Məhkəmə qərarları › İş №2(002)-435/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-435/2021

12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-435/2021 12.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 fevral 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 aprel 2016-cı ildən başlayaraq hal-hazıra kimi rəsmi nikah münasibətindədir. Birgə nikahdan 04 fevral 2017-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Uşaq faktiki olaraq onun himayəsindədir, cavabdeh 26 noyabr 2019-cu il tarixdən başlayaraq uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Onun uşağı saxlamağa maddi imkanı yoxdur və bütün məsrəfləri özü qarşılayır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin izahatında göstərdi ki, cavabdehlə təsərrüfatı birgə idarə etdikləri müddət ərzində o, fərdi əməklə məşğul olmuş və aylıq gəliri 300 manat olmuşdur. Həmin gəlir və valideynlərinin köməkliyi ilə ailələrini çətinliklə dolandırmışlar. Lakin hazırda işləsə də, uşağın maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Aldığı 450 manat əmək haqqı nə onun nə də uşağının maddi tələbatlarını ödəmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi. Həmçinin izahatında göstərdi ki, o, kafel ustasıdır. Hal-hazırda heç yerdə işləmir. Əvvəllər fərdi əməklə məşğul olmuş və aylıq gəliri 300 manat olmuşdur. Bu səbəbdən iddiaçıya hər ay bir uşağa görə 100 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, 3 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-ІІІ seriyalı, 954652 nömrəli, 26 may 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 04 fevral 2017-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materialında olan AA seriyalı 241997 nömrəli 06 iyul 2011-ci il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh ilə 02 aprel 2016-cı ildən başlayaraq halhazıra kimi rəsmi nikah münasibətindədirlər. Birgə nikahdan 04 fevral 2017-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuş, hazırda uşaq iddiaçının yanında olmaqla, cavabdeh uşağın saxlanılması ilə bağlı iddiaçıya könüllü olaraq maddi yardım göstərmir. Bu səbəbdən iddiaçı uşağını maddi cəhətdən saxlamaqda çətinlik çəkir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 04 fevral 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 dekabr 2020-ci il tarixdən başlayaraq, hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı alimentin cavabdehin qazancının dörddə bir hissəsi miqdarında tutulmasını xahiş etsə də, onun iş yeri və aylıq gəlirləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmənin qənaətinə görə aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq cavabdehin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, hər ay ödənilməli olan sabit pul məbləğində tutulmalıdır. Digər tərəfdən işin araşdırılan hallarından da müəyyən edilir ki, tərəflərin birgə yaşadıqları müddət ərzində cavabdeh fərdi əməklə məşğul olmuş və aylıq gəliri 300 manat olmuşdur. Belə olan halda ondan hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin mənafelərinə və işin digər diqqətəlayiq hallarına uyğun gəlir. Məhkəmə həmçinin hesab edir ki, iddia alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı AA seriyalı, 241997 nömrəli, 06 iyul 2011-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, o məcburi köçkün olduğu üçün qanunla dövlət rüsumu ödəməkdən azadır. Buna görə də, 30 manat məhkəmə məsrəfi Cavabdeh aid edilməli, həmin məbləğ ondan tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. 04 fevral 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 dekabr 2020-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. İş üzrə 30 manat məhkəmə məsrəfi Cavabdeh aid edilsin. Həmin məbləğ ondan tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar