Məhkəmə qərarları › İş №2(002)-545/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-545/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-545/2022 02.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi X3 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Azsığorta“ ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndan iddiaçı "xxxx" ASCnin xeyrinə 1284.70 manat məbləğində pul vəsaitinin və ödənilmiş 32.84 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-545/2021 saylı, 24.01.2022-ci il tarixli qərardadı ilə iddiaçı “Azsığorta» ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddianın icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 09.05.2021-ci il tarixdə Qaradağ rayon ərazisində "xxxx" ASC-də mülki məsuliyyətli PAZ********** saylı müqavilə ilə icbari sığorta olunmuş “Audi 100” minik markalı, **-OS-*** d.q.n-lı nəqliyyat vasitəsilə Cavabdeh sürücü X1 idarə etdiyi “Hyundai Veloster” markalı, **-TR-*** d.q.n-lı nəqliyyat vasitəsinə zərər vuraraq hadisə yerindən yayınmışdır.Baş vermiş hadisə ilə bağlı Bakı ş. Qaradağ RPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış,hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-in 327.6-cı maddəsi ilə İXP ******* nömrəli protokol yazılmış və 22.05.2021-ci il tarixli qərar qəbul edilərək 100(yüz) manat məbləğində cərimə edilmişdir.”Hyundai Veloster” markalı, **-TR-*** d.q.n-lı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1284.70 (min iki yüz səksən dörd) manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini müdafiə edərək, işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh 17.02.2022-ci il tarixli məhkəmə hazırlıq iclaısnda yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan 17.08.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, ** OS *** dövlət qeydiyyat nişanlı Audi 100 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır, sığortalı qimsində Cavabdeh çıxış edir.. İş materiallarına əlavə olunmuş 19.08.2021-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən ** OS *** dövlət qeydiyyat nişanlı “Audi 100 “ avtonəqliyyat vasitəsinə dəymiş zərər üçün 1284.70 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 30.08.2021-ci il tarixli İddiaçı “Azsığorta» ASC tərəfindən Cavabdeh göndərilmiş məktubun məzmunundan görünür ki, ** TR *** qeydiyyat nişanlı Hyundai Velonter markalı markalı avtonəqliyyat vasitəsinə vurulmuş zərərin ödənişi ilə bağlı iddiaçının cavabdehə subraqasiya hüququnun yarandığı bildirilmişdir. İş materiallarında olan 08.10.2018-ci il tarixli zərər aktından görünür ki, ** TR *** qeydiyyat nişanlı Hyundai Veloster markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1284,70 manat təşkil etmişdir. İş materiallarında olan arayışdan görünür ki, 09.05.2021 il tarixində saat 15:08-də Cavabdeh idarə etdiyi Audi 100 minik markali ** OS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə X1 idarə etdiyi ** TR *** qeydiyyat nişanlı Hyundai Velonter markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan və inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 100 manat cərimə olunmuşdur. İş materiallarından görünür ki, ** OS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarından görünür ki, 09.05.2021 il tarixində saat 15:08-də yol nəqliyyat hadisəsi baş vermişdir və hadisə nəticəsində Audi 100 minik markali ** OS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh nəticəsində ** TR *** qeydiyyat nişanlı Hyundai Velonter markalı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə zərər vurulması müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin məzmunundan görünür ki, Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmasə hallarından biri kimi Həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş hal göstərilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ** OS *** dövlət qeydiyyat nişanlı Audi 100 minik markalı avtomobili Cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Hyundai Velonter markalı, ** TR *** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində Hyundai Velonter markalı, ** TR *** qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla yanaşı, Cavabdehnun barəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 100 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktı əsasında həmin avtomobilə dəymiş zərər 1284.70 manat məbləğində müəyyən edilərək, zərərçəkən şəxsə ödənilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya vurulmuş qeyd eidlən maddi ziyanın məbləği ilə razı olaraq, iddia tələbini qəbul etmişdir. Həmçinin Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, o, hadisə yerindən yayınmışdır. Bu halda, məhkəmə hesab edir ki, sığorta haqqında qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini həyata keçirmiş iddiaçının yol nəqliyyat hadisəsini törətmiş və hadisə yerindən yayınmış olan cavabdehdə qarşı belə bir tələb irəli sürməkdə haqlı olduğundan və cavabdeh iddia tələbini qəbul etdiyindən, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 32.84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə qeyd edilən hüquq normlaarının tələbini rəhbər tutaraq, iddia tələbinin təmin edilməsi halını əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun ödənilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdehin iddia tələbinin etiraf edilməsinə dair yazılı ərizəsini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdehdan 1284.70 manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş 32.84 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1284.70 manat məbləğində pul vəsaiti və ödənilmiş 32.84 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar