Məhkəmə qərarları › İş №2(002)-2935/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2935/2022

28.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2935/2022 28.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, Ərizəçi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsini maraqlı şəxs qismində cəlb etməklə çıxarışın ləğv edilməsi və əmlak üzərində pay bölgüsünün müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsini maraqlı şəxs qismində cəlb etməklə çıxarışın ləğv edilməsi və əmlak üzərində pay bölgüsünün müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu 8 sayli Dövlət Notariat Kontorunda olan X5 tərəfindən təqdim olunmuş vərəsəliklə bağlı sənədlərin hamısını və ünvan 1 ünvanı üçün alınmış evin Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən alınmış çıxarışını məhkəməyə təqdim olunmasına kömək edilməsinə, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsinindən ünvan 2 ünvanıda X2 (X1 yaşayış yerindən Arayış) dünyasını dəyişən zaman və sonra o evdə kimlərin yaşaması əks etdirən son yaşayış yerindən Arayışın və ünvan 2 ünvanıda X2 adına olan ORDERİN əslinin məhkəməyə təqdim olunmasına kömək edilməsini, Bakı şəhəri Qaradağ rayon 126 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi X4 və digər şəxslərin bu prosesdə qeyriqanuni iştirakını araşdırıb hüququ qiymət verilməsini və barəsində qərardad qəbul olunmasını, Qardağ rayonu Qızıldaş qəsəbəsi ev 24 mənzil, 2 ünvanı üçün alınmış evin Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən alınmış çıxarışının ləğv edilməsi və X2 adına çıxarışının verilməsi ilə barədə, Ərizəçi-özünün Qardağ rayonu Qızıldaş qəsəbəsi ev 24 mənzil, 2 ünvanmda olan haqqının və payının əldə edilməsi və ona çatacaq hissənin təmin edilməsi ilə əlaqadar qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmunu təsbit olunmuşdur: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.5-ci maddələrində göstərilir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Belə ki, ərizəçi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsini maraqlı şəxs qismində cəlb etməklə çıxarışın ləğv edilməsi və əmlak üzərində pay bölgüsünün müəyyən edilməsinə dair tələbi ilə müraciət etmişdir. Ərizənin məzmunundan görünür ki, ərizəçinin tələbi çıxarışın ləğv edilməsindən ibarətdir, həmçinin ərizənin məzmunundan göründüyü kimi, hüquq haqqında mübahisə var. Məhkəmə qeyd edir ki, ilk öncə ərizəçinin tələbinə xüsusi icraat qaydasında baxıla bilməz, həm onun tələbi qanunvericiliyə əsasən xüsusi icraat qaydasında baxılmalı olan işlərin kateqoriyasına daxil deyil, eyni zamanda müvafiq mübahisə predmeti barəsində(evə kimin adına dair çıxarışın verilməsi) mübahisənin olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.Həmçinin də əlavə olaraq məhkəmə qeyd edir ki, hal-hazırki vəziyyətdə ərizəçi ərizəsində və ona əlavə olunmuş sənədlərdə X3( ərizəçi ərizəsində hüququnu pozan şəxs olduğuna iddia etsə də cavabdeh qismində cəlb etməmişdir) adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə (mülki-hüquqi əqdlərin-alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) istinad etmədiyindən və xüsusilə, ərizəsndə dövlət orqanı olan 126 saylı Mənzil-Kommunal İstismar Sahəsinin qanunsuz aktlarına və hərəkətlərinə istinad etdiyindən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması şübhə doğurur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinin tələbinə əsasən Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; 305.1.5. itirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı); 305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; 305.1.7. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında; 305.1.8. notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə;AM 1 305.1.9. övladlığa götürmə haqqında ərizələrə. 305.1.10. şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında; 305.1.11. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında; 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; 305.1.13. şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında; 305.1.14. terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında; 305.1.15. bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında; 305.1.16. yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında. 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 nömrəli Qərarınını 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki,.Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. Hazırkı iddia ərizəsindən göründüyü kimi, iddia ərizəsi (ərizə) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149, 150-ci maddələrində təsbit olunan qaydalara əməl edilməmişdir. İddia ərizəsi (ərizə) prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən sözü gedən nöqsanlar aradan qaldırılması üçün iddia ərizəsi (ərizə) və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsini maraqlı şəxs qismində cəlb etməklə çıxarışın ləğv edilməsi və əmlak üzərində pay bölgüsünün müəyyən edilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və 100(yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar