Məhkəmə qərarları › İş №2(002)-2360/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2360/2021

18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2360/2021 18.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X11 qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı «yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan uşağa alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh qarşı « yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan uşağa alimentin ödənilməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh gəlirinin yarısı həddi buluğa çatmış əqli və fiziki qüsurlu ( eyni zamanda yataq xəstəsi olan) X3 üçün tutularaq onun anası və qəyyumu olan İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək, qətnamə ilə müəyyən edilmiş aliment tələbi artırılaraq hər ay 350 manat olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı X4 valideyinləri İddiaçı ilə Cavabdeh 14 oktyabr 1998-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar.Onların rəsmi nikahından 4 dekabr 1998-ci il təvəllüdlü X8, 25.07.2003-cü il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)1329/2017 saylı 10.03.2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh X5 yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan, anadangəlmə əqli və fiziki cəhətdən qüsurlu olan (eyni zamanda yataq xəstəsi), 04. 12.1998 -ci il təvəllüdlü X2 üçün hər ay 136,60 (yüz otuz altı manat, altmış qəpik) manat alimentin X10ma ödənilməsi Qət edilmişdir.Hal-hazırda X7 təyin edilmiş 136 manat aliment onun müalicə və qidalanması üçün azlıq təşkil edir və alimentin artırılması zərurəti yaranmışdır. Nigar Hacıyeva yataq xəstəsi olduğu üçün ona daima kənar şəxsin nəzarəti lazımdır. Bundan başqa Xəzər Rayon Məhkəməsinin 2(003)1590/2017 saylı, 30 may 2017-ci il tarixli qətnaməsi ilə 04 dekabr 2017-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında hər ay 136 manat aliment aldığını, cavabdehin əmək haqqının yarısını istədiyini cavabdehin 680 manat əmək haqqı aldığını və əlavə qazancının olduğunu aldığını, uşağının xəstəliyi ilə bağlı əlavə çox xərcinin olduğunu, özünün isə bütün bunların öhdəsindən təkbaşına gələ bilmədiyini, bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qismən qəbul edərək, alimentin məbləğinin artıralaraq, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində müəyyən edilməsinə etirazının olmadığını bildirərək, 680 manat maaş aldığını və iddia ərizəsində göstərilən məbləğlə razı olmadığını, iddiaçının özünün də işlədiyini, uşaqların heç o qədər xərcinin olmadığını, bildirərək, iddia tələbinin qismən təmine dilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 30.05.2017-ci il tarixli 2(003)- 1590/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi “ tələbinə dair iddiası təmin edilərək 04 dekabr 1998-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 10.03.2017-ci il tarixli 2(002)-1329/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh qarşı «yetkinlik yaşına çatmış əlil uşağa alimentin ödənilməsi “ tələbinə dair iddiası qismən təmin edilərək 09 fevral 2017-ci il tarixdən başlayaraq Cavabdeh əmək qabiliyyəti olmayan 04 dekabr 1998-ci il təvəllüdlü X4 saxlanılması üçün hər ay 136.6 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimenti məhkəmə hər ay ödənilən sabit pul məbləğində təyin etməklə yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün ödənilən alimentin miqdarını dəyişdirə və yaxud valideyni aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan olan əmək qabiliyyəti olmayan 04 dekabr 1998-ci il təvəllüdlü X8 anasının himayəsində olmaqla, müvafiq məhkəmə qətnaməsi əsasında həmin övladının saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 136.6 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı qedy edilən aliment məbləğinin uşağın ehtiyaclarının ödənilməsi üçün kifayət etmədiyini əsas gətirərək, həmin aliment məbləğinin artırılması tələbinə dair iddia tələbini irəli sürmüşdür. Həmçinin, iddiaçı iddia tələbinin əsası kimi müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin miqdarının uşağın saxlanması, habelə onun müalicəsi ilə bağlı zəruri olan tələbatlarının ödənilməsinə kifayət etməməsi halına istinad etmişdir. Bu halda, məhkəmə uşaqları tərbiyə etmək, qayğısına qalmaq, onları böyütmək hər iki valideynin borcu olduğu halda, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi halı qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verməsi halını, habelə uşağən sağlamlıq vəziyyətini və bundan irəli gələn zəruri ehtiyaclarının olması halını nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə alimentin artırılan miqdarının məbləğinin müəyyən edilməsi ilə bağlı hesab edir ki, iddiaçı uşağın aylıq xərcinin ödənilməsi üçün 350 manat məbləğində vəsaitin tələb edildiyini bildirsə də, həmin hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı, uşağın aylıq xərcinin məzh qeyd edilən məbləğdə olması halını müəyyən etmək mümkün olmamışdır. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, habelə yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan uşağın üstün mənafeyini, sağlamlıq vəziyyəti ilə bağlı zəruri ehtiyaclarının olması halını, əsas götürərək, hesab edir ki, müvafiq məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinın artıralaraq, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə müəyyən edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda ödənilməli olan dövlət rüsumunun qiyməti 30 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, hazırki iş alimentin tutulması haqqında iddianın qiymətinin 500 manatdan çox olduğunu nəzərə alaraq, habelə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh əmək qabiliyyəti olmayan 04 dekabr 1998ci il təvəllüdlü X1 üçün Qaradağ Rayon Məhkəməsinin 10.03.2017-ci il tarixli 2(002)-1329/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməli, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əmək qabiliyyəti olmayan 04 dekabr 1998-ci il təvəllüdlü X1 üçün Qaradağ Rayon Məhkəməsinin 10.03.2017-ci il tarixli 2(002)-1329/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar