Məhkəmə qərarları › İş №2(002)-2516/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2516/2024

03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2516/2024 03.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Tərəflərin xx.xx.2024-ci il tarixində doğulmuş X4 adlı bir övladı var: (Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İ 470139 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə; 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, AZ-İV 981268 nömrəli doğum haqqında şəhadətnamə) İddia tələbi

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay övladı 15 yanvar 2024-cü il təvəllüdlü X2 qulluğa görə 3 yaşınadək 100 manat və yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat sabit pul məbləğində alimentin və ödənilmiş 60 manat mediasiya xərcinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, İddiaçı 28 dekabr 2022-ci ildə Cavabdeh ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Ailə qurandan sonra 15 yanvar 2024-cü il təvəllüdlü övladı X5 dünyaya gəlib. Təqribən 3 aydır ki, cavabdehlə faktiki olaraq ayrılmış və övladı ilə bir yerdə ünvan 1 ünvanında yaşayır. Cavabdeh ailəsi və uşağı ilə maraqlanmır, onun saxlanması üçün heç bir maddi yardım etmir. Mütəmadı olaraq evdə dava-dalaş salır. Uşaq hazırda onun himayəsindədir. Cavabdeh hazırda Ramin adlı bir iş adamının şəxsi “MAN” markalı avtoqoşqusunda sürücü kimi çalışır, Gürcüstana və digər rayonlara yük daşımaqla ayda 4000 manat qazanc əldə edir.

4. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə, Azərbaycan Respublikasında 2024-cü il üçün “X6” Azərbaycan Respublikasının Qanununa və “Uşaq hüquqları haqqında” Qanununun 13-cü maddəsinə istinad etmişdir.

5. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdehlə rəsmi nikahı olmayıb. O, uşaqla maraqlanmır. Özü xəstədir, işləmir, anası ilə birlikdə yaşayır. Cavabdeh sürücü işləyir, işi ilə əlaqədar xarici ölkələrə gedir. Aylıq 4000 manat maaş alır. İddia tələbinin təmin edilməsini xahiş edir.

7. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Başqa nikahdan da uşağı var. Uşağı ilə maraqlanır. Özü işləmir, daimi iş yeri yoxdur, fəhləlik edir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyasının:

8. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

9. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın:

10. 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın:

11. 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:

12. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

13. 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

14. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

16. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

17. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

18. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

19. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

21. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

22. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

25. İddia qismən əsaslıdır.

26. Belə ki, hazırkı işin faktiki halları bundan ibarətdir ki, tərəflər faktiki nikah münasibətində olublar və birgə nikahdan doğulmuş Məsumə anasının yanında yaşayır, cavabdeh uşağın saxlanmasında iştirak etmir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə əsasən aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.

27. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi).

28. Həmin Qərarın 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.

30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

31. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. “Azərbaycan Respublikasında 2024-cü il üçün X6” Azərbaycan Respublikası Qanuna görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

32. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Hazırkı halda iddiaçının tələbi alimentin sabit pul məbləğində tutulması ilə bağlıdır və cavabdehin stabil qazancının olmasını məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

33. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırkı halda isə cavabdedhin qazancı barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir.

34. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iş üzrə cavabdehin daimi iş yerinin olması barədə sübutların təqdim edilməməsi və ölkə üzrə yaşayış minimumunu nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalı və Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.

35. Məhkəmə tutulacaq alimentin miqdarının müəyyən edilməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının aylıq qazancını və digər gəlirlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddiaçı tələbində hər ay cəmi 235 manat alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə araşdırması zamanı ərizə yazaraq alimenti 235 manat məbləğində ödəməyə hazır olduğunu bildirmişdir. Bu halda, cavabdehin maddi və ailə şəraitini uşaqların üstün mənafeyi ilə birlikdə nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın saxlanması üçün tələb həcmində, hər ay cəmi 235 manat sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulması iddia ərizəsinin verildiyi tarixdən hesablanmalıdır.

36. İddia tələbinin “tərəflərin birgə nikahdan olan uşağının üç yaşına çatanadək ana üçün 100 manat əlavə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” ilə bağlı hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin tələbin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin keçmiş ər-arvadın bir-biri qarşısında aliment öhdəlikləri ilə bağlı 85.1.1-ci maddəsidir. Həmin maddəyə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

37. Məhkəmə araşdırması zamanı iddiaçı nikahın ləğvindən sonra cavabdehin onun qarşısında aliment öhdəliyi daşıması zərurətini yaradan hallarla və cavabdehin buna zəruri vəsaitə malik olması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Elektron məhkəmə informasiya sistemində cavabdehin rəsmi iş yeri barədə məlumat aşkar edilməmişdir. İlk iddia üzrə. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi X1 3 yaşı tamam olanadək iddiaçının maddi təminatı kimi hər ay 100 manat alimentin tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə xərcləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

39. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

40. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

41. Həmin qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

42. Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, qeyd olunan hüquq normalarını əsas götürərək hesab edir ki, hazırkı iş üzrə ödənilməli olan 48.2 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir.

43. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

44. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı dövlət rüsumundan azad edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat ödəniş etmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

45. İddiaçının çəkdiyi mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı tələbinə münasibətdə məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyi üçün “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən 30 manat hissədə mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə

46. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment müəyyən edilərək, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş ödənilməli olan 48.20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməli, ilkin mediasiya sessiyası üçün ödənilmiş xərcin 30 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

47. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 10 iyul 2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddiaçının azad olunduğu 48.20 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İlkin mediasiya sessiyası üçün ödənilmiş xərcin 30 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar