Məhkəmə qərarları › İş №2(002)-500/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-500/2023

27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-500/2023 27.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qarşı açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci ildə doğulmuş X2 və xx.xx.2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 220 manat olmaqla, cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulması üçün qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 09 avqust 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahdan iki uşaqları dünyaya gəlmişdir. xx.xx.2015-ci ildə doğulmuş X4 və xx.xx.2017-ci ildə doğulmuş X3. Cavabdehlə aralarında olan narazılığa görə münasibətləri pozulmuşdur. Cavabdeh uşaqları və onunla maraqlanmır. Ona qarşı hörmətsizlik edir. O, isə ailənin dağılmaması üçün dözüb oturur ki, bəlkə yoldaşı başa düşə düzələ keçici həvəslərdən əl çəkə və onları düşünə. Bu səbəbdən də uşaqları üçün aliment tələb edir. Hal-hazırda uşaqlar onun himayəsində yaşamaqla cavabdeh könüllü olaraq heç bir maddi yardım göstərmir. O isə uşaqları tək saxlamaqda çətinlik çəkir. Ona görə də məcbur qalıb uşaqları üçün aliment tələb etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və cavabdehin öncəki məhkəmə iclasında verdiyi izahatını nəzərdən keçirib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 21 dekabr 2022-ci il tarixli, 1592/69 akt qeydi ilə qeydə alınmış nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 09 avqust 2014-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində 627 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İV № 013505 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci il tarixdə Bakı şəhərində X3 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 609470 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2015-ci il tarixdə Bakı şəhərində X4 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/14-00169 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İstinad edilən maddi normalara görə tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı cavabdehin iddianı etiraf etdiyi həddə, yəni hər ay bir uşağa görə 220 manat müəyyən olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilsə də, cavabdehin ödəmə qabiliyyəti və uşaqları saxlamağın hər iki valideynin öhdəliyi olması nəzərə alınmaıdır. Məhkəmə, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment xx.xx.2023-cü il tarixdən etibarən tutulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.2-ci maddəsinə müvafiq olaraq iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia verilməsinə görə 50 manat dövlət rüsumu və mediasiya xidmətinin göstərilməsinə görə 50 manat mediasiya xərci ödənilmiş, lakin iddiaçı həmin məbləği tələb etmədiyindən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 46 (qırx altı manat) 40 (qırx) qəpik dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsini və MPM-in 112.1.3-cü, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci ildə doğulmuş X2 və xx.xx.2017-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəməyə müraciət olunan xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşağa görə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 46.40 (qırx altı manat) 40 qəpik dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar