Məhkəmə qərarları › İş №2(002)-462/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-462/2022

09.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-462/2022 09.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən alimentin alınması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən alimentin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.03.2013-ci il təvəllüdlü X4, 28.12.2011-ci il təvəllüdlü X8 və 25.01.2016-cı il təvəllüdlü X6 adlı övladlarının saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat, cəmi 579 (beş yüz yetmiş doqquz) manat miqdarında sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 15.04.2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onun cavabdehlə birgə nikahlarından 22.03.2011-ci il təvəllüdlü X4, 28.12.2011-ci il təvəllüdlü X8 və 25.01.2016-cı il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə aralarında olan nikah məhkəmənin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların onun himayəsinə verilməsi qət edilmişdir.Cavabdeh uşaqlarına könüllü olaraq yardım etmək istəmir.Bir ata kimi uşaqlarına yardım etməyə borcludur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasıni məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, izahatında tibb bacısı işlədiyini,430 manat maaş aldığını,cavabdehin sərhədçi idman kompleksində işlədiyini, rəsmi əmək haqqı aldığını, gəlirinin kifayət qədər olduğunu, lakin bununla bağlı heç bir sübutunun olmadığını, uşaqların üçünün də onun himayəsində olduğunu, cavabdehin heç bir köməklik göstərmədiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli 2(002)- 2890/2019 saylı qətnaməsinin surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli qətnaməsi ilə X5 ilə Cavabdeh arasında 15 aprel 2011-ci il tarixdə Zəngilan Rayon Qeydiyyat şöbəsində 60 saylı akt qeydi ilə bağlnamış nikah pozulsun.28.12.2011-ci il təvəllüdlü X2, 22.03.2013-cü il təvəllüdlü X4 və 25.01.2016-cı il təvəllüdlü X6 iddiaçı X1 himayəsində və yanında qalması qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 040706 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışının məzmunundan aydın olur ki, X4 22.03.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 812205 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışının məzmunundan aydın olur ki, X2 28.12.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 706118 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışının məzmunundan aydın olur ki, X6 25.01.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: könüllü uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); məcburi -məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah pozulmuş, tərəflərin birgə nikahdan üç övladı 22.03.2013-ci il təvəllüdlü X4, 28.12.2011-ci il təvəllüdlü X8 və 25.01.2016-cı il təvəllüdlü X6 anadan olmuş, uşaqların hər üçü iddiaçının himayəsində olmaqla, onunla birlikdə yaşayır. Həmçinin, iş materiallarından görünür ki, uşaqların saxlanması üçün aliment təyin edilməmişdir. İddiaçı cavabdehin birgə nikahdan olan övladlarının saxlanmasına heç bir maddi yardım göstərməməsini, özünün isə uşaqların saxlanmasında maddi çətinlik çəkməsi hallarını əsas gətirərək, uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulması tələbi ilə məhkəməyə mürcaiət etmişdir. Məhkəmə ailə qanunvericiliyinin qeyd edilən hüquq normalarını rəhbər tutaraq, uşaqların iddiaçının himayəsində olması və onunla birlikdə yaşaması halını əsas götürərək, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə təyin edilən alimentin miqdarının müəyyən edilməsi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin aylıq qazancının və ya digər gəlirə malik olmamasının müəyyən edilməsi mümkün olmadığından ailə qanunvericiliyinin tələbinə əsasən tərəflərin birgə nikahdan olan övladlarının saxlanması üçün ödənilməli olan alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləği şəklində müəyyən olunmalıdır. Həmçinin, məhkəmə tutulacaq alimentin miqdarının müəyyən edilməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin rəsmi iş yeri və aylıq sabit gəlirə malik olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qanunvericiliyin təhlilindən görünür ki, uşaqları tərbiyə etmək, qayğısına qalmaq, onları böyütmək hər iki valideynin borcudur. Bu halda, məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarının müəyyən edilməsi zamanı uşaqları tərbiyə etməyin, qayğısına qalmağın, onları böyütməyin hər iki valideynin borcu olması halının, habelə alimenti ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin maddi vəziyyətinin və digər diqqətəlayiq halların gələcəkdə məhkəmə qətnaməsinin icrasının qeyri-mümkünlüyünə təsir etdiyindən həmin halların nəzərə alınması məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə qeyd olunan halları nəzərə alaraq, tutulacaq alimentin miqdarı və məbləğinə münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə üzrə cavabdehdən birgə nikahdan olan övladlarının saxlanması üçün hər ay bir uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 23.12.2021-cu il tarixdən etibarən tutulmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin, qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 66,8 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq uşaqların üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehdən 22.03.2013-ci il təvəllüdlü X4, 28.12.2011-ci il təvəllüdlü X2 və 25.01.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə ödənilməli olan 66,8 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehdən 22.03.2013-ci il təvəllüdlü X4, 28.12.2011-ci il təvəllüdlü X2 və 25.01.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aliment 23.12.2021-ci il tarixdən tutulsun. İş üzrə ödənilməli olan 66,8 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar