Məhkəmə qərarları › İş №2(002)-2282/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2282/2024

26.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2282/2024 26.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 2007-ci il təvəllüdlü X4, 31 mart 2009-cu il təvəllüdlü X2 və 21 sentyabr 2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış nikah 12 noyabr 2016-ci il tarixdə pozulmuşdur. Birgə nikahdan doğulmuş 01 sentyabr 2007-ci il təvəllüdlü X8, 31 mart 2009-cu il təvəllüdlü X6, 21 sentyabr 2012-ci il təvəllüdlü X7 adlı üç uşaqları var. Cavabdehlə ayrılmalarının səbəbi xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Bu səbəbdən də, hər zaman aralarında narazılıq, dava-dalaş olmuşdur. Aralarında olan narazılığa görə cavabdehlə ayrılmışlar. Cavadeh uşaqları ilə maraqlanmır, özü necə istəyir, elə də yaşayır. Uşaqlar onunla birlikdə və onun himayəsində yaşayırlar. Cavabdeh işləməklə müəyyən gəlirə malikdir. Cavabdeh könüllü olaraq heç bir yardım etmək istəmir. Neçə illərdir ki, uşaqları ata kimi özü saxlayır. Artıq uşaqları tək saxlamaqla çətinlik çəkir. Uşaqlar böyümüş, tələbatları çoxalmışdır. Cavabdeh isə özü üçün yaşayır, avtomobil almışdır və istifadə edir. Cavabdeh fərdi əməklə məşğuldur, Sədərək Ticarət Mərkəzində pərdə mağazası işlədir və öz dediyinə görə 800- 1.000 manata qədər gəlirə malikdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbində göstərilmişdir ki, guya onun aylıq gəliri 800-1.000 arasında dəyişir. Halbuki, bu barədə məhkəməyə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Lakin cavabdeh kimi bu etirazın əsası kimi məhkəməyə arayış təqdim edir ki, hazırkı vəziyyətdə o, “iş axtaran” vətəndaşlardan biridir. Bu da ondan irəli gəlir ki, onun aylıq gəliri iddiaçı tərəfindən göstərildiyi həddə deyil və hazırkı zaman etibarı ilə demək olar ki, yoxdur. Bundan başqa, Ailə Məcəlləsinin birbaşa olaraq özündə ümumiyyətlə alimentin minimum miqdarına dair hər hansı definisiya müəyyənləşdirilməmişdir. Əksinə, həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbətilə tənzimlənmişdir. Həmin Məcəllənin digər normalarında da alimentin miqdarının yaşayış minimumu ilə əlaqəli təyin olunmasını əks etdirən hər hansı qayda mövcud deyildir. Bununla belə əgər iddiaçının tələbi formal əsasına görə yalnız “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə qiymətləndirilərsə, bu hal Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü hissəsinə, 125-ci maddəsinin 7-ci hissəsinə və həmçinin Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə zidd olar. Beləliklə, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, göstərilən miqdarda aliment məbləğini ödəməyə maddi imkanı mövcud deyil. Hesab edir ki, hazırkı vəziyyətdə onun aliment ödəməməsi uşaqların saxlanılmasına heç bir mənfi təsir göstərməyəcəkdir. İddiaçının tələbi sadəcə qərəzlidir və sırf ona maddi və mənəvi zərər vurmaq məqsədini daşıyır. Bu baxımdan da, hazırkı iddia tələbinin uşaqlarının mənafeyi və saxlanılması məsələsi ilə heç bir əlaqəsi yoxdur. Odur ki, məhkəmədən iddiann rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-632/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı X5 qarşı “uşağın himayəyə verilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X2 atası İddiaçı himayəsinə verilməsi və İddiaçı yanında və himayəsində saxlanılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1385/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı “uşağın alınıb ona verilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü X4 atası İddiaçı himayəsinə verilməsi və İddiaçı yanında və himayəsində saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X3 atası İddiaçı alınaraq Cavabdeh himayəsinə verilməsi qət edilmiş, ilk iddia və qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-154/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “uşaq” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X3 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda sadalanan məhkəmə aktları ilə müəyyən edilmiş hallar aşkar olmaqla, onların hazırda mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bakı 14 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/14/2024-00303 saylı arayışından görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci, 10 manat poçtkargüzarlıq xidmətlərinə dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İşin faktiki hallarından görünür ki, cavabdeh iddia tələbini qəbul etmir. Cavabdeh hesab edir ki, iddiaçının uşaqlarını saxlaması üçün alimentə ehtiyacı yoxdur, iddia ona bu və ya digər şəkildə təsir edilməsi üçün verilmişdir. İddiaçı isə övladlarının saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini bildirir və bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirir, iddiaçı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında cavabdehdən aliment tələb edir. Məhkəmə vurğulayır ki, valideynlər uşaqlarına baxmağa, maddi və mənəvi qayğılarını qarşılamağa borcludurlar. Uşaqların qayğılarının həll edilməsi yükünün yalnız bir valideynin çiyinlərinə qoyulması qanuni və ədalətli deyil. Bu səbəbdən, məhkəmə cavabdehin iddiaçının məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etməkdə başqa məqsəd güddüyü barədə bildirdiklərini əsaslı saymır. Məhkəmə hesab edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsi verməkdə haqlı olsa da, alimentin 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu əsas götürülməklə tutulmasını tələb etməsini əsaslı saymır. Yuxarıda vurğulandığı kimi, hər iki valideyn uşaqlarına baxmağa, maddi və mənəvi qayğılarını qarşılamağa borcludurlar. Aliment təyin edilərkən, məhkəmə uşaqların mənafeyini ilə yanaşı, cavabdehin maddi vəziyyətini də nəzərə almalıdır. Digər tərəfdən, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 sentyabr 2007-ci il təvəllüdlü X4, 31 mart 2009-cu il təvəllüdlü X2 və 21 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 56 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Tələb edilmədiyindən ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçtkargüzarlıq xərci İddiaçı aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 sentyabr 2007-ci il təvəllüdlü X4, 31 mart 2009-cu il təvəllüdlü X2 və 21 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 56 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Tələb edilmədiyindən ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçtkargüzarlıq xərci İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar