyət günlərinin pulları hesablanaraq ona ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 də cavabdeh kimi tanımaqla mülki işə cəlb edilməsini xahiş etmişdir.

12. Bundan başqa, İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbini dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2005-ci ildən 20016-cı ilə kimi istifadə etmədiyi məzuniyyət günlərinin hesbalanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə etiraz

13. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İB iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, X7 xx.xx.2006-cı il tarixdə "xxxx" İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsinə işə başlamışdır. İddiaçı xx.xx.2017-ci il tarixdə N.Nərimanov adına NQÇİ-yə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1994-cü il tarixdə Ağdərə rayonunda gedən döyüşlərdə yaralanmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş arayışı təqdim etmişdir. İddiaçı işə daxil olarkən, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmasına dair sənəd nə N.Nərimanov adına NQÇİ-yə nə də "xxxx" İB-nə təqdim etməmişdir. Həmçinin, iddaçı İddiaçı tərəfindən N.Nərimanov adına NQÇİyə təqdim edilmiş Şirvan Şəhər Hərbi Komissarlığının "Qarabağ Müharibəsi"nin veteranı olması barədə xx.xx.2012-ci il tarixli 83 nömrəli arayışda da onun "Qarabağ Müharibəsi"ndə iştirakı müddətində xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məlumat qeyd edilməmişdir. Ümumiyyətlə işçinin uzadılmış məzuniyyət hüququndan istifadə etmək hüququ işəgötürənə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbələrindən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı hərbi vəzifələrini yerinə yetirərkən xəsarət almaları barədə və ya tibb müəssisələri tərəfindən verilmiş arayışı təqdim etdikdən sonra yaranır. İddiaçı isə uzadılmış məzuniyyət hüququndan istifadə etmək hüququnu təsdiq edən müvafiq arayışı xx.xx.2017-ci ildə N.Nərimanov adına NQÇİ-ya təqdim etmişdir. N.Nərimanov adına NQÇİ tərəfindən də İddiaçı xx.xx.2017-ci il tarixdən sonra uzadılmış məzuniyyət hüququ təmin edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

14. Etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 120, 48, Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88, 217.3-cü maddələrinə istinad edilmişdir.

15. Cavabdeh "xxxx" İB N.Nərimanov adına NQÇİ iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2006-cı il tarixində ərizə ilə N.Nərimanov adına NQÇİ-yə müraciət etmiş, müvafiq sənədlər toplandıqdan sonra, NQÇİ-in xx.xx.2016-cı il tarixli 128/k nömrəli əmri ilə həmin İdarənin 1 saylı Neft və qazçıxarma sahəsinə neft və qaz hasilatı üzrə operator peşəsinə işə qəbul edilmişdir. İşə qəbul prosesində iddiaçı X1 tərəfindən verilmiş Tibbi-profilaktik müayinələrin nəticəsi haqqında xx.xx.2006-cı il tarixli "Tibbi Arayış", xx.xx.2001-ci il tarixində Əli Bayramlı (hazırda Şirvan) şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş M/V 050747 nömrəli "Qarabağ Müharibəsi" veteranı vəsiqəsinin surətini təqdim etmişdir. Lakin hər iki sənəddə İddiaçı "Qarabağ Müharibəsi"ndə iştirakı müddətində xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinin 6-cı bəndində qeyd olunmuşdur ki, "Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.". Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinin 102.2-ci bəndinin 102.2.7-ci yarımbəndinə uyğun olaraq, İddiaçı müharibə veteranı olduğu üçün, onun aylıq əmək haqqından vergi tutulmasına güzəşt tətbiq edilərək, 400 (dörd yüz) manat məbləğində azaldılmışdır (çıxarış ve haqq-hesab vərəqəsinin surəti əlavə olunur). Sonradan, İddiaçı Şirvan Şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş, onun "Qarabağ Müharibəsi"nin veteranı olması barədə xx.xx.2012-ci il tarixli 83 nömrəli arayış da N.Nərimanov adına NQÇİ-yə təqdim etmişdir. Lakin həmin arayışda da İddiaçı "Qarabağ Müharibəsi"ndə iştirakı müddətində xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məlumat qeyd edilməmişdir. İddiaçı tərəfindən əvvəlcədən nə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti qurumundan, nə də tibb müəssisəsindən qeyd edilən məzmunda arayış təqdim edilmədiyindən, ona 46 təqvim günü müddətində əmək məzuniyyəti verilməmişdir. xx.xx.1994-cü il tarixində Ağdərə rayonunda gedən döyüşlərdə yaralandığı qeyd edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli 176 nömrəli arayışı (əlavə olunur) İddiaçı tərəfindən N.Nərimanov adına NQÇİ-nin Personalın uçotu xidmətinə (Kadrlar şöbəsinin funksiyalarını yerinə yetirən xidmət) yalnız 2017-ci ilin may ayında təqdim edilmişdir. Həmin arayış təqdim edildikdən sonra, N.Nərimanov adına NQÇİ-nin İddiaçı "Əmək məzuniyyətinin verilməsi haqqında" xx.xx.2017-ci il tarixli 591-ş nömrəli və sonrakı illərdə verilmiş eyniməzmunlu əmrlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 120-ci maddəsinin müddəaları nəzərə alınaraq, məzuniyyət müddəti 46 (qırx altı) təqvim günü müəyyən edilərək, müvafiq qaydada uyğun ödənişlər aparılmışdır (əmrin və haqq-hesab vərəqəsinin surətləri əlavə olunur). Beləliklə, İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmuş əsasverici sənəd N.Nərimanov adına NQÇİ-yə təqdim edildikdən sonra, AR Əmək Məcəlləsinin 120-ci maddəsinin tələblərinə tam riayət olunmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınaraq, İddiaçı "məzuniyyət pullarının ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Bundan əlavə, İddiaçı 2017-ci ildən başlayaraq, vaxtaşırı "Qarabağ Müharibəsi"ndə xəsarət alması ilə bağlı əvvəlki illərdə "verilməmiş məzuniyyət pullarının ödənilməsi haqqında NQÇİ-nin məsul işçilərinə şifahi qaydada, 1 dəfə isə (2018-ci ildə) Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə yazılı müraciətlər etmişdir. Hər bir halda məsələ ilə bağlı iddiaçıya ətraflı izahlar və cavablar (xx.xx.2018-ci il) verilərək bildirilmişdir ki, yalnız onun xəsarət alması haqda rəsmi sənəd təqdim edildikdən sonra, məzuniyyətinin müddətinin 46 gün hesablanması mümkün olmuşdur və uyğun ödənişlər aparılmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

16. Cavabdeh etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 120, 48, Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88, 217.3-cü maddələrinə istinad etmişdir.

17. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İB iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçı - X7 xx.xx.2006-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsinə işə başlamışdır. İddiaçı xx.xx.2017-ci il tarixdə N.Nərimanov adına NQÇİ-yə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1994-cü il tarixdə Ağdərə rayonunda gedən döyüşlərdə yaralanmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş arayışı təqdim etmişdir. İddiaçı 2006-cı ildən 2017-ci ilədək arayış təqdim etmədiyi illər üçün məzuniyyət pulunun verilməsi ilə bağlı ARDNŞ-ə müraciət etmiş, xx.xx.2018-ci il tarixli məktubla ona yalnız onun xəsarət alması haqda rəsmi sənəd təqdim edildikdən sonra məzuniyyət müddətinin 46 gün hesablanması mümkün olmasına dair cavab verilmişdir. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra maqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılariru daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına getirib çıxarardı, Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini,ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdeh "xxxx" İB N.Nərimanov adına NQÇİ iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçı X7 2017-ci ildə başlayaraq, “Qarabağ Müharibəsi”də xəsarət alması ilə bağlı əvvəlki illərdə “verilməmiş məzuniyyət pullarının ödənilməsi” haqqında NQÇİ-in məsul işçilərinə şifahi qaydada, 1 dəfə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə yazılı müraciətlər etmişdir. Hər bir halda məsələ ilə bağlı iddiaçıya ətraflı izahlar və cavabdeh verilərək bildirilmişdir ki, yalnız onun xəsarət alması haqda rəsmi sənəd təqdim edildikdən sonra, məzuniyyət müddətinin 46 gün hesablanması mümkün olmuş və uyğun ödənişlər aparılmışdır. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Qarşılıqlı iddia ərizəsi verilməmişdir.

20. Məhkəmənin tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçının X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, döyüşlərdə yaralanıb, qazi olmuşdur. İddiaçı "xxxx" İB N.Nərimanov adına NQÇİ-də 2006-cı ildən operator işləyir, hələ də həmin şirkətdə işləyir, şirkət də onun döyüşlərdə iştirak etdiyini bilib, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən iddiaçı müharibə veteranı olduğuna görə ona 46 təqvim günündən az olmayaraq məzuniyyət verilməlidir, cavabdeh də buna uyğun olaraq 2006-2017-ci illər arasında olan məzuniyyət pulunu ödəməli idi, amma cavabdehlər 2017-ci ildən sonrakı məzuniyyət pulunu iddiaçıya ödəyiblər, iddiaçı 2017-ci ildən məzuniyyətə çıxıb, amma onun 2006-cı ildən bu hüququ yaranıb, iddiaçının qazi olaraq qanunla müəyyən edilmiş üstünlük hüquqları var, cavabdeh şirkət iddiaçının müharibədə iştirak etdiyini 2017-ci ildən öyrəndiklərini bildirir, lakin bu belə deyil. Çünki istənilən şəxs işə qəbul olan zaman anket məlumatlarını doldurmalıdır, iddiaçı da cavabdeh şirkətə qəbul olan zaman müharibədə iştirak etdiyini anketdə qeyd etmişdir, yəni onların bunu bilməmək ehtimalı yoxdur, iddiaçı əvvəlki illərin məzuniyyət pulunu almaq hüququnu 2017-ci ildə öyrənib, əvvəlki illərin istifadə edilməmiş məzuniyyət pulunu almaq üçün cavabdehə müraciət etsə də cavabdeh həmin pulu verməkdən imtina edib.

22. Cavabdeh "xxxx" İB N.Nərimanov adına NQÇİ-in nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərərk qeyd etmişdir ki, iddiaçının müharibə veteranı olmasını 2017-ci ildə öyrənmişlər, iddiaçı müharibədə iştirak etməsinə dair sənədləri 2017-ci ildə təqdim etmiş, onlarda onun müharibədə iştirak etməsinə aid sənəd olmayıb, həmin ildən də ona məzuniyyət pulu verilir, iddiaçı göstərilənlərdən əlavə iddia müddətini ötürmüşdür.

23. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 nümayəndəsi Vəkil1 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, iddiaçının 2018-ci ildə müraciət etdiyini və ona cavab verildiyini, iddia müddətinin ötürüldüyünü bildirmiş və hazırkı işə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

24. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X5 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahat verərək iddiaçının cavabdeh şirkətdə 2006-cı ildən işlədiyini, qazi olduğunu, 2017-ci ildən iddiaçıya 46 gün olmaqla məzuniyyət pulu ödənildiyini, iddiaçının 2006-2017-ci illərin məzuniyyət pulunu tələb etdiyini və tələbində haqlı olduğunu bildirmiş, lakin iddia müddətinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər: 1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. ...4. Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir. 6. Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

26. Maddə 54. 1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ...bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını.

27. Maddə 110. 1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 113.3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

29. Maddə 135. 1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. 2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

30. Maddə 120. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, X3, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir

31. Maddə 296. 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

32. Maddə 296. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

33. Maddə 296. 6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

37. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

38. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

39. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

41. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

42. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

43. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

44. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Socar Cavabdeh2 N.Nərimanov adına NQÇİ arasında bağlanmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsi ilə iddiaçı N.Nərimanov adına NQÇİ-nin 1 saylı NQÇS-nə 3 dərəcəli neft, qazçıxarma üzrə operator peşəsinə işinə qəbul edilmişdir. Hazırda tərəflər arasında əmək münasibətləri davam edir. İddiaçı 2006-cı ildən 2017-ci ilədək məzuniyyət pulunun verilməsi ilə bağlı ARDNŞ-ə müraciət etmiş, xx.xx.2018-ci il tarixli məktubla ona yalnız onun xəsarət alması haqda rəsmi sənəd təqdim edildikdən sonra məzuniyyət müddətinin 46 gün hesablanmasının mümkün olmasına dair cavab verilmişdir. Bundan sonra iddiaçıya 46 günlük məzuniyyət 2017-ci ildən etibarən verilməyə başlanmışdır. İddiaçı hazırkı tələbi irəli sürərək 2016-cı ilədək verilməmiş məzuniyyət pullarının hesablanaraq ödənilməsini xahiş edir və cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

45. Konstitusiya Məhkəməsi Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilən mövqeyə əsasən, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil.

46. Məhkəmə ilk növbədə qeyd edir ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə faktiki hallar Əmək Məcəlləsinin 120-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşır.

47. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı qeyd edilən maddənin dispozisiya şərtlərində göstərilən “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilər” kateqoriyasına uyğun gəlir. Cavabdeh işçinin müharibə zamanı xəsarət alması barədə sənədi işə qəbul olarkən deyil yalnız xx.xx.2017-ci il tarixdə təqdim etməsini və həmin tarixdən sonra ona qaunla müəyyən edilmiş 46 günlük məzuniyyətin verildiyini bildirir.

48. Məhkəmə bununla bağlı qeyd edir ki, işçinin işə daxil olarkən Əli Bayramlı şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş M/V 050747 nömrəli “Qarabağ Müharibəsi” veteranları vəsiqəsini təqdim etməsi işin mübahisəsiz halıdır. Bundan başqa, Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

49. Göründüyü kimi, iddiaçının Əmək Məcəlləsinin 120 və 135.2-ci maddələrinə əsasən, 2006-2017-ci illər üçün istifadə edə bilmədiyi məzuniyyət haqlarının ona ödənilməsi barədə subyektiv hüququ olmuş və həmin hüquq işəgötürən tərəfindən pozulmuşdur.

50. Bununla belə, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehlər tərəfindən verilmiş ərizəyə münasibət bildirərək qeyd edir ki, iddiaçı ona 2005-2016-cı illər üçün istifadə edilməmiş məzuniyyət pulunun ödənilməməsi barədə işəgötürənə müvafiq arayışla 2017-ci il tarixdə müraciət etmiş və ona həmin tarixdən sonrakı uzadılmış məzuniyyət verilməyə başlanmış, daha sonra iddiaçı əvvəlki illərin istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi barədə müraciət etmiş, cavadeh tərəfindən xx.xx.2018-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilə bilməyəcəyi ona bildirilmişdir. Nəticədə iddiaçıya hüququnun pozulmasını 2018-ci il tarixdən məlum olmuşdur.

51. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü və 6-cı bəndlərinin tələblərindən göründüyü kimi, işçi pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün bir illik müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. İş materiallarından görünür ki, hazırkı mülki iş üzrə istifadə edilməmiş əmək məzuniyyətinin əvəzinə pul kompensasiyasının verilməsi ilə bağlı işçinin müraciətinə xx.xx.2018-ci il müddətində rəsmi cavab veriləsə də, iddiaçı istifadə edilməmiş məzuniyyətlərə görə pul tələbi ilə məhkəməyə heç bir müraciət etməmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan – xx.xx.2018-ci tarixdən 1 il ərzində məhkəməyə müraciət etməli olduğu halda bunu etməmişdir. Bundan başqa, məhkəmədə icraatı zamanı iddiaçı buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmiş və buraxılmış müddətin bərpasına əsas ola biləcək obyektiv halların mövcudluğunu sübut etməmişdir.

52. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 illik müddəti ötürdüyündən və cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verdikləri üçün iddia tələbi təmin edilməməlidir. Nəticə

53. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

54. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2nə və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2 N.Nərimanov adına NQÇİ-yə qarşı 2005-ci ildən 2016-ci il tarixə kimi istifadə etmədiyi məzuniyyət günlərinin hesablanaraq ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar