Məhkəmə qərarları › İş №2(002)-308/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-308/2024

07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-308/2024 07.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1594/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X11 ilə X9 arasında 20 sentyabr 2011-ci tarixdə Qaradağ rayonu Qeydiyyat şöbəsində 1034 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X12 iddiaçı X6 himayəsində və yanında saxlanılması, cavabdeh X3 xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 xeyrinə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 188719/2021-34-11 №-li məktubdan görünür ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-1594/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iki uşağın saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq X3 hər ay hər uşağa görə 130 manat cəmi 390 manat sabit pul məbləğində aliment alınaraq xeyrinə ödənilməlidir. İddia tələbi

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı nəvələri xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 maddi təminatının həyata keçirilməsi üçün aliment ödənilməsinə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o xx.xx.2011-ci il tarixdə nikahını dövlət qeydiyyatından keçirməklə cavabdehə ərə getmişdir. Həmin nikahdan xx.xx.2011-ci ildə oğlu X8, xx.xx.2012-ci ildə X4 və xx.xx.2013-cü ildə qızı X12 anadan olmuşlar. Nikahı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1594/2021 saylı qətnaməsi ilə pozulmuş, uşaqları xx.xx.2011-ci il təvəllüdlü oğlu X8, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü qızı X12 onun himayəsində saxlanılmış və uşaqların maddi təminatını həyata keçirmək üçün hər uşağa görə sabit pul məbləğində ayda 130 manat olmaqla, cəmisi 390 manatın sabit pul məbləğində iş üzrə cavabdeh X3 alınaraq ona verilməsi qət olunmuşdur. Nikahı pozulandan sonra və ondan əvvəlki illərdə hazırki cavabdehlərin övladı X9 uşaqlarının saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməmiş və hazırda da Qaradağ rayon İcra Şöbəsinin verdiyi arayışdan görünür ki, ölkə hüdudlarından kənarda olduğuna görə barəsində axtarış qərarı qəbul edilərək Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Beləliklə, o üç azyaşlı uşağın saxlanması üçün kifayət qədər əziyyət çəkir, uşaqların ataları X5 valideynləri olan cavabdehlər isə uşaqların maddi təminatını qismən həyata keçirməyə belə səy göstərmirlər. İndi onun uşaqlarının həyatda qalması Uca Tanrının və onun valideynlərinin ümidinə qalmışdır, özü isə işləyərək 400 manata yaxın əmək haqqı alır ki, bu da uşaqların maddi təminatına kifayət etmir. Ona görə də məcbur olub uşaqların atalarının məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəmədiyinə görə qanunla nəzərdə tutulan formada onun valideynlərindən aliment tutularaq uşaqların saxlanmasına yönəldilməsi barədə məhkəməyə müraciət etməyə məcburdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Ona məlum olduğu qədər Cavabdeh1 əvvəllər neft sahəsində çalışdığından normal məbləğdə qazanca malikdir, Cavabdeh2 isə əmək fəaliyyəti ilə məşğul olub əmək haqqı alır. Hesab edir ki, qanunun nəzərdə tutduğu hallarda (mövcud vəziyyətdə) onların övladları olan X9 azyaşlı uşaqlarının saxlanması üçün aliment ödəmək imkanına malik olduğu halda bunu etmədikdə, həmin aliment babanın və nənənin ödəməsi öhdəliyi yaranır.

5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə istinad etmişdir.

6. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verib iddia tələbini müdafiə edərək, keçmiş həyat yoldaşının 8000 manat aliment borcu olduğunu, aliment ödəmədiyini, keçmiş qayınatası və qayınanasının pensiya aldıqlarını, özünün 428 manat əmək haqqı aldığını və kirayədə yaşadığını bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh1 məhkəmə hazırlıq iclaslarında iştirak edərək iddia tələbini qəbul etmədiyini, iddiaçının onun keçmiş gəlini olduğunu, özünü dolandırmaqda çətinlik çəkdiyini, pensiya aldığını, yoldaşının əmək haqqının aşağı olduğunu, oğlunun barəsində alimentin tutulmasına dair qətnamə olduğunu, oğlunun işlədikcə borcunu verəcəyini bildirmişdir.

9. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyasının:

10. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın:

12. 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:

13. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

14. 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

15. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

16. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

17. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

20. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

21. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

22. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

25. İddia əsassızdır.

26. Qanunvericiliyin qeyd olunan normasının məzmunundan aydın olur ki, maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr nənə və babadan aliment almaq hüququna o halda malik olurlar ki, onların özlərini saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməməli və nənə-baba həmin alimenti ödəmək üçün zəruri vəsaitə malik olması halı mövcud olsun. Başqa sözlə, yetkinlik yaşına çatmayan nəvələrin özlərini saxlamaq üçün nənə-babasından aliment almaq hüququ qeyd edilən şərtlər, yəni öz valideynlərindən maddi təminat ala bilməməsi və nənə-babanın bunun üçün zəruri vəsaitə malik olması kimi şərtlər mövcud olduqda yaranır. Göründüyü kimi, bu hüququn yaranma əsası qanunvericilikdə imperativ norma kimi qeyd olunmuşdur.

27. Məhkəmə hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 3 uşağının olması və yetkinlik yaşına çatmamış uşaqların analarının yanında qalması, həmçinin onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.

28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan 3 övladı xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X12 hazırda da iddiaçının himayəsində olmaqla, onunla birgə yaşayırlar. İddiaçı müvafiq məhkəmə qətnaməsi ilə təyin edilmiş 390 manat məbləğində alimentin hər ay vaxtlıvaxtında verilmədiyindən, uşaqları saxlamaqda çətinlik çəkməsi, nənə-babasının təqaüd aldığından, uşaqları saxlamaqda maddi köməklik göstərmələri üçün məhkəməyə belə bir tələb irəli sürmək məcburiyyətində qaldığını bildirmişdir.

29. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi uşaqların atası tərəfindən alimentin mütəmadi ödənilməməsini, nənə-babanın zəruri vəsaitə malik olması halına istinad edərək uşaqların saxlanması üçün nənə və babasından aliment alınması tələbini irəli sürsə də, qeyd olunan hallara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

30. Bununla yanaşı, məhkəmə araşdırması zamanı uşaqların atasının aliment öhdəliyi ilə bağlı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən İcra İşi əldə edilərək araşdırılmışdır. Həmin icra işinin materiallarından görünür ki, tələbkar İddiaçı xx.xx.2022-ci il tarixli ərizə yazaraq borclu X9 tərəfindən aliment borcundan 3210 manat xeyrinə ödənilməsi ilə əlaqədar aralarında razılıq əldə edildiyini, borclunun könüllü olaraq ailəsinə yardım etdiyini bildirmiş, bu səbəbdən borclu barəsində görülmüş icra tədbirlərinin ləğv edilməsini və göstərilənlərə əsasən icra sənədinin Qaradağ Rayon Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.

31. Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə icra sənədi “İcra Haqqında” Qanunun 23.1.1-ci maddələrinə əsasən geri qaytarılmışdır. Odur ki, bununla bağlı

32. Həmçinin, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, onun oğlu müvafiq məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən heç vaxt yayınmamışdır, sadəcə maddi imkanları olmadığından, hamısını bir dəfəyə ödəyə bilməmiş, hissə-hissə ödəmişdir.

33. Göründüyü kimi, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1594/2021-012 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra tədbirləri tələbkarın öz ərizəsinə əsasən dayandırılmış və icra sənədi məhkəməyə geri qaytarılmışdır. Belə olan halda, iddiaçının uşaqların atası tərəfindən alimentin qərəzli şəkildə ödənilməməsi və uşaqların öz valideynlərindən maddi yardım ala bilməməli hazırkı işin halları üzrə təsdiqini tapmır.

34. Bundan əlavə, cavabdehlərdən Cavabdeh2 oğlu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində işləməklə aylıq əmək haqqı 416,85 manat təşkil edir. Cavabdeh1 isə yaşa görə 337,77 manat pensiya alır. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğlər cavabdehlərin yaşamaları üçün kifayət qədər aşağı olmaqla, yaşayış minimumumuna (2024-cü il üzrə əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat) yaxın məbləğlərdir. Cavabdehlərin əlavə yüksək gəlirinin olması ilə bağlı sübutlar məhkəmə araşdırması zamanı təqdim edilməmişdir.

35. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, habelə ailə qanunvericiliyinin tələbinə əsasən nəvələrin özlərini saxlamaq üçün nənə-babasından aliment almaq hüququnun yaranma əsaslarının mövcudluğu öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə xərcləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

37. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

38. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

39. Həmin qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

40. Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın rədd edilməsini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülə bilməz. Nəticə

41. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment» barədə iddia tələbi rədd edilməlidir.

42. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı nəvələri xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 maddi təminatının həyata keçirilməsi üçün aliment ödənilməsinə cəlb edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar