Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-450/2022 15.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, Cavabdeh onun həyat yoldaşıdır. Həyat yoldaşı Zeynalov Fərid Cəladdin oğlu ilə o, rəsmi qaydada 15.08.2020-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzində nikahlarını 1164 saylı aktla rəsmiləşdirməklə, ailə həyatı qurmuşlar. Birgə nikahdan 02.10.2021-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Сavabdeh Cavabdeh Cəlaləddin oğlu ilə bir müddət mehriban yaşamışlar. Lakin cavabdehin ona qarşı münasibəti dəyişmişdir. Bunun səbəbini onunla izah edir ki, keçmiş həyat yoldaşı Nigar Mehdiyevaya aliment pulunu ödəməkdə çətinlik çəkir, onun tərəfindən olan mənəvi və psixi təzyiqlər hələ də davam edir və ona görə də aralarında heç bir əsas olmadan tez-tez mübahisələr yaranır. O, ailəsinin dağılmasını istəmirdi, lakin bir yerdə yaşamaları da qeyri-mümkün idi. Bu səbəbdən də məhkəməyə nikah pozulmadan aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Uşaqlar artıq böyüyür, xərcləri artıb. Bu səbəbdən də düşünür ki, cavabdehdən uşaq üçün hər ay sabit pul məbləğində 193 manat və uşaq 3 yaşına çatanadək hər ay 100 manat aliment tutulub ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 02.10.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 175 manat sabit pul məbləğində və uşağın 3 yaşı tamam olanadək onun üçün hər ay 100 manat məbləğində alimentin alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, 02 oktyabr 2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment, eləcə də uşaq 3 yaşına çatanadək hər ay 100 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 avqust 2020-ci il tarixli, AZ-İİ seriyalı, 399416 saylı nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 15 avqust 2020-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1164 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, AZ-İV 662933 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 02 oktyabr 2021-ci il təvəllüdlü Zeynallı Onur Fərid oğlunun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli, 01 nömrəli arayışdan görünür ki, Cavabdeh 16.12.2019-cu il tarixindən "xxxx" MMC-də texniki baxış üzrə mütəxəssis vəzifəsində işləyir və onun aylıq əmək haqqı 879.00 manat təşkil edir. İş materiallarında olan Milli Aerokosmik Agentliyi X1 İnstitutunun 06.01.2022-ci il tarixli, 01/11 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin X1 İnstitutunda 30.05.2007-ci il tarixindən hal-hazıradək mütəxəssis vəzifəsində çalışır. 20.01.2022-ci il tarixindən 02.10.2024-cü il tarixinədək qismən ödənişli sosial məzuniyyətdədir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X4 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi, 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) 1/3 hissəsi, 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 84.1.1-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində ər arvada maddi cəhətdən kömək etməlidir. Göstərilən Məcəllənin 100.2-ci maddəsinə uyğun olaraq, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 02 oktyabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, həmçinin 02 oktyabr 2021ci il təvəllüdlü X5 üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq, aliment 22 dekabr 2021-ci il tarixdən tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 30 manat məhkəmə məsrəfi Cavabdeh aid edilməli, həmin məbləğ ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilsin. 02 oktyabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment, 02 oktyabr 2021-ci il təvəllüdlü X5 üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 22 dekabr 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İş üzrə 30 manat məhkəmə məsrəfi Cavabdeh aid edilsin, həmin məbləğ ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-450/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-450/2022
15.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver