Məhkəmə qərarları › İş №2(002)-2460/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2460/2022

18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2460/2022 18.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, Cavabdeh ilə 28 aprel 2017-ci il tarixində toy edərək ailə qurmuşlar. Lakin aralarında olan nikah 26 may 2018-ci il tarixdə rəsmi qaydada qeyd edilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 may 2018-ci il tarixdə 1611 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 adlı bir uşaqları vardır. Cavabdehlə ilk vaxtlar mehriban yaşamışlar. Hətta onunla birlikdə vəsait sərf edərək, ünvan 1 ünvanında yerləşən mənzili alaraq ora köçüb birgə yaşamışlar. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh dini qruplaşmaya qoşularaq vahibiliklə məşğuldur. O cavabdehin fəaliyyətinin əleyhinə çıxaraq bu işdən əl çəkməsini ona dəfələrlə bildirmişdir. İddiaçı onun bu əməlini pisləyərək cavabdehi bu yoldan döndərə bilmədiyi üçün məcbur olub, ondan ayrılmaq qərarına gəlmişdir. Odur ki, 2019-cu ilin sonlarında ondan ayrılaraq uşaqları ilə valideynlərinin yanına gəlmişdir. O vaxtdan da valideynlərinin yanında yaşayır. Cavabdeh X8 uşağın saxlanılmasına dair aliment barədə aralarında razılaşma və ya hər hansı müqavilə olmamışdır. Cavabdehdən ayrıldıqdan sonra o uşağın saxlanmasında iştirak etməmişdir. Ondan ayrılıb valideynlərinin yanına gələndən bəri uşağını valideynlərinin maddi yardımı ilə saxlayır. Lakin cavabdeh bir dəfə də olsun uşağına maddi yardım göstərməmiş, hətta uşağı ilə maraqlanmamış, onunla ünsiyyət saxlamamışdır. Artıq uşaq böyüyür. Onun maddi ehtiyacları hər gün artır. Ona görə də cavabdeh uşağın saxlanmasında öz valideynlik vəzifəsini yerinə yetirərək aliment ödəməlidir. Cavabdehin rəsmi müqavilə ilə işlədiyi iş yeri vardır. Bundan əlavə o günəmuzd işləyərək pul qazanır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü uşağın X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləği ilə 300 manat aliment tutularaq İddiaçı ödənilməsi, alimentini tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh məhkəməyə etiraz təqdim edərək iddianın 300 manat alimentin ödənilməsi hissəsində əsassız olduğunu və tələbin qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, onun aylıq qazancı 600-800 manat aralığında dəyişir. Aylıq qazancı sabit deyil və işlədiyi günlərə nisbətdə qazancı dəyişir. Hal-hazırda ailənin yeganə qazanc gətirəni onun və ondan başqa ailədə çalışan yoxdur. Ailə 5 nəfər şəxsdən ibarətdir. Atasının dərman xərcləri 80 manat təşkil edir. Anası karpal tunel sindromu xəstəliyindən əziyyət çəkir və aylıq dərmanlarına 80-100 manat pul ödəyir. Lakin əvvələr günəmuzd işləyib əlavə qazanc əldə etmiş olsa da, hal-hazırda rəsmi iş yerindən başqa heç bir işdə işləmir və həmin aylıq məvacibindən başqa heç bir əlavə qazancı yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X9 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, cavabdeh X6 iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı çatmır. Bu səbəbdən o alimenti uşaqlar üçün yaşayış minimumu həddində, yəni hər ay 193 manat məbləğində ödəyə bilər. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qısmən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş 26 may 2018-ci il tarixli, AZ-İİ seriyalı, 273186 saylı nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 26 may 2018-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1611 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli, AZ-T 206511 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 09 mart 2018-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X3 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edir. Göstərilən Məcəllənin 100.2-ci maddəsinə uyğun olaraq, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq aliment ödəməyə qadir olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən alimentin tutulmasının başlanğıcı iddiaçının tələb etdiyi qayda ilə, yəni xx.xx.2022-ci il tarixdən hesablana bilməz. Çünki Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 43.16 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 11 avqust 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İş üzrə 43.16 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar