Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3307/2023 14.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Ryon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci ildə doğulmuş X1, xx.xx.2008-ci ildə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 220 manat olmaqla, üç uşağa görə 660 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 23 iyun 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından üç uşaqları dünyaya gəlmişdir. X5 xx.xx.2007-ci ildə, X6 xx.xx.2008-ci ildə və X7 xx.xx.2014cü ildə. Cavabdehlə aralarında olan narazılığa görə münasibətləri pozulmuş, cavabdeh uşaqları və onunla maraqlanmır. Hələ də uşaqlarından biri xəstə olmaqla diaqnozu serebral iflicdir. Cavabdeh öz həyatını yaşayır, başqa qadınlarla gəzir, onlarla telefonla danışır. O, isə ailəsinin dağılmaması üçün dözür ki, bəlkə yoldaşı başa düş, düzələ keçici həvəslərindən əl çəkə, onu düşünərək yaşamağa başlaya. Bu səbəbdən də, uşaqları üçün aliment tələb edir. Hal-hazırda uşaqlar onun himayəsində olmaqla, cavabdeh könüllü olaraq ona heç bir maddi yardım göstərmir. O isə uşaqları tək saxlamaqda çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini qismən müdafiə edərək, hər uşağa görə cavabdehdən 100 manat aliment tutulmasını, qalan hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia iddianı qismən qəbul edərək, uşaqların saxlanılması üçün ondan hər uşağa görə 100 manat aliment tutulmasını, qalan hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2006-ci il tarixli, AZ-І seriyalı, 242623 saylı nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 23 iyun 2006-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 453 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İİ № 193016 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2008-ci il tarixdə Bakı şəhərində X6 adlı uşaqları anadan olmuşdur. iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ № 440692 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2014cü il tarixdə Bakı şəhərində X7 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ № 895582 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2007-ci il tarixdə Bakı şəhərində X4 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan tərəflərin “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/14/2023-00898 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı mövcud iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə mübahisənin mediasiyada həlli ilə bağlı Bakı 14 saylı Mediasiya təşkilatına müraciət etmiş, o İSM-də iştirak etsə də Cavabdeh gəlməmiş, 50 manat İMS, 5 manat isə poçt xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İstinad edilən maddi normalara görə tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilsə də, cavabdehin ödəmə qabiliyyəti və uşaqları saxlamaq, onların qayğısına qalmaq hər iki valideynin öhdəliyi olması nəzərə alınmaıdır. Digər tərəfdən İddiaçı Cavabdeh hər uşağa görə 220 manat sabit pul məbləğində aliment tutulmasını tələb etsə də, məhkəmə iclasında verdiyi izahatında iddiasını qismən müdafiə edərək, Cavabdeh hər ay hər uşağa görə 100 manat, cəmi üç uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Belə olan halda iddia, iddiaçının tələb etdiyi deyil, iddianın müdafiə edildiyi hissədə təmin edilməlidir. Məhkəmə, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla hesab edir ki, aliment iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən tutulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində mediasiya vərci və 5 manat məbləğində poçt xərci ödənilmiş, lakin iddiaçı həmin məbləği tələb etmədiyindən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsini və MPM-in 112.1.3-cü, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci ildə doğulmuş X1, xx.xx.2008-ci ildə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəməyə müraciət olunan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 300 ( üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. İddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində mediasiya vərci və 5 manat məbləğində poçt xərci iddiaçının özünə aid edilsin. Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3307/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3307/2023
14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver