Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2907/2024 17.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 dekabr 2021-ci il tarixdə faktiki nikaha daxil olmuşdur, nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 adlı bir övladları var. Cavabdehlə hazırda ayrılmışdır və uşaq onun himayəsində yaşayır. Lakin cavabdeh könüllü olaraq uşağına heç bir maddi yardım göstərmir, uşağı ilə maraqlanmır. O isə uşağı tək saxlayır və böyük çətinlik çəkir. Uşaq körpə olduğundan heç bir yerdə işləyə bilmir. Hazırda da ikinci uşağa hamilədir. Cavabdeh işləyir və kifayət qədər gəlirə malikdir. Hesab edir ki, cavabdeh də bir ata kimi uşağına aliment ödəməlidir. Aliment tələbinə dair mediasiya təşkilatına müraciət etmişdir, cavabdehin ilk mediasiya sessiyasında iştirak etməməsi barədə arayış alınmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, hazırda Cəlilabad rayon Bələdiyyəsində kargüzar vəzifəsində işləyir. Orta aylıq əmək haqqı 405 manat təşkil edir. Bu səbəbdən iddiaçıya bir uşağa görə hər ay sabit pul məbləğində 200 manat aliment ödəyə bilər. Ona görə də məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, iddiaçının yanında azyaşlı uşağı olduğuna görə hazırkı işə Qaradağ Rayon Məhkəməsində baxılmasına etiraz etmir. Ona görə də işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinə münasibət bildirilmədən geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 806962 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2022ci il tarixdə Cəlilabad şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Qaradağ rayon İHB-nin Puta qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, İddiaçı övladı ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatsız yaşayır. 3 nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2024-cü il tarixli 52 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 14 həftə 1 gün hamiləlik diaqnozu ilə həmin xəstəxananın İİ şöbəsinin qadın məsləhətxanasında qeydiyyata alınmışdır. Halhazırda 28 həftə 4 gün hamiləlik dönəmindədir. Bakı 9 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00942 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 13.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı işsiz olduğundan ödəniş etməmişdir. DOST xidmətindən işsiz olması barədə arayış təqdim olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçının bildirdiyinə görə cavabdeh övladının saxlanılması üçün aliment ödəmir. Bu səbəbdən, iddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında cavabdehdən aliment tələb edir. Cavabdeh övladının saxlanması üçün indiyə qədər könüllü şəkildə vəsait ödəməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 48 manat 20 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı alimentin 2024-cü il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan daha çox tutulmasını tələb etsə də, cavabdehin həmin həddə aliment ödəmək imkanına malik olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, aliment təyin edilərkən, uşağın mənafeyi ilə yanaşı, cavabdehin maddi vəziyyəti də nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 48 manat 20 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2907/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2907/2024
17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver