Məhkəmə qərarları › İş №2(002)-294/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-294/2021

01.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-294/2021 01.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “hesablanmamış əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “hesablanmamış əmək haqqının ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 07.01.2013-cü il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qazma məhlulları üzrə sahə mütəxəssisi vəzifəsinə təyin olunub. 14.05.2020-ci il tarixdə bu vəzifədən əsassız olaraq ixtisarla azad olunub. İşlədiyi dövr ərzində, yəni 2013cü il yanvar ayından 2014-cü ilin aprel ayına qədər 911 manat, 2014-cü ilin aprel ayından 2017-ci ilin oktyabr ayına qədər 1400 manat, 2017-ci ilin oktyabr ayından 2020-ci ilin may ayına qədər 1912 manat aylıq əmək haqqı alıb. Lakin 2013-cü ilin yanvar ayından 2017-ci ilin mart ayına qədər Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən dənizdə işlədiyinə görə qanunvericiliklə nəzərdə tutulmuş əmsal ödənilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsi müəyyən edir ki, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 avqust 2002ci il tarixli, 137 nömrəli “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərar qəbul edilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı həmin qərarın tələblərini 2013-cü ilin yanvar ayından 2017-ci ilin mart ayına qədər pozmuşdur. 2017-ci ilin mart ayında göstərilən məbləğlər əmək haqqında əlavə olunmuşdur. Zərərli iş şəraitinə görə aylıq əmək haqqının 4 faizi, dənizdə işə görə aylıq əmək haqqının 1.75 faizi, gecə növbəsində işə görə 20,40 faiz məbləğində artım hesablanmalı idi. 2013-cü ilin yanvar ayından 2014-cü ilin aprel ayına qədər hər 3 hal üzrə ödənilməmiş əmək haqqının miqdarı 13528.35 manat təşkil edir. 2014-cü ilin aprel ayı daxil olmaqla 2017-ci ilin mart ayı da daxil olmaqla hər 3 hal üzrə ödənilməmiş əmək haqqının miqdarı 49896 manat təşkil edir. Ümumilikdə bu məbləğ 63424.35 manat təşkil edir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinə müraciət edilib və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı bu sahədə olan qanunvericiliyin tələblərini kobud surətdə pozmuş və bu baxımdan onların barəsində İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü hissəsi ilə inzibati tənbeh etmə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 166-cı maddəsi müəyyən edir ki, gecə yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla, işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək və iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək izahatında göstərdi ki, iddiaçı iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı 2013- 2017-ci illərdə aylıq olaraq əmək haqqı almışdır və hər ay əmək haqqı alarkən, əgər qeyd etdiyi kimi az əmək haqqı almışdısa və ya əmək haqqına əlavəni almamışdırsa, həmin ay üçün əmək haqqını aldığı an bu hüquq pozuntusu ona aşkar olmuşdur. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək hüququ məhz natamam əmək haqqını aldığı anda yaranmışdı. Beləliklə, qeyd edilən hüquq əmək haqqını aldığı gün yaranmış və həmin gündən etibarən bir il ərzində mövcud olmuşdur. İddiaçının iddia müddətinin axımının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 18 avqust 2020-ci il tarixli məktubu aldığı anda yaranması yəni, İddiaçının əmək haqqına əlavələrinin alınması barədə hüququnun olması barədə yalnız bu məktubla aşkar olunması həqiqəti əks etdirmir. Belə ki, İddiaçı üç ildən artıqdır ki, hər ay əmək haqqının açıqlamasını alırdı və o bu açıqlamaya əsasən ona qanunvericiliyə əsasən hansı ödənişlərin almalı olması aydın idi. Əlavə olaraq da, aşkar olunma dedikdə hüququ pozulan şəxsin hüququnun pozulduğunu yalnız bildiyi deyil həmçinin bilməli olduğu gün başa düşülür. İddiaçının iddia müddətinin axımının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin cavab məktubundan sonra başlanmasının əsassız və qanunsuz olduğu həm də ondan aydındır ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinin tələbinə əsasən iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsi əmək mübahisəsinə baxan orqan dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətini nəzərdə tutmur. Belə ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Beləliklə, Əmək Məcəlləsinin 294-cü maddəsinin 4cü hissəsinin tələbi ilə iddia müddəti müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradıldığı halda bu orqanın qərarı qəbul etdiyi gündən başlayır. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialında belə bir orqan olmamışdır. Beləliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti fərdi əmək mübahisəsinə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqan deyildir. Bu baxımdan da iddia müddətinin axımı bu orqanın şikayətçiyə ünvanlanan məktubunun təqdim edildiyi tarixdən başlanıla bilməz. Əlavə olaraq da hüquq pozuntusunun guya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən müraciətinə cavab verilərkən aydın olması halı iddia müddətinin axımının başlanğıcı tarixindən başlansaydı bu hal sui-istifadə hallarına gətirib çıxara bilərdi. Belə ki, iddia müddətini ötürmüş hər bir şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət edə və cavab aldıqdan sonra iddia müddətinin axımın başlanılmasını tələb edə bilər. Eyni halla bu məhkəmə işində rastlaşırıq. 7 il keçdikdən sonra Əmək müfəttişliyinə müraciət olunur və guya onun cavabı ilə hüquq İddiaçıya aydın olur. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 noyabr 2008-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. X3 7 il sonra müraciət olunub və onun qərarının aldığı aldan iddia müddətinin axımın başlanılmasına yol verilsəydi, əlbəttə ki, sui-istifadə hallarına yol aça bilərdi. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stany Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddiaçı 2013-2017-ci illərdə dənizdə işlədiyini və bu müddət üzrə əlavə ödənişlərin ödənilmədiyini iddia edir. Qanunvericiliyin tələbi ilə bu müddətə iddia müddəti tətbiq edilməsəsydi, 7 il əvvəldən başlayaraq işçinin həqiqətən dənizdə işləyibişləməməsi, işlədiyi günlərin sayı və s. kimi halları sübut etmək üçün mötəbər sübutları əldə etmək də qeyri mümkün olardı. Buna görə də iddiaçı qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürdüyündən iddia tələbi rədd edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı əmək mübahisəsi ilə bağlı işəgötürənin hərəkətlərində hansı qanun pozuntusunun olmasını öyrənmək məqsədilə ilkin olaraq bu sahədə ixtisaslaşmış, dövlət nəzarətini həyata keçirən bir qurma- X2 Xidmətinə müraciət etdiyini, Xidmətdən cavab aldıqdan dərhal sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, beləliklə, heç bir müddət pozuntusu olmadığını göstərsə də bu dəlillər əsaslı hesab edilə və müddətin üzrlü səbəbdən ötürülməsi kimi qəbul edilə bilməz. Çünki, iddiaçının əmək müfəttişliyinə müraciət etməli kimi bir imperativ tələb nəzərdə tutulmamışdır. İddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həlli zamanı Əmək Məcəlləsində göstərilmış gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulubpozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil. Azərbaycan Respublikası MPM-in 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası MM-in 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli (dərci 29 dekabr 2001-ci il) qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək etmək: mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin ,qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. MM-in 377-ci maddəsinin 1-ci hissəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçının izahatında da göründüyü kimi İddiaçı 2013-cü ilin yanvar ayından 2017-ci ilin mart ayına qədər aylıq əmək haqqı almış, lakin müvafiq əlavələr əmək haqqına əlavə olunmamışdır. 2017-ci ilin mart ayında göstərilən məbləğlər əmək haqqında əlavə olunmuşdur. Beləliklə, İddiaçının öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gün müvafiq illərin müvafiq ayları üzrə əmək haqlarını aldığı vaxt olmuşdur və iddia müddətinin axımı məhz əmək haqqı alınan müvafiq aylarda başlanmışdır. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən iddia ərizəsi üzrə iddia müddətinin buraxılması ilə verildiyi üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin iddia müddətinin bərpa olmasına dair məhkəməyə müraciət edilməmişdir. Beləliklə “hesablanmamış əmək haqqının ödənilməsi” tələbi üzrə iddia müddəti ötürülmüşdür. Ona görə də, iddiaçının, cavabdehə qarşı iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi, iddiaçı hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni 1 il müddətində məhkəməyə müraciət edə bilərdi, lakin etməmişdir. Beləliklə, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “hesablanmamış əmək haqqının ödənilməsi” tələbi iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “hesablanmamış əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar