Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-273/2022 01.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş övladları 20.08.2010-cu il təvəllüdlü X1 və 08.07.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o- İddiaçı cavabdeh Məmişova (Camoyeva) Gülsabah Elxan qızı ilə 15.12.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdu. Onların birgə nikahdan 20 avqust 2010-cu il təvəllüdlü Nigar və 08 iyul 2012-ci il təvəllüdlü Xavər adlı övladları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(002)- 2690/2021 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikahın pozulması, 20 avqust 2010-cu il təvəllüdlü X1 və 08 iyul 2012-ci il təvəllüdlü X2 onun himayəsində və yanında saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Cavabdehlə birgə nikahdan olan övladlarının saxlanılmasında çətinlik çəkir və hesab edir ki, övladlarının saxlanması üçün cavabdeh da, maddi cəhətdən köməklik göstərməlidir. Qanunun tələbinə müvafiq olaraq, mediasiya qurumuna müraciət etsə də, mübahisənin məhkəmədən kənar həlli yolu mümkün olmamışdır Cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını istəyir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında hal-hazırda işləmədiyini, lakin iki uşağa cəmi 100 manat aliment ödəyə biləcəyini bildirərək, iddianın qismən-təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-2690/2021 saylı, 20.09.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 15.12.2009-cu il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 1063 saylı akt qeydi ilə bağlanmış nihakın pozulması, 20.08.2010-cu il təvəllüdlü X3 və 08.07.2012-ci il təvəllüdlü X2 İddiaçı himayəsində və yanında saxlanması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 468763 və AZ-İİ seriyalı 897420 nömrəli doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan 20.08.2010-cu il təvəllüdlü X3 və 08.07.2012-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Resbuplikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzinin 17.01.2022-ci il tarixli arayışından görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində Cavabdeh adına “Əmək müqaviləsi bildirişi” aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05.11.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayışdan görünür ki,tərəflər aralarında olan ailə mübahisəsi ilə bağlı ilkin mediasiya sessiyası prosesi keçirilmişdir. İş materiallarından göründüyü kimi tərəflər arasında olan nikahın pozulması və birgə nikahdan olan yetkinlik yaşına çatmayan iki uşaqlarının olması işin mübahisəsiz hallarıdır. Məhkəmə iclasında təqdim edilmiş sübutlar, iddiaçının izahatı ilə müəyyən edildi ki, iddiaçı cavabdehdən onun xeyrinə uşaqlar yetkinlik yaşına çatanadək hər ay bir uşağa 200 manat olmaqla iki uşağa 400 manat sabit pul məbləğində aliment təyin edilməsini tələb edir. Cavabdeh isə iddianın qismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Məhkəmə işin hallarını, uşaqların əsaslı mənafeyini, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, aliment sabit pul məbləğində, bir uşaq üçün 90, iki uşaq üçün 180 manat məbləğində təyin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Qeyd edilənləri, uşaqların əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 20.08.2010-cu il təvəllüdlü X3 və 08.07.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 29.11.2021-ci il tarixdən başlayaraq, hər ay bir uşağa 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20.08.2010-cu il təvəllüdlü X1 və 08.07.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29.11.2021-ci il tarixdən başlayaraq, hər ay bir uşağa 90(doxsan) manat olmaqla cəmi 180(yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-273/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-273/2022
01.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver