Məhkəmə qərarları › İş №2(002)-3018/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3018/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3018/2023 19.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin onu xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 10 avqust 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan üç uşaqları doğulmuşdur. xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7. Cavabdeh Xəzər Dəniz Neft Donanmasında baş köməkçi vəzifəsində işləyir, yüksək əmək haqqı alır. Lakin buna baxmayaraq uşaqların saxlanılması üçün heç bir köməklik etmir. O isə uşaqları tək saxlamaqda çətinlik çəkir. Hazırda uşaqların məktəbli dövrləri olduğu üçün onlar üçün zəruri xərclərin olması hamıya bəlli olan haldır. O isə uşaqların zəruri ehtiyaclarını və onların saxlanılması üçün maddi çətinlik çəkir. Buna baxmayaraq cavabdeh uşaqların saxlanılması üçün heç bir köməklik göstərmir. Əlavə olaraq bildirir ki, uşaqların problemləri var, mütamadi olaraq müayinə və müalicəyə ehtiyacları vardır. Cavabdeh heç bir köməklik göstərmədiyindən artıq məhkəmə qaydasında müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 10 avqust 2010-cu il tarixli, 042 akt qeydi ilə qeydə alınmış nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 10 avqust 2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində 042 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ № 354229 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2014-cü il tarixdə Bakı şəhərində X6 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ № 954127 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci il tarixdə Bakı şəhərində X7 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İİİ № 059597 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2012-ci il tarixdə Bakı şəhərində X4 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumatlarından görünür ki, Cavabdeh Azərbaycan Xəzər Dəniz X5 Cəmiyyətində kapitan işləyir və aylıq olaraq 2060.0 manat əmək haqqı alır. İş materiallarında olan Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01195 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. İstinad edilən maddi normalara görə tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment məhkəməyə müraciət edilən, yəni xx.xx.2023-cü il tarixdən etibarən tutulmalıdır. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun qazancının yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.2-ci maddəsinə müvafiq olaraq iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində pul ödənilmiş, lakin iddiaçı həmin məbləği tələb etmədiyindən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh 127.08 manat dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsini və MPM-in 112.1.3-cü, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun qazancının yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Aliment məhkəməyə müraciət edilən, yəni xx.xx.2023-cü il tarixdən etibarən tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 127.08 manat dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar