Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3181/2022 24.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(002)-1450/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün tutulan alimentin miqdarının azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə, ailə həyatı qurmuşlar. Birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı iki uşaqları var. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq, hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutulur. Hal-hazırda o, ailəlidir. O, alimentin azaldılması üçün Mediasiya Şurasına müraciət etmişdir. Ərizəsi mediator N.Hüseynov tərəfindən icraata götürülmüşdür. X4 tərəfindən 10 oktyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 00159 saylı arayış verilmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxt maddi vəziyyəti bir qədər yaxşı olmuşdur. Lakin indi əmək haqqından başqa heç bir gəliri yoxdur. Normal yaşamaq üçün maddi cəhətdən çox çətinliklər çəkir və 160 manat aliment ödəyə bilmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, 2 xəstə uşaqları var. Kirayədə qalırlar. İddia ərizəsi ilə razı deyil. O, heç bir yerdə işləmir. İddiaçı sentyabr-oktyabr ayları üçün 200 manat ödəniş etmişdir. Ödənilən aliment uşaqların tələbatlarını ödəməyə kifayət etmir. Alimentin azaldılmasına razı deyil. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1450/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 17 iyun 2010-cu il tarixdə Hacıqabul rayon Nəvahi kənd icra nümayəndəliyində 04 saylı akt qeydi ilə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 anaları Cavabdeh himayəsində və yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay iki uşağa görə qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin 2 uşaqlarının olması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Sabirabad 1 saylı Mediasiya təşkilatının 10 oktyabr 2022-ci il tarixli 00159 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh tərəflər arasında olan alimentin miqdarının azaldılması ilə bağlı mübahisə üzrə 10 oktyabr 2022-ci il tarixdə saat 12.00-13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, hazırda ailəlidir, gəlirləri azalmışdır, yalnız əmək haqqı alır, bu səbəbdən hər ay sabit pul məbləğində tutulan 160 manat alimenti ödəyə bilmir. Məkəmə qeyd edir ki, iddiaçı ikinci dəfə ailə qurarkən, birinci nikahdan övladlarının olduğunu, onların qayğılarının həll edilməsi kimi vəzifəsinin olduğunu, aliment öhdəliyi daşıdığını bilirdi. İddiaçının kifayət qədər gəliri mövcuddur ki, o, yuxarıda qeyd olunanları dərk edərək, yenidən ailə qurmuşdur. İkincisi, iddiaçının iddia ərizəsində gəlirlərinin azalmasını qeyd etməsi hər hansı mötəbər sübuta əsaslanmır. İddiaçı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(002)- 1450/2022 saylı qətnaməsinin qəbul edilməsindən iddiaçı tərəfindən məhkəməyə hazırkı iş üzrə iddia ərizəsi verilən 17 oktyabr 2022-ci il tarixədək cəmi 3 ay vaxt keçmişdir. Göründüyü kimi, iddiaçı faktiki olaraq alimenti tam həcmdə ödəməkdən yayınmaq üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3181/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3181/2022
24.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver