Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-270/2023 18.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «əlavə xərclərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «əlavə xərclərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 01 avqust 2004-cü il təvəllüdlü İddiaçı1 Universiteti bitirmə müddəti – yəni 5 il (əlavə 2 il) ərzində Hüseynin sağlamlığının məhdud olması səbəbindən hər ay sabit pul məbləğində 1.250 manat əlavə xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edərək ailə qurmuşdur. Cavabdeh onun doğma əmisi oğludur. Mərhum atası X3 və anası X1 cavabdeh olan Cavabdeh anası öldüyünə görə 9-cu sinifdə oxuyarkən, cavabdehi qeyri-rəsmi himayələrinə götürmüşlər. Səbəb isə əmisinin övladlarına sahib çıxmamasıdır. Bundan sonra atası və anası cavabdehi hazırlıqlara qoyaraq oxutmuşlar, maddi və mənəvi cəhətdən cavabdehə sahib çıxmışlar, sonunda cavabdehi Hərbi Akademiyada oxutmuşlar və cavabdeh təhsilini bitirərək, zabit kimi işləməyə davam etmişdir. Cavabeh Cavabdeh ali məktəbi bitirdikdən sonra el adəti ilə toy edərək evlənmişlər. Birgə nikahlarından 01 avqust 2004-cü il təvəllüdlü bir övladları, yəni digər İddiaçı1 doğulmuşdur. Sonradan, Cavabdeh başqa qadınlarla ona xəyanət etmiş, uşağına ata olaraq sahib çıxmamış, ailədə hər dəfə yersiz davalar yaratmış, bir sözlə nankorluq etmiş və ən sonunda hazırda evli olduğu qadın Cavabdeh hamilə qalmışdır, onunla birgə nikahda ola-ola. Onun da razılığı olaraq və elə bir adamla evli qalmamaq üçün vaxt istəmədən bir dəfə məhkəmə baxışında iştirak edərək məhkəmə qətnaməsi ilə boşanmışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları rəsmi qaydada pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən, birgə nikahdan doğulmuş 01 avqust 2004-cü il təvəllüdlü İddiaçı1 onun himayəsində qalmış və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh əmək haqqının 1/4 hissəsinin tutularaq, ona verilməsi qət olunmuşdur. Onların evlilikləri qohum evliliyi olduğuna görə (əmi oğlu - əmi qızı) övladları İddiaçı1 anadan gəlmə nal böyrəkdir, xəstədir, davamlı olaraq müayinə və müalicə altındadır. Uşağının bütün xərclərini valideynləri çəkmişdir. Alimenti belə şikayətlərlə güc-bəla ilə almışdır. Hazırda atası vəfat etmişdir. Anası xəstədir və maddi gəliri yoxdur. İddiaçı1 18 yaşı 1 avqust tarixdə tamam olmuşdur. Lakin övladı böyrək xəstəsi olduğuna görə fiziki cəhətdən yorulmaması, orqanizmində müəyyən faizlərin xəstəliyi səbəbindən yüksəlməməsi üçün həkimlər tərəfindən daha diqqətli olmaları bildirilmişdir. İddiaçı1 Türkiyə Respublikası Ankara Universitetinin Hüquq fakültəsini qazanıb. İlk kurs 20.000 türk lirəsi ilə təhsil haqqı ödənişini etmişlər, hazırda bu ildən 40.000 türk lirəsi (təhsil haqqı 4.400 manat) təşkil edir. Həmin məbləği ödəyə bilmirlər. Hüseynin kirayəsi, dərs ləvazimatları, geyim, günlük xərclik pulu, elektrik, su, qaz və digər xərclərin ödənişinə hər ay 2.500 manat pul xərcləmişlər. Hazırda uşağının həm gələcəyi, həm sağlamlığı üçün bir ata kimi maddi dəstək olması cavabdehin borcudur. Hüseynin ilk kursunun bütün xərclərini, təhsil haqqını mərhum atası ödəmişdir. Atası anidən vəfat etdiyinə görə, o, heç yerdə işləmədiyi üçün və Hüseynin əmək qabiliyyəti olmadığından, böyrəyi xəstə olduğu səbəbindən və tələbə olaraq saat 9da dərs başlayıb saat 5-ə kimi dərs müddəti olduğundan və zehni cəhətdən yorulduğundan və saat vaxtı olmadığından və ən əsası əmək qabiliyyəti olmadığından, yəni xəstə olduğundan heç bir yerdə işləyə bilməz və özünə maddi cəhətdan baxa bilməsi qeyri-mümkündür. Çünkü tələbədir, həm də sağlamlığı məhduddur. Hazırda cavabdehdən İddiaçı1 Universiteti bitirmə vaxtınadək ümumi 7 il – 5 il oxuma müddəti (2 il Universitet tərəfindən verilən azami süre, yəni müddət) və davamlı müalicəsi üçün əlavə xərclərin ödəməsini tələb edirlər. 18 yaşı tamam olsa da, 5 il ərzində (əlavə 2 il də nəzərə alınmaqla) İddiaçı1 Universiteti bitirənədək əlavə xərclərin ödənilməsini, yəni hər ay sabit pul məbləğində 700 manat ödəməsini xahiş edirlər. Cavabdeh Bakı səhəri Dövlət Sərhəd Xidmətində İdarədə işləyir, əmək haqqı yüksəkdir, gəliri, maddi imkanı var, öz uşağına maddi dəstək olması üçün dəfələrlə özünə şəxsən demişdir ki, usağa ata ol, heç olmasa bu dəfə övladına atalıq et. Qohumlar hər biri cavabdehə bildirsə də, sonuncu uşağına maddi dəstək olmaqdan imtina etmiş, «mənə nə, oxumasın, xəstə olsun, mənim başqa uşaqlarım var» deyərək, öz övladına hər zamankı kimi sahib çıxmayaraq rədd etmişdir. Onlar da bu səbəbdən məcburiyyət qarşısında qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonradan, İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, məhkəməyə təqdim edilən iddia ərizəsini birlikdə imzalasalar da, iddia ərizəsindəki tələblərin İddiaçı1 tərəfindən irəli sürüldüyünü bildirmişdir. Lakin iddiaçılar siyahısından çıxarılmasını xahiş etməmişdir. Daha sonra, İddiaçı1 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Cavabdeh qarşı verdiyi əlavə xərclərlə bağlı tələbinə dair iddia ərizəsini müdafiə edir. İddia ərizəsi onun tərəfindən yazılmışdır, iddia ərizəsindəki imza ona aiddir. Tələbədir, Ankara Universitetinin hüquq fakültəsinin tələbəsidir. Anadangəlmə böyrək xəstəsidir, nal böyrək olaraq doğulmuşdur. Həm oxumaq, həm işləmək onun xəstəliyinin daha da ağırlaşmasına səbəb ola bilər. Cavabdeh indiyə kimi ona atalıq etməmişdir. Hazırda maddi dəstəyə ehtiyacı var. Anası İddiaçı2 təkbaşına onun maddi və mənəvi qayğılarını qarşılamağa çalışır. Maddi cəhətdən çox çətinlik çəkirlər. O, uşaq deyil, öz hüquqlarını bilir və dərk edir. Babası vəfat edənə kimi maddi cəhətdən ona dəstək vermiş, anasına, ona arxa, dayaq olmuşdur. Babası vəfat etdiyinə görə, anası tək qadın olaraq maddi gücü olmadığına görə məcbur qalaraq, məhkəməyə müraciət etmişlər. Ona görə də, iddianın tam şəkildə təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə müvafiq qaydada xəbər verilmiş, lakin iş üzrə iddiaçı, digər İddiaçı1 nümayəndəsi İddiaçı2 məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məlumat verməmiş, işin təxirə alınmasını xahiş etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı, digər İddiaçı1 nümayəndəsi İddiaçı2 öncəki məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin və onun məhkəmə iclasına gələ bilmədiyini qeyd edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları vəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş: - 23 sentyabr 2004-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 297601 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 01 avqust 2004-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı2dır. - 19 iyun 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 082135 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı2 arasında olan nikah pozulmuş və bu barədə 19 iyun 2008-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 83 saylı akt qeydi aparılmışdır. Nikah pozulandan sonra qadına Abbasova soyadı verilmişdir. - Tibbi sənədlərdən görünür ki, İddiaçı1 böyrək xəstəliyindən əziyyət çəkir. - Ankara Universitetinin 2021-ci il üçün xarici tələbə yerləşdirmə sənədindən və tələbə barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 həmin Universitetin Hüquq fakültəsinə qəbul olunmuşdur. - xx.xx.2022-ci il tarixli 03893 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı2 xx.xx.2022-ci il tarixdə saat 12:00-da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - xx.xx.2023-cü il tarixli MŞG/1-00 1112 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə saat 12:30-da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur, həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü Məhəmməd, xx.xx.2011-ci il təvəllüdlü Mirvarixanım, xx.xx.2015-ci il təvəllüdlü Mədinə adlı üç uşağı var. Təqdim olunmuş tibbi sənədlərdən görünür ki, cavabdeh onurğanın yayılmış osteoxondrozundan və s. xəstəliklərdən əziyyət çəkir. 18 mart 2015-ci il tarixli İK-255-İ saylı alğı-satqı və ipoteka müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" ASCdən 300 ay müddətinə illik 4 % hesablanmaqla 42.000 manat ipoteka krediti almışdır və 01 iyun 2027-ci il tarixədək hər ay cədvəldə təsbit olunmuş məbləğdə ödənişləri icra etməlidir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında (Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair) qeyd olunmuşdur ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. «Təhsil haqqında» Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. «Uşaq hüquqları haqqında» Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri «Təhsil haqqında» Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi, cavabdehdən ödənişli təhsillə bağlı vəsait tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «əlavə xərclərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat və 55 manat mediasiya xərcləri iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «əlavə xərclərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 manat və 55 manat mediasiya xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-270/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-270/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver