Məhkəmə qərarları › İş №2(002)-3502/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3502/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3502/2024 10.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə toy edərək ailə qurmuş, gəlin getmiş, lakin nikahları rəsmiləşdirilməmişdir. Həmin vaxtdan cavabdehlə ər-arvad kimi yaşamışlar, birgə yaşadıqları müddət ərzində xx.xx.2021-ci il tarixdə X3 və xx.xx.2021-ci il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. Övladları doğularkən cavabdehlə nikahları olmadığından, uşaqlara öz soyadı ilə doğum haqqında şəhadətnamə almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə atalığı qəbul etmişdir. Hazırda cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Uşaqlar onun himayəsində yaşayır. Cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir. O isə uşaqları tək saxlamaqda çətinlik çəkir. İndiyə kimi atasının uşaqlarına yardım edəcəyinə inanmışdır. Lakin görmüşdür ki, cavabdehin belə bir fikri yoxdur. İddiaçı məhkəmə iclasında iddianı qismən müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsi tərtib olunarkən Cavabdeh hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb etdiyi miqdarda aliment ödəmək imkanına malik olub-olmamasını bilmir. Cavabdehdən hər uşağın saxlanılması üçün ən azı hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulsa, övladlarının qayğısının həll edilməsinə heç olmasa dəstək olar. Bu səbəbdən, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən (AZ-İ seriyalı 442535 saylı, AZ-İ seriyalı 442536 saylı, AZ-İV seriyalı 768917 saylı, AZ-İV seriyalı 768918 saylı) görünür ki, tərəflərin xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 iki övladları var. Uşaqlar ekizdir. Laçın rayon Şəlvə kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı məcburi köçkün kimi Bakı şəhəri Qaradağ rayonu Qurd Qapısı ərazisi Laçınkənd yaşayış massivində yaşayır. Şəlvə kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır. Bakı 11 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00927 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 10.20-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçının bildirdiyinə görə cavabdeh övladlarının saxlanılması üçün aliment ödəmir. Bu səbəbdən, iddiaçı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında cavabdehdən aliment tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 56 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, aliment təyin edilərkən, uşaqların mənafeyi ilə yanaşı, cavabdehin maddi vəziyyəti də nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 56 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar