Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-4398/2025 18.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimetin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi ərizənin yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarında olan 22 may 2025-ci il tarixli, MŞB/6-00766 saylı barışıq sazişindən və eyni tarixli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, tərəflər arasında mediator X2 (Bakı 6 saylı Mediasiya Təşkilatı) iştirakı ilə barışıq sazişi bağlanmış, tərəflər arasında nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin atadan ananın xeyrinə tutulması barədə barışıq sazişi əldə olunmuşdur (bağlanmışdır). Belə olan halda yenidən alimentin tutulması ilə bağlı məsələyə məhkəmə qaydasında baxıla bilməz. Çünki, tərəflər arasında 22 may 2025-ci il tarixdə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması ilə əlaqədar barışıq sazişi bağlanılmışdır. Sözügedən saziş cavabdeh tərəfindən könüllü icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə sazişin təsdiq olunması ilə bağlı məhkəməyə müraciət etməlidir. Belə ki, “Mediasiya haqqında” qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Belə olan halda isə, həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra və həmin aliment məbləği uşağın saxlanılması üçün yetərli olmadığı halda maraqlı şəxs barışıq sazişi ilə müəyyən edilmiş alimentin indeksasiyası ilə bağlı məhkəməyə müraciət edə bilər. Tərəflərin alimentin ödənilməsi və məbləği barəsində mediasiya prosesində razılığa gəlməsi eyni məsələ ilə bağlı məhkəmin qərar qəbul etməsini istisna edir. Məhz bu səbəbdən saizişin şərtlərinin dəyişdirilməsi tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir. Bu sazişin icra olunmasından boyun qaçırıldığı halda tərəfin sazişin təsdiqi ilə bağlı məhkəməyə müraciət hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-4398/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-4398/2025
18.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver