Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-520/2023 13.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT ASC-nə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT ASC-nə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı, 14 iyun 2022-ci il tarixli Qərardadına əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərardadın 42-ci bəndinə əsasən, əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Həmin Qərardadın 46-cı bəndinə əsasən, prosessual hüquqlardan belə sui-istifadə qəbul edilmiş məhkəmə qərarlarını uzun müddət icrası mümkün olmayan aktlara çevirməklə, digər şəxslərin ədalətli məhkəmə hüququnun pozulmasına şərait yaradır. Həmin Qərardadın 49-cu bəndinə əsasən, məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnən formada həll etməsi məhkəmə aktının ləğvi üçün əsasdır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(002)-69/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 BOKT ASC məhz həmin ipoteka müqaviləsinə əsaslanaraq Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş və mülki iş üzrə xx.xx.2021-ci il tarixdə etibarlı ipoteka müqaviləsi münasibətinin mövcudluğu müəyyən olunmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlara əsasən, qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-4089/2021 saylı qətnaməsi ilə borcun məbləğinə aid hissədə dəyişdirilmiş, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1854/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-4089/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2022-ci il tarixli Qərardadının tələbləri rəhbər tutularaq, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya, əgər əvvəlki işdə iştirak etməyə cəlb olunmamışsa, əqdə əsaslanan iddia üzrə qəbul edilmiş qətnamədən şikayət vermək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT ASC-nə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-520/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-520/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver