Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2564/2023 02.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının vəkili Vəkil1, Cavabdeh, Cavadehin vəkili və nümayədəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Tərəflər arasında nikah 3 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 2674 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. Tərəflərin birgə nikahından bir övladları - X4 xx.xx.2022-ci il tarixində doğulmuşdur.
2. Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumata əsasən, Cavabdeh “X11” QSC-də maşinist işləyir, əmək haqqı 740 manat təşkil edir. İddia tələbi
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 avqust 2022-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatanədək saxlanılması üçün 01 sentyabr 2022ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 220 manat alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 oktyabr 2021-ci ildə 3 saylı Bakı "ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə yaşadığı müddətdə 12 avqust 2022-ci il təvəllüdlü X5 adlı uşagı doğulmuşdur. Oğlu Cahangir doğulduğu gündən 15 gün cavabdehlə birlikdə yaşamışlar, sonra avqust ayının sonunda ailələrinin məsləhəti ilə atası evinə qonaq gəlmişdir. Həmin tarixdən cavabdehlə ər-arvad münasibətləri tamamilə kəsilmiş, atası evindədir, oğlu Cahanğir onun yanına atasının himayəsində yaşayırlar. Cavabdeh həmin müddətdə ailəsi, uşağı ilə maraqlanmayıb. O heç bir yerdə işləmir, atasınının himayəsində oğlu Cahanğirlə birlikdǝ yaşayır. Cavabdeh Bakı şəhərində yaşayır, oğlunun saxlanılması üçün aliment ödəmir, oğlunu tək saxlamaqda çətinlik çəkir, ona görə də 12 avqust 2022-ci il təvəllüdlü oğlu X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 01 sentyabr 2022-ci li tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləgində alimentin onun xeyrimə tutulması barədə qətnamə çıxarılmasını istəyir. O aliment tələbi ilə bağlı Mediatora müraciət etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməyə dəvət edilsə də, ilkin mediasiya sessiyasında iştirak etmədi, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış verildi, o da məhkǝməyə müraciət etmək məcburiyyətində qalmışdır. «Azərbaycan Respublikasının 2023cü il üçün X3» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. O Cavabdeh şəxsiyyət vəsiqəsini əldə edə bilmir, cavabdehin saxsiyyət vəsiqəsinin cavabdehdən alınıb işə əlavə olunmasını xahiş edir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikasında 2023-cü il üçün “X3” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.
6. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verib iddia tələbini müdafiə edərək bildirdi ki, uşağın doğumundan bir il keçsə də cavabdeh tərəfindən alimentin ödənilməmişdir, iddiaçı uşağın doğulmasından qısa müddət sonra atasının evinə getmişdir və bu günə qədər də orada yaşayır, bu faktı qonşu və qohumların imzaladığı akt da təsdiq edir. İddiaçının vəkili bu müddət ərzində cavabdehin övladının saxlanmasında iştirak etmədiyini, bu səbəbdən cavabdehdən alimentin bir il əvvəlki tarixdən tutulmalı olmasını qeyd edərək, yaşayış minimumu nəzərə alınmaqla hər ay 220 manat alimentin tutulmasını xahiş etmiş, eyni zamanda alimentin məbləğinin tələbdə göstərilən məbləğdən aşağı olmamaq şərtilə cavabdehin qazancından hissə şəklində və ya sabit pul məbləğində tutulmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
8. İddiaçının nümayəndəsi X6 məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verib iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı onun qızıdır, bir ildir ki, onunla yaşayır, həmin müddət ərzində cavabdehin bir neçə dəfə uşağı görməyə gəldiyini, dörd dəfə isə 70 manat pul verdiyini təsdiq edir, lakin nəvəsinin müalicə xərclərini özü çəkmişdir. İddiaçının nümayəndəsi əlavə olaraq qeyd etdi ki, cavabdeh aliment ödəmək məqsədilə bank kartı nömrəsini vermələrini ondan xahiş etsə də, o özü buna yol verməmiş, imtina etmişdir, çünki düşünmüşdür ki, tərəflər barışarlar. Lakin artıq tərəflərin barışmasına ümid yoxdur və nikahın ləğvi barədə də iddia qaldırılacaqdır.
9. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul etdiyini, övladının saxlanması üçün aliment ödəməyə bir ata kimi hazır olduğunu bildirmiş, lakin bunun onun əmək haqqından hissə şəklində tutulmasını xahiş etmişdir. Cavabdeh əlavə olaraq iddiaçının valideynlərini görmək adı ilə atası evinə getdiyini, sonradan gəlmədiyini, ayrı yaşadıqları dövrdə də övladı ilə mütəmadi maraqlandığını, dəfələrlə onu görməyə getdiyini və hər gedişdə ona bazarlıq etdiyini, dörd dəfə 70 manat olmaqla aliment pulu göndərdiyini, uşağı ilə görüşə gedəndə hər dəfə iddiaçının atasının dava salaraq onu təhqir edib qovduqlarını, aliment ödəməsinə şərait yaratmadıqlarını, bank kartı verməkdən özlərinin imtina etdiyini bildirmişdir. Cavabdeh əlavə olaraq iddiaçı ilə münasibətlərinin yaxşı olduğu vaxt onun müalicəsi üçün xx.xx.2022-ci il tarixdə 10000 manat kredit götürdüyünü və hələ də həmin krediti ödədiyini bildirərək iddianın qismən təmin edilməsini xahiş etmişdir. 10.Cavadehin vəkili və nümayədəsi Vəkil2 məhkəmə iclasında iştirak edərək, alimentin bir il əvvəldən tutulmasına razı olmadığını, tərəflər arasında narazılığın qısa müddətdə yarandığını, lakin cavabdehin iddiaçını gətirmək üçün getsə də, iddiaçının öz arzusu ilə ailəsinə qayıtmadığını, ayrı yaşadıqları müddət ərzində isə cavabdehin uşağı ilə mütəmadi maraqlandığını, dəfələrlə onu görməyə getdiyini, hər gedişdə ona bazarlıq etdiyini, uşağın zəruri ehtiyaclarını aldığını, dörd dəfə 70 manat olmaqla aliment pulu göndərdiyini, bunu təsdiq edən çekləri, əlavə olaraq cavabdehin uşağı ilə görüşməsini təsdiq edən fotoşəkilləri iş materiallarına əlavə etdiklərini, göstərilənlərin cavabdehin aliment öhdəliklərinin icrasında yayınmadığını təsdiq etdiyini qeyd etmiş, eyni zamanda iddiaçı tərəfin özünün görüşlərə mane olmasının, cavabdehin iddiaçını qaytarmaq üçün gedəndə iddiaçının barışmadığını, uşağına baxması üçün cavabdehə uyğun şərait yaradılmamasının, dava salınmasının, bank kartı verilməməsinin nəzərə alınaraq alimentin bir il əvvəlki tarixdən tutulmasına etiraz etdiyini bildirmişdir. Cavabdehin vəkili alimentin məbləğinə münasibətdə uşağın saxlanmasının valideynlərdən hər ikisinin vəzifəsi olduğunu və cavabdehin stabil qazancı olduğundan ailə qanunvericiliyin tələbinə əsasən alimentin əmək haqqından hissə şəklində tutulmasını xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyasının
11. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 13.18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14.7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 15.19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin
16. 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
17. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. 76.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi.
20. 76.2-ci maddəsinə görə, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
21. 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
22. 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
23. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
24. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
25. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
28. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
32. İddia qismən əsaslıdır.
33. Belə ki, hazırkı işin müəyyən edilmiş halları bundan ibarətdir ki, tərəflərin birgə nikahlarından bir övladları var, nikah pozulmasa da tərəflər ayrı yaşayırlar. İddiaçı birgə nikahdan olan övladının saxlanmasında çətinlik çəkdiyini bildirərək, cavabdehdən aliment tutulmasını xahiş edir.
34. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə əsasən, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.
35. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi).
36. Həmin Qərarın 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
37. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.
39. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. “Azərbaycan Respublikasında 2023-cü il üçün X3” Azərbaycan Respublikası Qanuna görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
40. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment iki formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində.
41. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırkı halda isə məhkəmə cavabdehin əmək qabiliyyətli olmaqla işlədiyinə və aliment ödəmək imkanına malik olduğunu, cavabdehin alimentin onun əmək haqqından hissə şəklində tutulmasında təkid etməsini, iddiaçı tərəfin məhkəmə araşdırmasında verdiyi izahatında buna etiraz etməməsini nəzərə alır və ailə qanunvericliyinin tələbinə əsasən cavabdehin qazancı və başqa gəlirlərinin dörddə biri həddində, eyni zamanda əlavə olaraq sabit pul məbləğində tutulması qənaətinə gəlir. Belə ki, işdə olan sübutlarla cavabdehin əmək haqqının 740 manat olması müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə əsasən, valideynlərin qazancının hissəsi kimi tutlan aliment payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə cavabdehin qazancının bir uşağa görə 1/4 hissəsi miqdarında aliment tutulmalı olmasını və bu məbləğin yaşayış minimumundan aşağı təşkil etməsini, uşağın üstün mənafeyini, əvvəlki təminat səviyyəsinin saxlanmasını, həmçinin ölkə üzrə yaşayış minimumunu nəzərə alıb hesab edir ki, cavabdehdən əlavə olaraq 35 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.
42. Məhkəmə iddia tələbinin alimentin xx.xx.2022-ci il tarixdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, bu hissədə iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 100.3-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı tərəf sübut olaraq Fizuli rayon İHM-nin Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfində tərtib edilmiş akt təqdim edərək özünün uşağı ilə birlikdə xx.xx.2022-ci il tarixdən etibarən atasına məxsus evdə yaşadığını bildirmişdir.
43. Məhkəmə işin faktiki hallarının həmin yuxarıda qeyd edilən normanın dispozisiya şərtlərinə uyğunluğuna qiymət verərək qeyd edir ki, iddiaçının cavabdehdən ayrılaraq övladı ilə birlikdə valideynlərinin evində yaşaması halı təkzib edilməsə də, bu müddətdə iddiaçının alimenti tələb etməsi və cavabdehin uşağın saxlanmasından yayınması halı təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş aliment ödənilməsi barədə ödəniş qəbzləri, fotoşəkillər və hər iki tərəfin izahatı ilə cavabdehin vaxtaşırı övladına baş çəkməsi halı müəyyən edilmiş, eyni zamanda tərəflər arasında olan gərgin münasibətlər səbəbindən cavabdehin övladının saxlanması və tərbiyəsində iştirakının məhdudlaşdırılması halı iddiaçı tərəfindən inkar edilməmiş, belə ki, iddiaçının nümayəndəsi (atası) məhkəmə iclasında izahatında Cavabdeh ondan aliment ödəmək üçün bank kartı istədiyini, lakin kartı ona verməkdən könüllü imtina etdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixdən alimenti verməkdən boyun qaçırması və övladının saxlanmasından iştirak etməkdən yayınması halı sübuta yetirilmədiyindən iddia tələbi alimentin tutulmasının həmin tarixdən hesablanması hissəsində təmin edilməməlidir.
44. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, iş üzrə cavabdehin daimi iş yerinin olması barədə sübutların təqdim edilməsi və ölkə üzrə yaşayış minimumunu nəzərə alınaraq, tərəflərin birgə nikahlarından doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehin qazancının ¼ hissəsi və əlavə olaraq 35 manat sabit pul məbləğində aliment tutulmalı, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Məhkəmə xərcləri
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
46. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
47. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
48. Həmin qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
49. Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, qeyd olunan hüquq normalarını əsas götürərək hesab edir ki, hazırkı iş üzrə ödənilməli olan 46.4 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Nəticə
50. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment müəyyən edilərək hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsində aliment və əlavə olaraq 35 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş ödənilməli olan 46.4 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
51. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi məbləğində aliment və əlavə olaraq 35 (otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 28 iyul 2023-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan, iddiaçının azad edildiyi 46.4 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova