Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2291/2022 31.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması və yaranmış aliment öhdəliyindən azad edilmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması və yaranmış aliment öhdəliyindən azad edilmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 154 manat məbləğində olan alimentin məbləğinin azaldılaraq 80 manat müəyyən edilməsi və xəsarət aldığı 2019-cu ilin iyul ayından bu günədək yaranmış 2.700 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə ondan aprel 2018-ci il tarixdən başlayaraq 154 manat məbləğində aliment tutularaq hazırkı iş üzrə Cavabdeh ilə rəsmi nikahlarından 22 may 2014-cü il tarixdə doğulmuş Zəhra adlı uşaqlarının saxlanılması üçün Cavabdeh verilməsi qət edilmişdir. O, çətinliklə olsa da həmin aliment öhdəliyini bir müddət ödəmişdir. Lakin 2019-cu ilin iyul ayında ağır yol qəzası keçirmişdir və 2 il yataq xəstəsi olmuşdur. Hazırda da xəstəliyi davam edir və iş qabiliyyəti yoxdur. Lakin buna baxmayaraq, Cavabdeh heç nə olmamış kimi öz çirkin niyyətlərini həyata keçirmək və borclandırmaq üçün aliment öhdəliyindən imtina etməmiş və onu borclandırmışdır. Hazırda yataqda olduğu müddətdən 2.000 manatdan artıq aliment borcu yaranmışdır. Bundan başqa, qeyd etmək istəyir ki, görmə əngəlli olduğu üçün 3-cü qrup əlildir və onun özünün yardıma ehtiyacı olduğu üçün dövlət tərəfindən ona hər ay 150 manat müavinət verilir ki, onunla da şəxsi tələbatlarını belə ödəmək olmur. Qayğı və diqqətə ehtiyac olduğu üçün ailə qurmuşdur və 2020-ci ildə Ayxan adlı bir uşağı da doğulmuşdur. Belə olan vəziyyətdə aliment öhdəliyini icra edə bilmir, yaranmış borcu ödəyə bilmir və istəmədən də olsa mübahisə yaranır. Bütün bunların düzəlişi kimi onun xəsarət aldığı 2019-cu ilin iyul ayından bu günə yaranmış aliment borcu silinməli və Qaradağ rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği azaldılaraq dövlət tərəfindən əlilliyinə görə verilən təqaüdə nisbətdə yönəldilməlidir. O, valideyndir, aliment öhdəliyindən yayınmır və hər ay 80 manat aliment ödəmək qabiliyyətinə malikdir. Çünki, onun heç yerdən gəliri yoxdur. Bundan başqa, onun ayağı şikəst və gözdən əlildir. Lakin o, öz qızına hər zaman öz köməkliyini göstərir. Digər gəlir yeri yoxdur. Onun ailə həyatı o qədər dəyişib ki, o, əvvəlki miqdarda təyin olunmuş aliment ödəyəndə, özünün yaşamasına, müalicəsinə və himayəsində olan azyaşlı uşağın belə kiçik təminatlarını ödəyə bilmir. O, vəziyyəti ilə əlaqədar məlumatlandıraraq maddi durumunu məhkəməyə bildirir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır və qəsdən alimentdən boyun qaçırmaq niyyəti güdür. Belə ki, onların 22 may 2014-cü il tarixdə Zəhra adlı bir uşaqları doğulmuşdur. İddiaçı ilə aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Uşaq hazırda onun himayəsində yaşayır. İddiaçı bir ata kimi uşağın saxlanmasına borcludur. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, 3-cü qrup əlildir və 2 ildir yataq xəstəsidir, hazırda xəstəliyi davam edir və iş qabiliyyəti yoxdur. Bütün bunlar yalandır və aliment ödəməkdən boyun qaçırmaq üçün uydurmuşdur. Belə ki, onlar məhkəmə qaydasında boşandıqdan sonra iddiaçı ailə qurmuşdur. 3-cü qrup əlil olsa da, «Bolt» şirkətində sürücü işləyir və gündəlik qazancı vardır. Həmçinin 3-cü qrup əlil kimi təqaüd alır. İddiaçının yataq xəstəsi olmasına dair iddia ərizəsində göstərdikləri tamamilə yalandır. Xəstə adam necə hazırda işləyə bilər? Hazırda bir uşağın yaşayış minimumu 193 manat olsa da, iddiaçı ona 154 manat pulu ödəmək belə istəmir. Qanunvericiliyə əsasən uşaqları saxlamaq hər iki valideynin borcudur. İddiaçı əsassız olaraq bu borcundan yayınmaq istəyir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1978/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, 26 aprel 2018-ci il tarixdən başlayaraq 22 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin 1 uşaqlarının olması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, hazırda işləmir, 2019-cu ildə baş vermiş qəza ilə bağlı həmin ildən yataq xəstəsidir, müalicə olunur, ikinci dəfə ailə qurmuşdur və 2020-ci ildə bir övladı da doğulmuşdur. Məhkəmə hesab edir ki, hər iki hal iddia tələbinin təmin edilməsi üçün yetərli əsas təşkil etmir. Birincisi, iddiaçı ikinci dəfə ailə qurarkən, birinci nikahdan övladının olduğunu, onun qayğılarının həll edilməsi kimi vəzifəsinin olduğunu, aliment öhdəliyi daşıdığını bilirdi. İddiaçının kifayət qədər gəliri mövcuddur ki, o, yuxarıda qeyd olunanları dərk edərək, yenidən ailə qurmuşdur. İkincisi, iddiaçının iddia ərizəsində və izahatında qeyd etdikləri təzadlıdır. O, 2019cu ildə baş vermiş qəza ilə əlaqədar yataq xəstəsi olduğunu qeyd etsə də, bu dövrdə yenidən ailə qurmuş və bir övladı da doğulmuşdur. Üçüncüsü, iddiaçı məhkəməyə epikriz təqdim etsə də, epikriz 31 iyul 2019-cu il tarixdən 15 avqust 2019-cu il tarixədək olan dövrü əhatə edir. Həmin epikrizdə qeyd olunan sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı ilə bağlı müalicə olunmuşdur. İddiaçı öz istəyi ilə avqust ayının ortalarında kafi vəziyyətdə evə yazılmışdır, ambulator müalicə, müşahidəyə göndərilmişdir. 2019-cu ildə alınmış qeyd olunan sınıq uzun müddət əvvəl sağalmışdır. 15 avqust 2019-cu il tarixdən sonra iddiaçının əmək qabiliyyətinin olmamasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı əmək fəaliyyəti ilə məşğul olmaq və gəlir əldə etmək imkanına malikdir. Göründüyü kimi, iddiaçı kifayət qədər uzun müddət ərzində aliment məbləğini tam şəkildə ödəməmişdir, halbuki aliment məbləğini ödəmək üçün kifayət qədər imkanları olmuşdur. Əks təqdirdə (gəliri olmasa idi) iddiaçı yenidən ailə qurmazdı, yeni ailəsini və 2020-ci ildə doğulmuş övladını maddi cəhətdən təmin edə bilməzdi. İddiaçı faktiki olaraq alimenti tam həcmdə ödəməkdən yayınmaq üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması və yaranmış aliment öhdəliyindən azad edilmə» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması və yaranmış aliment öhdəliyindən azad edilmə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2291/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2291/2022
31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver