Məhkəmə qərarları › İş №2(002)-424/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-424/2024

24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-424/2024 24.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1257/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının artırılaraq, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Sözügedən nikah 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli, 1677 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Onların xx.xx.2015-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-4792/2016 saylı qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X2 onun yanında saxlanmış, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, Cavabdeh hər ay sabit pul məbləğində 117 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1257/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 154 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehin ödədiyi alimentin məbləği uşağın hazırkı yaşam tərzinə uyğun deyildir. Məsələ orasındadır ki, 2018-ci il tarixdən bu yana istər ərzaq məhsulları, istər dərman vasitələri, istərsə də uşaq geyimlərinin qiymətləri dəfələrlə artmışdır. O bu gün uşağının, həm də özünün tələbatlarını ödəmək iqtidarında deyildir. Hazırkı vəziyyətdə isə əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləği uşağın tələbatını ödəmir. Cavabdehdən tutulan alimentin məbləği nəinki onun qida, dərman, geyim, heç məktəbə xərclənən dəftər, kitab-qələm və yol pulu eləmir. Uşaq dəfələrlə məktəbə getmək üçün atasından yol pulu, məktəb üçün müəyyən xərclərin ödənilməsi üçün vəsait istəmiş, lakin atası həmin pulu ona ödəməkdən imtina etmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına əlavəsinin olmadığını bildirib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyib, izahatında bildirdi ki, onun hazırkı nikahından yetkinlik yaşına çatmayan, xx.xx.2023-cü il təvəllüdlü Mələk adlı uşağı vardır. Həmin uşaq da onun himayəsindərdir. Alimentin miqdarı artırıldığı halda o həmin uşağı maddi cəhətdən təmin etməkdə çətinlik çəkəcək. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4792/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh Abdullayeva (Zülfəliyeva) Leyla Canəli qızına qarşı nikahın pozulması tələbinə dair ilki iddiası təmin edilərək, Cavabdeh ilə Abdullayeva (Zülfəliyeva) Leyla Canəli qızı arasında 27 iyun 2014-cü il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və 1677 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan 05 iyul 2015-ci il təvəllüdlü X1 anası Abdullayeva (Zülfəliyeva) Leyla Canəli qızının yanında saxlanılması müəyyən edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək, 05 dekabr 2016-ci il tarixindən başlayaraq 05 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 117 manat sabit pul məbləğində alimentin tutularaq, Abdullayeva (Zülfəliyeva) Leyla Canəli qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1257/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Abdullayeva (Zülfəliyeva) Leyla Canəli qızının Cavabdeh qarşı alimentin artırılma tələbi barədə iddiası təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4792/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 12 fevral 2018-ci il tarixdən başlayaraq 05 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00805 nömrəli “İlkin mediasiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görnür ki, tərəflər İddiaçı və Cavabdeh məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosedsində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər nikahda olmaları, onların birgə nikahından bir uşağının olması, məhkəmə qətnaməsinə əsasən uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisəlndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddənin mənasına görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin tələbi ilə məhkəmə o, vaxt alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər ki, tərəflərdən birinin, yəni ərin və ya arvadın ailə və ya maddi vəziyyətlərində sonradan hər hansı dəyişiklik baş vermiş olsun. Ailə qanunvericiliyinə görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə - aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Belə olan halda ər və ya arvad ailə vəziyyətlərində baş vermiş dəyişikliyə əsaslanaraq alimentin miqdarının azaldılması barədə məhkəmədə iddia qaldıra bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə - onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi başa düşülür. Bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin artması və ya azalması ilə əlaqədar baş verir. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda isə, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ əmələ gəlir. Həmçinin məhkəmə, tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi aliment öhdəliyindən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Eyni zamanda həmin Qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edimişdir. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (154 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh başqa nikahdan uşağının olması onu əvvəlki nikahdan olan uşağını saxlamaq, ona qayğı göstərmək öhdəliyindən azad etmir, hər iki uşağa münasibətdə valideynlik vəzifələrini bərabər həyata keçirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (alimentin artırılması ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (alimentin artırılması) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin artırılması ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin artırılması tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1257/2018 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hə ay bir uşağa görə 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 48 manat 20 qəpik dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci İddiaçı aid edilməlifdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin təyin edilmiş miqdarının artırılması tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1257/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimnetin tutulması hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 48,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar