Məhkəmə qərarları › İş №2(002)-474/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-474/2025

10.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Valideynlik hüquqlarından məhrum etmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-474/2025 10.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, böyük məsləhətçisi X2 iştirakı ilə, İddiaçı cavabdeh Ramazanov Cavabdeh qarşı «aliment tutulması və valideynlik hüququndan məhrum etmə» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ramazanov Cavabdeh qarşı «aliment tutulması və valideynlik hüququndan məhrum etmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ramazanov Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin cavabdeh Ramazanov Cavabdeh tutularaq ona ödənilməsi; cavabdeh Ramazanov Cavabdeh birgə nikahlarından doğulmuş övladları xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızına münasibətdə valideynlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Ramazanov Cavabdeh ilə onun arasında qeydə alınmış rəsmi nikahları Lənkəran rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-1475/2017 saylı qətnaməsi ilə pozulmuş və buna dair xx.xx.2017-ci il tarixli 74 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızı dünyaya gəlmiş və onun himayəsində saxlanılmışdır. Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladlarına heç vaxt lazımi diqqət və qayğı göstərməmiş, atalıq vəzifəsini yerinə yetirməmişdir. Belə ki, uşaq doğulan andan onun himayəsində olmuş və onun bütün maddi və mənəvi ehtiyaclarını təkbaşına qarşılamışdır. Bir sözlə, cavabdeh heç vaxt öz valideynlik vəzifələrini yerinə yetirməmiş, övladı ilə maraqlanmamış və uşağın saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh atalıq hüququndan məhrum edilməli və xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona ödənilməlidir. Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Ramazanov Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını, yetkinlik yaşına çatmamış uşağın və psixoloqun fikirlərini, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında psixoloqun iştirakı ilə fikri dinlənilmiş xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızı bildirdi ki, o, atasını xatırlamır, üzünü görsə tanımaz. Atası onunla maraqlanmamışdır, maddi qayğılarını həll etməmişdir. Üç yaşı olandan atasının onunla hər hansı əlaqəsi yoxdur. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, böyük məsləhətçisi X6 bildirdi ki, uşağa təzyiq və təsir müşahidə olunmur. Uşaq fikirlərini sərbəst, dəqiq və aydın şəkildə ifadə edir. Uşağa anası tərəfindən təzyiq və təsir yoxdur. Şahid İsa oğlu ifadəsində bildirdi ki, iddiaçının həyat yoldaşıdır. BP-də işləyərkən iddiaçı ilə tanış olub, ailə qurub. Birinci nikahdan onun iki övladı var. Hazırki nikahdan iddiaçı ilə onun 4 yaşlı uşaqları var. Aylin iddiaçının birinci nikahdan doğulmuş övladı olsa da, Aylini Allahın əmanəti kimi qəbul edir. Aylinin bütün qayğılarını həll etməyə çalışır. Aylini övladlığa götürmək istəyir. Övladları ilə Aylinin arasında heç bir fərq qoymur. Aylini çox sevir. Aylinin dərsləri və s. qayğıları ilə ciddi şəkildə məşğul olur. Uşağın bioloji atası isə Aylinlə maraqlanmır. Şahid X3 ifadəsində bildirdi ki, o, iddiaçının bacısıdır. Cavabdeh neçə illərdir ki, yoxdur, çıxıb gedib. Cavabdeh uşağı ilə maraqlanmır. Aylinin bütün qayğılarını Xaliq həll edir. Şahid X4 ifadəsində bildirdi ki, Lamiyənin qonşusudur. Cavabdeh uzun illərdir çıxıb gedib. Gediş-gəlişi yoxdur. Ailəsi ilə maraqlanmır. Uşağına maddi dəstək göstərmir. Xaliq Lamiyənin həyat yoldaşıdır. Xaliq Səngəçal terminalında, BP-də işləyir. Aylini öz uşaqlarından ayırmır, bütün qayğılarını həll edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 471427 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızı adlı bir övladları var. - Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)-1475/2017 saylı qətnaməsindən görünür ki, X1 Ramazanov Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 14 avqust 2009-cu il tarixdə Lənkəran rayonu Boladi Ərazi Nümayəndəliyində 25 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. - xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 259229 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahları ləğv edilmiş, bu barədə xx.xx.2017-ci il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən 74 saylı akt qeydi aparılmış, qadına nikah pozulandan sonra Məmmədova soyadı verilmişdir. - xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 455940 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Şahid İsa oğlu ilə X5 arasında nikah xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 2004 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Abbasova soyadı verilmişdir. - Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/13/2024-01778 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı nümayəndəsi R.T.Hüseynov xx.xx.2024-cü il tarixə təyin saat 10:30-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, cavabdeh Ramazanov Cavabdeh isə həmin sessiyaya gəlməmişdir. İddiaçının nümayəndəsi tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. - Abşeron rayon İcra Hakimiyyəti 15 may 2025-ci il tarixli 5-29/2-1286/2025 saylı məktubu ilə məhkəməyə daxil olmuş rəydən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının Müdafiəsi üzrə Komissiyası Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-474/2025 saylı qərardadı ilə rəy verilməsi üçün daxil olmuş, İddiaçı cavabdeh Ramazanov Cavabdeh qarşı «valideynlik hüququndan məhrumetmə və aliment» tələbinə dair mülki iş ətrafında araşdırmalar apararaq aşağıdakıları müəyyən etmişdir. İddiaçı cavabdeh Ramazanov Cavabdeh qarşı «valideynlik hüququndan məhrumetmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ramazanov Cavabdeh bir valideyn kimi üzərinə düşən hüquq və vəzifəsini və digər valideynlik öhdəliklərinin yerinə yetirməməsini əsas gətirərək onun valideynlik hüququndan məhrum edilməsini xahiş etmişdir. İş üzrə Komissiyaya tərəflər dəvət olunmuş və dinlənilmişdir. İddiaçı cavabdeh Ramazanov Cavabdeh ilə rəsmi nikah qeydə alınmış və rəsmi nikahdan xx.xx.2010-cu il tarixdə Ramazanzadə Aylin Cavabdeh qızı adlı övladları dünyaya gəlmişdir. Lakin cavabdehin bir valideyn kimi üzərinə düşən vəzifəsini və digər valideynlik öhdəliklərini yerinə yetirmədiyini eyni zamanda uzun müddətdir ki, uşağın saxlanılması, təhsili və tərbiyəsi ilə bağlı heç bir iştirakının olmaması, həmçinin aliment öhdəliyini yerinə yetirmədiyini bildirmişdir. İddiaçı qeyd olunanların Komissiya tərəfindən nəzərə alınmasını və cavabdehin valideynlik hüquqlarından məhrum edilməsini Komissiyadan xahiş etmişdir. Cavabdeh Ramazanov Cavabdeh ilə Komissiya üzvləri tərəfindən dəfələrlə lazımi qaydada edilmiş cəhdlərə baxmayaraq əlaqə saxlamaq mümkün olmamışdır. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızı Komissiyanın iclasında psixoloqun iştirakı ilə dinlənilmişdir. O, atasını uzun müddətdir ki, görmədiyini, onunla maraqlanmadığını və tanımadığını, bu səbəbdən atası ilə heç bir halda ünsiyyətdə olmaq istəmədiyini bildirmişdir. Komissiya Ailə Məcəlləsinin 52, 61.1, 64.0.1, 64.0.2-ci maddələrinə istinad etməklə, uşağın mənafeyini, həmçinin Komissiyaya təqdim olunmuş materiallar və aparılmış ətraflı araşdırmaları nəzərə alaraq, qeyd olunan halların cavabdeh Ramazanov Cavabdeh valideynlik hüquqlarından məhrum edilməsini məqsədə müvafiq hesab etmişdir. - Təqdim olunmuş vəsiqədən görünür ki, İddiaçı məcburi köçkün olmaqla dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Ailə Məcəlləsinin 64.0, 64.0.1-ci maddəsinə əsasən valideynlər (onlardan biri) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər. Ailə Məcəlləsinin 66.1-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Məhkəmə Ailə Məcəlləsinin 52, 56.1, 58.1, 60.1, 60.2, 61.2, 64-cü maddələrini, həmçinin «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində qeyd olunanları tərəflərin nəzərinə çatdırmaqla qeyd edir ki, bir valideynin uşaqlarına münasibətdə valideynlik hüquqlarından məhrum edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmalı, qeyd olunan əsasların mövcud olmasına dair mötəbər sübutlar təqdim edilməlidir. İşin faktiki hallarından görünür ki, cavabdeh heç bir üzürlü səbəb olmadan öz övladı ilə maraqlanmır, onun tərbiyəsində və fərd kimi inkişafında heç bir pozitiv rol oynamır, ünsiyyətdə olmağa can atmır, övladının maddi və s. qayğılarına biganəlik nümayiş etdirir, bir sözlə, valideynlik vəzifələrini yerinə yetirmir. Bu səbəbdən, iddia valideynlik hüququndan məhrum edilmə tələbinə dair hissədə təmin edilməlidir. Bunun üçün kifayət qədər ciddi əsaslar var. Aliment tələbinə dair hissədə iddiaya hüquqi qiymət verən məhkəmə vurğulayır ki, Ailə Məcəlləsinin 66.2-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Göründüyü kimi, cavabdehin valideyn hüququndan məhrum edilməsi onu uşağın saxlanmasını təmin etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə 8.4-1-ci bənd əlavə edilmişdir. 8.4-1-ci bənddə formalaşdırılmış hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məlumdur ki, ölkə üzrə müəyyən edilən minimum əmək haqqı 2025-ci il üçün 400 manat təşkil edir. Hazırki mülki iş üzrə iddia ərizəsi məhkəməyə 11 dekabr 2024-cü il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, aliment təyin edilərkən 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, bir uşağa görə 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,62 mislində (246 manat / 400 manat = 0,615, yuvarlaşdırdıqda 0,62 misli) aliment tutulmalıdır. Eləcə də, alimentin tutulmasına xx.xx.2024-cü il tarixdən başlanmalı, sonrakı artımlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Ramazanov Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızına münasibətdə valideynlik hüququndan məhrum edilməli; xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızının saxlanılması üçün cavabdeh Ramazanov Cavabdeh İddiaçı xeyrinə 11 dekabr 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli (246 manat / 400 manat = 0,615, yuvarlaşdırdıqda 0,62 misli) həddində sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 49.52 manat dövlət rüsumu cavabdeh Ramazanov Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci cavabdeh Ramazanov Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Ramazanov Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızına münasibətdə valideynlik hüququndan məhrum edilsin. xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızının saxlanılması üçün cavabdeh Ramazanov Cavabdeh İddiaçı xeyrinə 11 dekabr 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli (246 manat / 400 manat = 0,615, yuvarlaşdırdıqda 0,62 misli) həddində sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Alimentin təmin olunmuş hissəsinə mütənasib olaraq 49.52 manat dövlət rüsumu cavabdeh Ramazanov Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci cavabdeh Ramazanov Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar