Məhkəmə qərarları › İş №2(002)-440/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-440/2022

01.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-440/2022 01.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə görə ödənilmiş pul vəsaitinin 1/2 hissəsinə pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən bina 8, 9-cu mərtəbə, 46 nömrəli ümumi sahəsi 52,50 m2 olan iki otaqlı mənzilin onların birgə mülkiyyətləri hesab edilməsi və həmin mənzilin 1/2 hissəsinə onun mülkiyyət hüququnun tanınması və ya ödənilmiş ilkin ödənişlə bərabər 34 ay üzrə cəmi 37.614 manat pulun yarı dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən bina 8, 9-cu mərtəbə, 46 nömrəli ümumi sahəsi 52,50 m2 olan iki otaqlı mənzilinə görə ödənilmiş 37.614 manat pulun 1/2 hissəsinə onun pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 fevral 2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan 27 iyun 2019-cu il tarixdə bir uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah qeydi pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə 17 avqust 2018-ci il tarixdə "xxxx" MMC ilə aralarında bağlanmış LR8-46/2018 saylı müqavilə ilə ünvan 2 ünvanda yerləşən bina 8, 9-cu mərtəbə, 46 nömrəli ümumi sahəsi 52,50 m2 olan iki otaqlı mənzil almışlar. Mənzilin dəyəri 48.478 manat təşkil etmiş, müqavilə üzrə ilkin olaraq 22.270 manat pul ödəmişlər. Qalan 26.208 manat pulu hər ay 546 manat ödəməklə 48 ay müddətində ödənilməsi barədə müqavilə bağlamışlar. Hazırkı vaxta kimi 37.614 manat pul ödənilmiş, 10.864 manat ödənilməmiş pul qalmışdır. Hal-hazırda mənzil cavabdehə məxsus olmaqla, onun həmin mənzildə yaşamasına imkan vermir. Belə ki, həmin mənzil birgə nikah dövründə alınmaqla onun da həmin mənzilə mülkiyyət hüququ vardır və mənzilin ilkin ödənişini və sonradan 34 ay müddətinə pulu birgə nikah dövründə ödəmişlər. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X5 izahatında bildirdi ki, mübahisəli mənzil tərəflərin vəsaiti hesabına əldə edilməmişdir. Bununla bağlı həmin fakt təsdiq edə biləcək sübutları da vardır. Lakin məhkəmənin hazırlıq iclasında iştirak etmədiklərindən, həmin sübutları təqdim etmək imkanını itirmişlər. Bu səbəbdən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(002)-2157/2021 saylı qətnaməsindən görünür ki, tərəflər 02 fevral 2018-ci il tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 201 saylı akt qeydi ilə nikah bağlayaraq, ailə qurmuşlar. Tərəflərin birgə nikahdan doğulmuş 27 iyun 2019-cu il təvəllüdlü X6 adlı bir övladları var. Tərəflər arasında olan münasibətlər pozulduğundan, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, aliment və uşağın ananın himayəsində saxlanılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(002)- 2157/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, 27 iyun 2019-cu il təvəllüdlü X6 anasının yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün atasından anasının xeyrinə aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş 17 avqust 2018-ci il tarixli, LR8-46/2018 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ünvanı müqavilədə qeyd olunan mənzilin alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün öhdəliklərin götürülməsinə dair müqavilə bağlamışlar. Müqavilədə ünvanı, digər parametrləri qeyd olunan mənzilin ümumi dəyərinin 48.478 manat olması təsbit edilmişdir (müqavilənin 4.1-ci bəndi). Müqavilənin 4.2-ci bəndinə əsasən mənzilin razılaşdırılmış ilkin ödəniş məbləği 22.270 manat təşkil edir. Qalıq 26.208 manat məbləği isə 1 saylı Əlavədə göstərilən cədvələ əsasən müvafiq ödəniş tarixlərində hissə-hissə ödənilməlidir. İşin faktiki hallarından görünür ki, tərəflərin birgə nikahda olduqları dövrdə tərəflərin ümumi-birgə vəsaitləri hesabına ünvan 3 ünvanda yerləşən bina 8, 9-cu mərtəbə, 46 nömrəli ümumi sahəsi 52,50 m2 olan iki otaqlı mənzilinə görə 22.270 manat ilkin ödəniş də daxil olmaqla, cəmi 37.614 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan əmlaka dair 37.614 manat pul vəsaiti tərəflərin ümumi birgə vəsaitləri hesabına birgə nikah dövründə icra edilmişdir. Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanda yerləşən bina 8, 9-cu mərtəbə, 46 nömrəli ümumi sahəsi 52,50 m2 olan iki otaqlı mənzilinə görə 22.270 manat ilkin ödəniş də daxil olmaqla, ödənilmiş cəmi 37.614 manat pul vəsaitinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən bina 8, 9-cu mərtəbə, 46 nömrəli ümumi sahəsi 52,50 m2 olan iki otaqlı mənzilinə görə 22.270 manat ilkin ödəniş də daxil olmaqla, ödənilmiş cəmi 37.614 manat pul vəsaitinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar