Məhkəmə qərarları › İş №2(002)-2430/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2430/2022

07.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2430/2022 07.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçının iştirakları ilə, İddiaçının Cavabdeh MMC-ə qarşı «ödənilməmiş əmək haqqının tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının Cavabdeh MMC-ə qarşı «ödənilməmiş əmək haqqının tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 MMC tərəfindən ona ödənilməmiş 1 illik əmək haqqının və son haqqı hesabın və ödənilməmiş əmək haqqının ödənilməməsinə görə faizlərin hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi təqdim edərək, Cavabdeh MMC zavodunun təqdim etdiyi məbləğə əlavə olaraq 2020-ci il üçün məzuniyyət məbləğində hesablanıb əlavə edilməsini,3256.91 manat və əlavə 2020-ci ilin məzuniyyət pulunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu ildə "xxxx" ASC-də fəaliyyətə başlamış 2021ci ilə kimi Akkord MMC-in müxtəlif MMC və ASC-lərində işləmişdir.xx.xx.2019-cu ildən X10 MMC-də Ağlay sexində Operator vəzifəsində işə başlamışdır.xx.xx.2021-ci ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.Əmək Müqaviləsinə xitam verilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən o 1 illik əmək haqqı ödənilməmişdir.Dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh təşkilat əmək haqqını ödəmək niyyətində deyil.Bu qanunsuzluqla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttəşliyi xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir.X3 Bakı şəhər İdarəsindən xx.xx.2021-ci il tarixli **********1 saylı məktubu ilə ona cavab verərək bildirmişdilər ki,cavabdeh təşkilat barəsində xx.xx.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir.Qeyd edilənləri nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında onun barəsində olan son haqq-hesaba məzuniyyət pulunun aid olmadığını, bu barədə maliyyə işçisindən də şifahi eşitdiyini, ununla bağlı hər hansı sübutunun olmadığını bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə hazırlıq iclaslarında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, iddiaçıya son haqq hesabın ödənilmədiyini, son haqq hesabın məbləğinin 3256,91 manat olduğunu, iddiaçının nə zaman məzuniyyətə çıxması, nə zaman məzuniyyətdən qayıtması barədə məlumçatları ala bilmirik, çünki sistemləri bloklanıb, ona görə bu barədə məlumatlarının olmadığını, bu barədə həmin məzuniyyət pulunun da son haqq-hesaba daxil olduğunu, onlarda başqa məlumat olmadığını, başqa sənəd olmadığını, iddiaçıda varsa sənəd versin, onlar özləri də yenidən müəyyən edə biləcəklərini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ƏM040119.10 №li xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin məzmunundan görünür ki, X1 ilə “X9” MMC arasında əmək müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı oğli operator peşəsinə işə qəbul olunmuş, işə xx.xx.2019-cu il tarixdən başlamış, hər ay ştat cədvəlinə uyğun olaraq vergi və digər ödənişlər daxil olmaqla, 591 manat məbləğində əmək haqqı ödənilir. **********1 № li xx.xx.2021-ci il tarixli X6 Xidməti Bakı şəhər idarəsinin məktubunun məzmunundan görünür ki, X4 mürcaiətə baxılmış, "xxxx" MMC tərəfindən sənədlərin təqdim edilməsinə dair məktub ünvanladığını, lakin həmin sənədin təqdim edilmədiyini, təqdim edilmiş çıxarış sənədi əsasında ona son haqq-hesabın ödənilmədiyinin aşkar olunduğunu, direktor barəsində xx.xx.2021-ci il tarixli ******* nömərəli protokol tərtib edildiyini, qeyd edilənlərlə bağlı məhkəməyə mürcaiət edilməsi tövsiyə olunmuşdur. Cavabdeh MMC təərfindən verilmiş 20 sentyabr 2022-ci il traixli 95 №li məktubun məzmunundan görünür ki, İddiaçı 3256.91 manat ödənilməmiş əmək haqqı borcu qaldığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyasında əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 9-cu maddəsində nəzərdə tutulmuş işçinin malik olduğu hüquqlardan biri də qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ qeyd edilmişdir. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində göstərilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqqhesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Həmin Məcəllənin139.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Həmin Məcəllənin 172 1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.Qeyd hissəsində qeyd olunmuşdur ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələri də daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə “X8 MMC” arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanılmış və xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən çıxdığı gün onunla son haqq-hesab aparılmadığını, əmək haqqınn ona tam ödənilmədiyini əsas gətirərək, iddia tələbinin əsası kimi qeyd eidlən hallara istinad etmişdir. Cavabdeh tərəf iddia tələbində qeyd eidlmiş halları, habelə iddiaçıya son haqq-hesabın ödənilmədiyini, əmək haqqı üzrə iddiaçıya 3265.91 manat borc qaldığını qəbul etmiş, bu barədə yazılı ərizə təqdim etmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş X2 müvafiq məktubu, tərəflərin izahatı və digər mötəbər sübutlar əsasında müəyyən eidlmişdir ki, işəgötürən qimsində cavabdeh işçi qimsində iddiaçı ilə bağlanılmış əmək müqaviləsi üzrə öz öhdəliklərini lazimi qaydada icra etməmiş, işçiyə əmək haqqı məbləği lazimi qaydada ödənilməmiş, habelə işçi ilə son iş günü haqq-hesab edilməmişdir. Bununla da,məhkəmə araşıdrması zamnaı işəgötürən qimsində çıxış edən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9,83,87, 144,156,172,173-cü maddələrinin tələbləri pozulması halı müəyyən edilmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər (işəgötürən tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli məktubu və X6 tərəfindən hesablanmış son haqq-hesab sənədləri) əsasında müəyyən edilmişdir ki, işəgötürən qismində çıxış edən cavabdehin işçi qismində çıxış edən iddiaçı ilə bağlanılmış əmək müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu, lakin ödənilməyən son haqq-hesab üzrə ümumi ödənişin məbləği 3256.91 manat təşkil edir.İddiaçı ona ödənilməyən son haqq-hesab məbləğinə istifadə etmədiyi məzuniyyət günlərinin əvəzi olaraq müəyyən edilmiş kompensasiya məbləğinin aid edilmədiyini əsas gətirərək, məzuniyyət pulunun da ona ödənilməsini tələb etsə də, cavabdeh həmin pul məbləğinin də son haqq-hesab məbləğinə aid olduğunu bildirmişdir. İddiaçı tərəfindən qeyd edilən halın əksini sübut edən heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Bununla da məhkəmə araşdırması zamanı iddia tələbinin məzuniyyət pulunun ödənilməsi hissəsinə aid hissədə iddia tələbinin əsasının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə məhkəmə qeyd edilən halları əsas götürərək, əmək qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi ödənilməyən son haqq-hesab məbləğinin ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin faizlərin ödənilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, qeyd edilən hissədə Əmək Məcəlləsinin 172.5-ci maddəsinin dispoiztiv şərtləri müəyyən edilmədiyindən (işəgötürənin təqsiri müəyyən eidlmədiyindən) iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında ” Azərbaycan Respubikası 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi üzrə məhkəməyə verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, habelə iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilməli olan 52,57 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh MMC-dən işçiyə ödənilməyən əmək haqqı və son haqq-hesab məbləğinin əvəzi olaraq 3256.91 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir,iddia qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən işçiyə ödənilməyən əmək haqqı və son haqq-hesab məbləğinin əvəzi olaraq 3256.91 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın İş üzrə ödənilməli olan 52,57 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar