Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3306/2023 13.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin; həmçinin xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 28 sentyabr 2022-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 adlı bir övladları var. Cavabdehlə aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar. O, valideynlərinin yanında yaşayır və uşaq da onun himayəsindədir. Cavabdeh «Gəmiqayırma» zavodunda işləyir, yüksək əmək haqqı alır, lakin uşağına heç bir maddi yardım göstərmir. O isə uşağı tək saxlamaqda çətinlik çəkir. Həmçinin uşaq azyaşlı olduğundan heç bir yerdə işləyə bilmir. Uşağın gündəlik tələbatı var, lakin atası uşağı ilə maraqlanmaq istəmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, ondan azyaşlı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmasına razıdır. İddianı qalan hissədə qəbul etmir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 534692 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında nikah xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 3626 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 adlı bir yetkinlik yaşına çatmamış uşaqları var. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-də - çilingər-boru kəməri işçisi, gəmi - vəzifəsində işləməklə aylıq əmək haqqı 637 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/9-01850 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 10.10-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Göründüyü kimi, iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdeh rəsmi şəkildə işləməklə, əmək haqqı alır. Cavabdeh ondan qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulması hissəsində iddianı qəbul edir. Qalan hissədə cavabdeh iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və həmçinin 40 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, qalan hissədə iddia təmin edilə bilməz. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsassən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı cavabdehin buna zəruri vəsaitə malik olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması tələbinə dair hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 40 manat sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Aliment tələbi üzrə 44 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci İddiaçı aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və 40 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Aliment tələbi üzrə 44 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci İddiaçı aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3306/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3306/2023
13.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver