Məhkəmə qərarları › İş №2(002)-244/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-244/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-244/2024 28.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin 25 %-nin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında 26 yanvar 2016-cı il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində 24 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 yanvar 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan doğulmuş 23 mart 2017-ci il təvəllüdlü X4 adlı bir övladları var. Cavabdeh hərbi hissələrdən birində işləyir, bildiyinə görə cavabdehin əmək haqqı 2.000-2.800 manat arası dəyişir. Cavabdeh ona nə qədər əmək haqqı almasını demir və daim ondan gizlədir. Cavabdeh əvvəllər ona və övladına çox yaxşı baxırdı. Son aylar demək olar ki, onlara baxmır, evə heç nə almır və övladlarının heç bir tələbatını ödəmir. O, övladlarına baxdığı üçün işləyə bilmir. Onun heç bir yerdən gəliri yoxdur. İstəyir ki, cavabdehin əmək haqqının 25 %-i tutularaq aliment kimi ona ödənilsin. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə aralarında nikah 26 yanvar 2016-cı il tarixdə 24 saylı akt qeydi ilə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmışdır. İlk iddia üzrə iddiaçı aliment tələbini irəli sürərkən ailə münasibətlərinin artıq davam etmədiyini, uzun müddətdir ki, nikahlarının formal xarakter daşıdığı faktını məhkəmədən gizlətmişdir. Ona ünvanlanmış ünvan 1ubunda nikahın pozulması tələbi qeyd edilsə də, nədənsə ilk iddia üzrə iddiaçı məhkəmədə ona qarşı təkcə aliment tələbi irəli sürmüşdür. Əlavə olaraq qeyd edir ki, mediasiya təşkilatı ondan 60 manat mediasiya xərcini ödəməsini də tələb etmişdir. İlk növbədə məhkəmənin diqqətinə çatdırır ki, onların ailəsinin dağılmasının səbəbkarı da elə ilk iddia üzrə iddiaçının özü olmuşdur. İlk iddia üzrə iddiaçı onu əsassız olaraq polisə şikayət etmiş, ailəyə qarşı hörmətsizlik etmişdir. Atasına məxsus mənzili zəbt edərək, qanunsuz olaraq onları ora buraxmamışdır. O, hərbçi olduğu üçün onun və cavabdehin, hətta uşağın qeydiyyatı da Qaradağ rayonu Puta qəsəbəsi N saylı hərbi hissədir. Hal-hazırda nikah münasibətləri formal xarakter daşıyır. O, həmin şəxslə rəsmi nikahda qalmaq istəmir. Hesab edir ki, bundan sonra da ər-arvad kimi yaşamaları və ailənin mövcudluğunu saxlamaq qeyrimümkündür. Ailəni qoruyub saxlamaq üçün etdiyi cəhdlərin heç biri alınmamışdır. Cavabdehlə nikah münasibətlərinin gələcəkdə də davam etdirilməsi mümkün deyil. İddiaçı məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etdi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onlara 3 ay vaxt verilsə də, barışaraq ailəni bərpa etməmişlər. Hazırda nikahın pozulmasına razıdır. Məhkəmədən ilk iddianın və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, eləcə də, övladının nikah pozulandan sonra onun yanında saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında ilk iddianı qəbul etdi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və məhkəmədən ilk iddianın və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, 26 yanvar 2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 082568 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında nikah 26 yanvar 2016-cı il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində 24 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Hüseynzadə soyadı verilmişdir. 27 mart 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 921869 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 adlı bir övladları var. İlk iddia üzrə İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll olunmasına cəhd edərək, Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmiş, ilk iddia üzrə cavabdehə mediasiya barədə təklif göndərilmişdir. Bakı 13 saylı saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/132023- 01586 saylı “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışından görünür ki, ilk iddia üzrə İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlk iddia üzrə İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. İlk iddia ərizəsinə (aliment tutulmasına dair) münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdeh rəsmi şəkildə işləməklə, əmək haqqı alır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulmasına dair ilk iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümüd yoxdur. Tərəflərə verilmiş 3 ay müddət ərzində onlar barışaraq ailəni bərpa etməmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı nikahın pozulmasında təkid edir. Qarşılıqlı iddia üzrə cavabdeh hazırda iddianı etiraf edir. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmamış uşaq anasının yanında saxlanılmalıdır. Hazırda da uşaq faktiki olaraq anasının himayəsində yaşayır və cavabdeh uşağın iddiaçının yanında qalmasına etiraz etmir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 50 manat mediasiya xərci, qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. İlk iddia üzrə ödənilmiş 50 manat mediasiya xərci ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 26 yanvar 2016-cı il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində 24 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, xx.xx.2017-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmalıdır. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İlk iddia üzrə ödənilmiş 50 manat mediasiya xərci ilk iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 26 yanvar 2016-cı il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində 24 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2017-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılsın. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar