Məhkəmə qərarları › İş №2(002)-2663/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2663/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2663/2025 19.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin; xx.xx.2024-cü il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq 100 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 1982 saylı akt qeydi ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X5 adlı bir övladları var. Cavabdeh uşağın maddi xərcləri ilə maraqlanmır. Ailəsinin dağılmasını istəmir deyə, boşanmaq üçün məhkəməyə müraciət etməmişdir. Aliment tələbi ilə bağlı Bakı 21 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, övladına aliment ödəməkdən imtina etmir. Lakin hər ay 200 manat sabit pul məbləğində aliment tutulmasına etiraz etmir. Özü işsizdir. Lakin qalan hissədə iddianı qəbul etmir. Belə ki, övladına əlavə aliment ödəməyə, eləcə də, uşağın üç yaşına çatanadək iddiaçıya pul ödəmək iqtidarında deyil. Bu səbəbdən, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, mülki işə hazırki məhkəmə iclasında cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 485834 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 03 iyul 2023-cü il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 1982 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Abasova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X5 adlı bir övladları var. Bakı 21 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/21/2025-00021 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 10.00-10:30-a təyin edilmiş mediasiya prosesinə gəlsə də, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçının bildirdiyinə görə, cavabdeh övladının saxlanılması üçün maddi yardım göstərmir. Bu səbəbdən, iddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında cavabdehdən aliment tələb edir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə 8.4-1-ci bənd əlavə edilmişdir. 8.4-1-ci bənddə formalaşdırılmış hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məlumdur ki, ölkə üzrə müəyyən edilən minimum əmək haqqı 2025-ci il üçün 400 manat təşkil edir. Hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə 13 iyun 2025-ci il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, aliment təyin edilərkən 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, bir uşağa görə 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,615 mislində (246 manat / 400 manat = 0,615 misli) aliment tutulmalıdır. Eləcə də, alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən başlanmalı, sonrakı artımlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246 manat / 400 manat = 0,615 misli) sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 98,56 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1, 84.2, 84.2.2-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehin buna zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh işsizdir və cavabdehin maddi vəziyyəti ondan iddiaçının xeyrinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2, 84.2.2-ci maddəsinə əsasən aliment tutulmasına imkan vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246 manat / 400 manat = 0,615 misli) sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 98,56 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar