Məhkəmə qərarları › İş №2(002)-3099/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3099/2022

08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3099/2022 08.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yetkinlik yaşına çatmış övladın valideynlərini saxlamaq üçün aliment və əlavə xərclərdə iştirakı tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yetkinlik yaşına çatmış övladın valideynlərini saxlamaq üçün aliment və əlavə xərclərdə iştirakı tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü övladları Cavabdeh atası İddiaçı2 və anası İddiaçı1 saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 izahat verərək bildirdi ki, övladı Cavabdeh xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Valideynləri olaraq cavabdehi fəhləliklə, borc-xərclə böyüdüb başa çatdırmışlar, sonra da xahişlə gül satışı mağazasına satıcı kimi işə düzəltmişlər. Təzə vaxtlarda nümunəvi övlad kimi evə bazarlıq edir, dərmanlarını alırdı. Lakin son dövrlərdə o, aylıq məvacib alsa da, tamamilə pulunu kənara, naməlum istiqamətlərə xərcləyir və onlara yardım etməkdən imtina edir. Onun digər iddiaçı ilə birgə hər hansı gəliri yoxdur, işləmirlər, pensiya almırlar. Digər iddiaçı ağır xəstədir, əmək qabiliyyəti yoxdur. Bəzi tələbatlarını qızı və kürəkəni təmin edir. Cavabdehlə aralarında olan ailə münasibətləri əvvəllər normal olsa da, sonradan gərginləşmişdir. Belə ki, cavabdeh işləyib qazansa da, təsərrüfat xərclərinə, dərmanlarına və ərzaqlarına köməklik etmir. Həmçinin bildirir ki, cavabdehin etirazını nəzərə alaraq, hər valideynə görə aylıq 75 manat olmaqla, ümumilikdə onlara 150 manatın tutulmasına razıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Digər İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, kəskin təzyiq xəstəsi olduğundan mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və hər valideyninə görə 75 manat olmaqla, hər ay ümumilikdə 150 manat məbləğində alimentin ondan tutulmasına razı olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, tərəflərlə qohum olmaqla münasibətləri yaxşıdır. İddiaçılar uzun müddətdir ki, işləmir, gəlirləri yoxdur, Elman təzyiq xəstəsidir, vəziyyəti ağırdır, iddiaçıların maddi yardıma ehtiyacı vardır. Cavabdeh əvvəllər iddiaçılara yardım edirdi, sonradan isə səhlənkarlıq etməyə başlamışdır. Cavabdeh isə rəsmi olaraq 300 manat əmək haqqı alır, başqa qazancı yoxdur. Məhkəmə, izahatları və şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan XİV-JQ seriyalı, 388657 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu ildə anadan olmuş Cavabdeh valideynləri İddiaçı1 və İddiaçı2dur. İş materiallarında olan Qaradağ rayonu 13 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 389 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3a, mənzil 31-də yaşayan 1959-cu il təvəllüdlü İddiaçı2 xx.xx.2022-ci il tarixdə baş ağrısı şikayəti ilə poliklinikaya müraciət etmiş, ona arterial hipertenziya İİİ dərəcə diaqnozu qoyulmuş, xəstəyə təyinat verilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh mağazada məşğulluq təsnifatı üzrə satıcı vəzifəsində müddətsiz işləyir və aylıq əmək haqqının məbləği 300 manat təşkil edir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı1 və Cavabdeh barəsində çıxarışlardan görünür ki, İddiaçı1 və Cavabdeh əmək müqaviləsi üzrə işləməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçıların işləməməsi və qazanca malik olmaması, İddiaçı2 səhhətinin vəziyyəti, cavabdehin qismən etirafı, onun aylıq qazanca malik olması və aylıq qazancının məbləği, tərəflərin ailə və maddi vəziyyəti, habelə tərəflərin hazırda hər ay hər valideynə 75 manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində alimentin tutulmasına dair qarşılıqlı razılığı nəzərə alınaraq, hər ay Cavabdeh maddi yardıma ehtiyacı olan valideynlərinin hər birinə 75 (yetmiş beş) manat, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə əsasən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3-82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 11 oktyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh maddi yardıma ehtiyacı olan valideynlərinin hər birinə 75 (yetmiş beş) manat, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar