Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-606/2023 27.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı X6, İddiaçının nümayəndəsi və vəkili Vəkil Asif oğlunun, Cavabdeh1, Cavabdehin nümayəndəsi vəkili X3 iştirakı ilə, İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nəvələri xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər uşağa 300 manat, ümumilikdə 600 manat alimentin tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X14 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-4137/2018 saylı qətnaməsi ilə onun X12 qarşı «nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment» tələbinə dair iddiası qismən təmin olunmuş, nikahları pozulmuş, X5 onun xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün cəmi 354 manatın tutulması qət edilmişdir. Qətnaməyə uyğun verilmiş icra vərəqəsi Yasamal rayon İcra şöbəsinin icraatındadır. Cavabdeh bir müddət alimenti ödəmiş olsa da, sonradan aliment borcun ödənilməsindən boyun qaçırmağa başlamış və sonradan Respublikanı tərk etmişdir. Yasamal rayon İcra Şöbəsinin icra məmurunun müvafiq qərarına əsasən X15 barəsində axtarış elan olunmuş və bu səbəbdən, xx.xx.2022-ci il tarixdə 440039 nömrəli axtarış işi açılmışdır. Bununla yanaşı, xx.xx.2022-ci il tarixdə X15 barəsində dövlətlər arası axtarış elan edilməsi haqqında qərar qəbul olunmuşdur. Beləliklə, bu günə o və himayəsində olan iki övladı yalnız öz qazancı ilə dolanırıq. Övladının biri xx.xx.2012-ci il təvəllüdlü X16 ağır xəstədir: onda xroniki trombositopenik purpura (qan duruluğu) aşkar olunmuşdur. Övladını müalicəsi üçün o, Azərbaycan Respublikası birinci vitse-prezidenti M.Əliyevaya və bir sıra digər vəzifəli şəxslərə müraciət etmişdir, qızı Milli Hematologiya və Transfuziologiya Mərkəzində dispanser qeydiyyata alınmışdır. Lakin o, maliyyə cəhətdən böyük çətinliklərlə üz-üzə gəlir. Övladlarının gündəlik tələbatları, qızının xəstəliyi və ataları tərəfindən alimentin ödənilməməsi onun vəziyyətini dözülməz həddə gətirir. Keçmiş əri məhz aliment ödəməmək məqsədi ilə Respublikanı tərk etmişdir. Bu səbəbdən o, qanuni əsaslarla, alimentin övladlarının baba və nənəsindən tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 keçmiş əri X9 valideynləridirlər. Bununla bağlı, müvafiq sənədin alınması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinə müraciət olunmuşdur, lakin oradan heç bir cavab verilməmişdir. Daha sonra 12 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası zamanı Cavabdeh1 şəxsən iştirak etmiş, etiraf etmişdir ki, uşaqlar onların nəvələridir, lakin nəvələrinə hər-hansı yardım göstərilməsindən qəti imtina etmişdir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixli arayış verilmişdir. İddiaçı X14 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil Asif oğlu məhkəmə iclasında iddianı müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. Keçmiş gəlinləri X14 ilə onların münasibətləri yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə oğulları X5 iddiaçının xeyrinə 2 uşağın saxlanılması üçün cəmi 354 manat aylıq aliment tutulması qət edilmişdir. Oğulları Bakı şəhərində yaşamışdır və alimenti ödəmişdir. Sonralar nə baş verdiyi, alimenti nə üçün ödəmədiyi onlara məlum deyil. Onlar qoca yaşlı ömrünün axır çağlarını yaşayan, pensiya ilə dolanan xəstə insanlardırlar, hər biri minimum həddə yaxın pensiya alırlar, həmin pensiya onların dəormanlarına güclə çatır. Belə ki, o və həyat yoldaşı Cavabdeh2 ağır xəstəliklərdən əziyyət çəkirlər. Qohum-qonşuların maddi köməyi ilə yaşayırlar. Ailələri 6 nəfərdən ibarətdir. Digər oğulları, gəlinləri və 2 azyaşlı nəvələri də onların pensiyalarına göz dikmişlər. Ailələrində işləyən, qiymətli əmlakı olan yoxdur. Qanuna görə uşağı saxlamaq hər iki valideynin borcudur. Nəvələrini öz valideynləri saxlamalıdır. Onların maddi köməyə ehtiyacları var. Qanuna əsasən zəruri vəsaitə malik baba və nənədən aliment tələb edilə bilər. Onların isə özlərinin pensiyaçı, əmək qabiliyyəti olmayan və xəstə olduqlarından maddi yardıma ehtiyacları vardır. Bu vəziyyətdə, Ailə Məcəlləsinin 90-cı maddəsinə də nəzər salmaq lazımdır. Orada deyilir ki, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər. Deməli, onların zəruri vəsaitə malik nəvələri olsa, onlardan aliment tələb edə bilərlər. Qeyd edir ki, kommunal xərcləri ödəməyə gücləri çatmır. Belə vəziyyətdə, iddiaçı uşaqların atasından məhkəmənin müəyyən etdiyi pul məbləğindən 2 qat artıq məbləğdə alimenti imkansız qocalardan tələb edir. Lakin demir ki, pensiyaçı baba və nənə 600 manatı hardan, hansı mənbədən əldə edib verməlidir. Bu, imkan xaricindədir. Həm də qanuna görə pensiya onların minimum yaşayışlarını təmin etmək üçün dövlət tərəfindən müəyyən edilmişdir. Buna görə də, onlardan aliment müəyyən edilməsinə qanuni əsas yoxdur, əgər pensiyalarından məcburi aliment tutulması müəyyən edilərsə, intihar etməkdən başqa yolları qalmır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qəbul etmədi, cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəməyə göndərdiyi etiraz ərizəsində, maddi imkanı olmadığından məhkəmə iclasına gələ bilmədiyini qeyd edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alaraq mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı X10, iddiaçının nümayəndəsi və vəkili Vəkil Asif oğlunun, Cavabdeh1, cavabdehin nümayəndəsi və vəkili X3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(004)- 4137/2018 saylı qətnaməsi ilə X6 X12 qarşı «nikahın pozulması, aliment tutulması və uşaqların ananın himayəsində saxlanılması» tələbinə dair iddiası qismən təmin edilmiş, onların arasında 19 iyul 2011-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X17 anaları X6 yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment, həmçinin X7 xəstəliyi ilə əlaqədar 46 manat əlavə xərc olmaqla, cəmi 354 manat pul vəsaitinin tutularaq X13 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinin Yasamal rayon icra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, ***- **** saylı və xx.xx.2022-ci il tarixli, ***-**** saylı məktubların surətindən görünür ki, həmin şöbənin xx.xx.2022-ci il tarixli, 125883 saylı və xx.xx.2022-ci il tarixli, xx/xx-125883/2 saylı məktubları ilə göndərilmiş borclu barəsində axtarış elan edilməsi haqıqında qərara əsasən İmişli rayonu, Buludlu kəndində qeydiyyatda olan X15 barəsində xx.xx.2022-ci il tarixdə 440039 nömrəli axtarış işi açılmış və xx.xx.2022-ci il tarixdə dövlətlərarası axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. X14 ilə X9 əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 2 uşaqlarının olması, uşaqların ananın yanında qalması, uşaqların saxlanılmaları üçün Əsgər Kərimovdan iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nəvələri xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər uşağa 300 manat, ümumilikdə 600 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan öncə, iddiaçı mediasiya təşkilatına müraciət etmişdir. Bakı 12 saylı Mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/12-00183 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi və cavabdehlərdən Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba ödəmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi, Ailə Məcəlləsinin 89-cu maddəsinin mənasına görə, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi əlavə təminat xarakteri daşıyır. Baba və nənənin nəvələrini o halda saxlamaq vəzifəsi var ki, nəvə valideynlərindən (ata və və yaxud anasından), yetkinlik yaşına çatmış nəvələr isə valideynlərindən və yaxud ərindən (arvadından) maddi yardım ala bilməsin. Qanunvericilik həm yetkinlik yaşına çatan, həm də yetlinlik yaşına çatmayan nəvələrin baba və nənələrindən aliment almaq hüquqlarını təsbit edib. Nəvələrin valideynlərindən aliment tələb etmək hüququnun əsasını yardıma ehtiyaclarının olması təşkil edir. Bura onların valideynlərindən, ərindən (arvadından) yardım ala bilməmələri halları daxildir. Nəvələr valideynlərindən aliment aldıqda, lakin həmin vəsait onların ehtiyaclarını ödəmədikdə, onların baba və nənələrindən aliment tələb etmək hüququ yoxdur. Çünki baba və nənənin nəvələrinə münasibətdə aliment öhdəlikləri ikinci növbəli olub, birinci növbəli borcluların (valideynlər, ər-arvad) öhdəliklərindən sonra tətbiq edilə bilər. Baba və nənə nəvələrinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onların zəruri vəsaitləri olsun. Hazırkı işdən isə müəyyən olunur ki, baba və nənə nəvələrini saxlamaq üçün belə vəsaitə malik deyildir. Həmçinin iddiaçı özü də uşağın valideyni olmaqla, onu saxlamaq vəzifəsini daşıyır. Digər tərəfdən saxlanılması üçün aliment tələb olunan uşağın valideyni - atası alimentin tutulması tələbinə dair icra işini icra etməkdən boyun qaçırdığına görə icra məmuru tərəfindən xx.xx.2022-ci ildə borclunun axtarılması barədə qərar qəbul edilərək, aidiyyəti üzrə icra edilməsi üçün daxili işlər orqanlarına göndərilmiş, xx.xx.2022-ci ildə barəsində dövlətlərarası axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Bütün bunlar da öz növbəsində onu deməyə əsas verir ki iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-606/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-606/2023
27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver