Məhkəmə qərarları › İş №2(002)-2637/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2637/2020

03.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2637/2020 03.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən alimentin sabit məbləğdə alınması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən alimentin sabit məbləğdə alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2008-ci ildə doğulmuş X1, xx.xx.2010-cu ildə doğulmuş X2 və xx.xx.2011-ci ildə doğulmuş X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 170 manat olmaqla, cəmi 510 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2008- ci ildə doğulmuş X1, xx.xx.2010-cu ildə doğulmuş X2 və xx.xx.2011-ci ildə doğulmuş X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin yarısı məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin qəbul edilməsindən müəyyən müddət keçmədən, vəkilinin onu başa salması əsasında öz ərizəsi ilə işdən çıxmışdır ki, aliment ödəməsin. İşdən çıxdıqdan sonra stabil olmayan müxtəlif məbləğdə aliment ödəmişdir. Onun hazırda böyük uşağı astma xəstəsidir, gözüdə 10% görür. 2-ci uşağı nevroloji xəstədir, balaca uşağı isə qan azdığından eziyyət çəkir. Uşaqlarının müalicəyə ehtiyacları var. Cavabdeh isə xx.xx.2019-cu ildən 3 uşağı atıb onun üstümə çıxıb gedib. Allah şahidi olsun ki, o gündən uşaqlarla maraqlanmır. O çox əziyyət çəkir, 3 əsgər böyüdür. Vəkili ona işdən çıxmasını və aliment ödəməkdən azad olmasını öyrətmişdir. Cavabdeh Dərin Özüllər zavodunda işləyirdi, indi isə çıxıb işdən fərdi qaydada Elektrik ustası işləyir və yüksək gəlirə malikdir. Belə ki, Azərbaycan Respublikasında 2020-cu il üçün “X7” Azərbaycan Respublikasının Qanununa əsasən əhalinin əsas sosial-demoqrafık qrupları üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. O isə hazırda 3 uşağa cəmi 100 manat aliment ala bilmir, cavabdeh alimenti özü nə vaxt istəsə o zaman ödəyir. O uşaqlara lazımınca baxa bilmir, qayğı göstərə bilmir. Onun uşaqları yoldaşlarından geri qalırlar, lazımi səviyyədə təhsil ala bilmirlər və onun da maddi imkanı olmadığı üçün uşaqların həm hazırlığına həm də, maddi tələləbatlarını ödəməyə gücü çatmır. Bu səbəbdən də, hər ay bir uşağa görə 170 manat sabit məbləğdə aliment kəsilməsi zərurəti yaranmışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasıni məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin aliment ödəməmək üçün işdən çıxdığını, lakin qeyri-rəsmi işlədiyini, yaxşı əmək haqqı aldığını, cavabdehin uşaqlarını saxlamaq üçün alimnet ödəməkdən yayaındığını, cavabdehdən fərqli olaraq özünün uşaqlarının onun himayəsində olmasından dolayı heç bir yerdə işləmədiyini əsas gətirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh öz izahatında heç bir yerdə işləmədiyini, maddi mimkanının yüksək olmadığını, indiyədək 6.000 manata qədər aliment ödədiyini, ödənişlərinin çekinin də hazırda onda olduğunu, iş tapa bilsə aliment məbləğini vaxtında ödəyəcəyini, hazırda aliment ödəyə bilmədiyini qeyd etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 430744 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 783259 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 155639 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş 2(002)-2162/2019 sayılı xx.xx.2019-cu il tarixli Qaradağ rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx xxxxx 2008-ci il tarixdə Bakı şəhər Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 158 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2008- ci ildə doğulmuş X1, xx.xx.2010-cu ildə doğulmuş X2 və xx.xx.2011-ci ildə doğulmuş X3 anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 360484 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2019-cu il tarixli Qaradağ rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. İş materiallarına əlavə edilmiş 2(002)-1810/2019 sayılı xx.xx.2019-cu il tarixli Qaradağ rayon Məhkəməsinin qətnaməsindən görünür ki, xx.xx.2008-ci təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin yarısı məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 3uşağının olması və yetkinlik yaşına çatmamış uşaqların anasının yanında qalması, həmçinin onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Qeyd edilən hüquq normasından görünür ki, alimentin miqdarı dəyişdirilməsinin əsası tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bu dəyişiklilər özünü tərəflərin birinin səhhəti, ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Məhkəmələr yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır. Bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq məhkəmə qətnaməsi əsasında cavbdehdən iddiaçının xeyrinə uşaqların saxlanması üçün hər ay qazancının və ya başqa gəlirlərinin yaraısı miqdarında alimentin ödənilməsi qət edilmişdir. İddiaçı cavabdehin işdən çıxdığını, artıq rəsmi iş yerinə, aylıq qazanca malik olmadığını əsas gətirərək, alimenti miqdarının dəyişdiirlərək, aylıq sabit pul məbləği şəklində müəyyən edilməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara idtinad etmişdir. Həmçinin, məhkəmə araşıdrması zamanı müəyyən edilmişdir ki, cavabdeh hazırda heç bir yerdə işləmir. Bu faktı hər iki tərəf təsdiq etməklə, qeyd olunan hal işin mübahisəsiz halıdır. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehin aylıq qazancını, gəlirlərini müəyyən etmək mümkün olmamışdır. Bu halda, məhkəmə cavabdehin maddi vəziyyətində baş vermis dəyişikliyin, onun hazırda heç bir yerdə işləməməsə halının, habelə onun aylıq qazancının və ya digər gəlirlərinin müəyyən edilməsinin mümkün olmamaması halının aşkar olmasını əsas götürərək, hesab edir ki, iddia tələbi alimentin sabit pul məbləğində müəyyən eidlməsi hissəsi ilə bağlı əsaslı olmaqla, bu hissədə təmin edilməlidir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, məhkəmə tutulacaq alimentin miqdarının müəyyən edilməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin təhlilindən görünür ki, uşaqları tərbiyə etmək, qayğısına qalmaq, onları böyütmək hər iki valideynin borcudur. Bu halda, məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarının müəyyən edilməsi zamanı uşaqları tərbiyə etməyin, qayğısına qalmağın, onları böyütməyin hər iki valideynin borcu olması halının, habelə alimenti ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin hazırki həyat şəraiti, maddi vəziyyətini və digər diqqətəlayiq halların gələcəkdə məhkəmə qətnaməsinin icrasının qeyri-mümkünlüyünə təsir etdiyindən həmin halların nəzərə alınması məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə qeyd olunan halları nəzərə alaraq, tutulacaq alimentin miqdarı və məbləğinə münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə üzrə cavabdehdən birgə nikahdan olan övladlarının saxlanması üçün hər ay bir uşaq üçün 130 manat, cəmi 390 manat sabit pul məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün X7” Azərbaycan Respublikası Qanuna görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq uşaqların üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(002)-1810/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(002)- 1810/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar