Məhkəmə qərarları › İş №2(002)-591/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-591/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-591/2021 22.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulması tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulması tələbinə dair ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, Qaradağ Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanılmış 12 aprel 2018-ci il tarixli nikahları pozulmuş, birgə nikahlarından olan 19 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul edilən zaman cavabdeh heç yerdə işləmirdi. Lakin o, hazırda “AGGREKO” (Middle East) Limited”Şirkətinin Azərbaycan Respublikasındakı filialında işləyir. Onun aylıq vəzifə maaşı vergilər daxil olmaqla 3 000,00 manat təşkil edir. Həmçinin əlavə olaraq hər ay nəqliyyat xərclərinin qarşılanması üçün əmək haqqına əlavə 1100,00 manat məbləğində pul vəsaiti alır. Bunu sübut edən “AGGREKO (Middle East) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 25.11.2020-ci il tarixli, 02/20 saylı məktubunu da iddia ərizəsinə əlavə etmişdir. Əlavə olaraq bildirmişdir ki, uşağın doğulmasından bu günədək cavabdeh uşaqla görüşməmiş, onunla maraqlanmamış, heç bir mənəvi dəstək göstərməmişdir. Uşağın həm mənəvi, həm də maddi ehtiyaclarının hamısını iddiaçı təkbaşına qarşılamamaq məcburiyyətində qalır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 19 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ miqdarında alimentin və məhkəməyə müraciət edilməsi üçün çəkdiyi 500,00 (beş yüz) manat məbləğində xidmət haqqının tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini alimentin tutulması hissəsində qəbul etdi. Lakin xidmət haqqı ilə bağlı iddiaçı tətəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, həmin hissədə iddianın təmin edilməməsi barədə qətdamə qəbul edilməsini xahiş etdi. . Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Qaradağ Rayon Rəhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(002)-2645/2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Səadət Sarayında Cavabdeh ilə X5 arasında 12 aprel 2018-ci il tarixdə 241№ ilə qeydi ilə icra edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahdan olan 19 fevral 2019-cu il təvəllüdlü X3 nikah pozulduqdan sonra İddiaçı yanında saxlanılması, 19 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan “AGGREKO (Middle East) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 02/20 saylı 25.11.2020-ci il tarixli məktubundan görünür ki,Cavabdeh həqiqətən “Aggreko (Middle East) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında işləyir. Qeyd olunan işçinin əmək müqaviləsinə əsasən aylıq vəzifə maaşı bütün vergilər daxil olmaqla 3000.00 manat) təşkil edir. Əlavə olaraq, hər ay işçiyə nəqliyyat xərcləri ilə bağlı vergilər daxil olmaqla 1100,00 manat ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər nikahda olmaları, onların həmin nikahdan 1 uşaqlarının olması, həmin uşağın ananın yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X2 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi, 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) 1/3 hissəsi, 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulması tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 19 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ miqdarında aliment tutulmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş arayışdan məlum olur ki, Cavabdeh həqiqətən “Aggreko (Middle East) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında işləyir. Onunla bağlanmış əmək müqaviləsinə əsasən aylıq vəzifə maaşı bütün vergilər daxil olmaqla 3000.00 manat təşkil edir. Əlavə olaraq, hər ay işçiyə nəqliyyat xərcləri ilə bağlı vergilər daxil olmaqla 1100,00 manat ödənilir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı bildirir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 500.00 manat məbləğində xidmət haqqı xərclədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən maddəyə əsasən iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, MPM-in 119-cu maddəsinə əsasən Cavabdeh 30 manat məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 19 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancınını və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq, iddiaçı X6 ödənilsin. Alimentin tutulması hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh 30 manat məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar