Məhkəmə qərarları › İş №2(002)-2488/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2488/2020

26.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2488/2020 26.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayədə olması faktının müəyyən edilməsi və aliment tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın himayədə olması faktının müəyyən edilməsi və aliment tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X2 iddiaçının himayəsində olması faktı müəyyən edilməklə uşağın yetkinlik yaşına çatana qədər, eləcə də Bakı Dövlət Universitetində təhsil aldığı müddət ərzində Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, cavabdehi 2000-ci ildən tanıyır, onunla faktiki münasibətlərindən xx.xx.2003-cü il təvəllüdlü X5 anadan olmuşdur, uşaq daimi olaraq özünün himayəsində olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1813/15 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 2003-cü il təvəllüdlü X2 atasının Cavabdeh olduğu müəyyən edilmişdir. X5 anadan olduqdan sonra bu günə kimi onun himayəsində olmaqla onu tək ana kimi saxlayıb böyütmüşdür. Cavabdeh qızlarının təminatı üçün mütəmadi olaraq hər ay müəyyən məbləğdə (son aylarda 200 manat) pul yardımı etmişdir. Ancaq cavabehin öz ailəsi olduğu üçün uşağın saxlanmasında heç bir mənəvi və faktiki iştirakı olmamışdır. O, Cəbrayıl rayonundan məcburi köçkün olmaqla hazırda qızı ilə yaşaması üçün ona məcburi köçkünlər üçün salınmış Qobu Park yaşayış massivində ikiotaqlı mənzil vermişlər, ana-bala bu mənzildə birlikdə yaşayırlar. Qızları bu il ödənişli əsaslarla Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuşdur. Bu fakt onun maddi məsuliyyətini artırır. O, orta məktəbdə müəllimə kimi işləyir, lakin aldığı maaş uşağı ilə onun dolanışıqlarına tam yetmir, xeyli çətinlikləri yaranır. Cavabdeh polis orqanlarında uzun müddət çalışmış və mayor rütbəsi ilə təqaüdə çıxmışdır. Cavabdeh təqaüdünün miqdarının 600 manat olduğunu söyləsə də, hesab edir ki, yüksək rütbəli zabit kimi təqaüdə çıxdığı üçün onun təqaüdünün məbləği 600 manatdan artıqdır. Hesab edir ki, cavabdehin aylıq qazancının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qızlarının daha əlverişli şəraitdə yaşaması və mükəmməl təhsil alması nöqteyi nəzərindən əhəmiyyətlidir. Hazırda o, məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, o, hazırda iddia tələblərini qismən qəbul edir. Belə ki, uşağın iddiaçının himayəsində olması faktını təsdiq edir və həmin tələbin təmin olunmasına razıdır. Lakin ailəli olduğuna, himayəsində yetkinlik yaşına çatmasına baxmayaraq iki xəstə övladının, həmçinin beş nəfər ailə üzvünün olmasına görə Fidanın yetkinlik yaşına çatana qədər iddiaçıya hər ay 200 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Fidanı çox istəyir, lakin ailə və maddi vəziyyəti ağır olduğuna görə aliment tələbinə qalan hissədə etiraz edir. Məhkəmə baxışı zamanı Cavabdeh vəkili X8 cavabdehin izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda qanunda cavabdehin aliment öhdəliyi uşağın 18 yaşına çatana kimidir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1970-ci il tarixdə Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Horovlu kəndində anadan olmuş İddiaçı ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.1988-ci ildən xx.xx.2020ci ilədək olan dövrə aid vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların v Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qaradağ rayon 2 saylı Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X1 rayonundan köçkün olmaqla Qaradağ rayonu, Lökbatan-2 yaşayış kompleksində bina 34 mənzil 15 ünvanında ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 571548 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bəylərova Fidanın atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1813/15 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2003-cü il təvəllüdlü X3 atasının Cavabdeh olması faktının müəyyən edilməsi, X3 adına yeni doğum akt qeydi aparılıb doğum haqqında şəhadətnamənin verilməsi, doğum akt qeydində doğum tarixinin xx xxxxxx 2003-cü il, soyadının Bəylərova, adının Fidan, atasının adının Qurban, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı, doğulduğu yerin Bakı şəhəri olmasının qeyd edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2003-cü il təvəllüdlü X2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində yazdığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, həqiqətən anası İddiaçı himayəsində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X7 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 899,80 manat məbləğində pensiya alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. bir uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflərin uşağın iddiaçının himayəsində olması faktının müəyyən edilməsi barəsində qarşılıqlı razılığı, uşağın yaşı, mənafeyi, faktiki anasının yanında yaşaması, aylıq qazanca malik valideynin qanunla müəyyən edilmiş aliment öhdəliyi nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, uşağın anasının himayəsində olması faktı müəyyən edilməli, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulması qət edilməlidir. Buna baxmayaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğu müəyyən edilmədiyindən, iddia tələbi alimentin uşağın yetkinlik yaşına çatdıqdan sonra ali təhsil aldığı dövr üçün müəyyən edilməsi hissəsində əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Qərarda qeyd olunur ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X2 anası İddiaçı himayəsində olması faktı müəyyən edilsin. xx xxxxxxx 2020-ci il tarixindən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar