Məhkəmə qərarları › İş №2(002)-660/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-660/2022

05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-660/2022 05.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 12 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 193 manat olmaqla aliment,o cümlədən Mediasiya xərci kimi ödədiyi 50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar.Birgə nikahlarından 12.03.2015-ci təvəllüdlü X3 doğulmuşdur.Cavabdeh ilə- 19.03.2020-ci il tarixdə məhkəmə qaydasında boşanmışlar.Boşanma zamanı o cavabdehdən uşağının saxlanılması üçün aliment istəmədi.Keçən müddət ərzində Cavabdeh azyaşlı oğlu ilə maraqlanmamış,onun maddi və mənəvi heç bir tələbatını ödəməmişdir.X6 doğuşdan serebal iflic xəstəsidir.Onun müalicəsi və dərmanlarını almaqda çətinlik çəkir.Ona görə də Cavabdeh azyaşlı oğlu Ramizin saxlanması üçün aliment ödəməsini istəyir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ 630053 seryalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 12.03.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, müvafiq məhkəmə qətnaməsi əsasında 12.03.2015-cü il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılmışdır.Müvafiq məhkəmə qətnaməsi əsasında aliment təyin edilməmişdir. Cavabdehin rəsmi iş yerinə və qazanca malik olması halı müəyyən edilməmişdir. Bu halda, məhkəmə qeyd edilən halları nəzərə alaraq, hər bir halda uşağın üstün mənafeyini və iddiaçının yanında qalması halını, qanunvericiliklə uşaqlar üçün müəyyən eidlmiş yaşayış minimumu məbləğini əsas götürərək, ailə qanunvericiliyinin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 24.01.2022-ci il tarixdən etibarən tutulmalıdır. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsi ilə bağlı hesab edir ki, cavabdeh medasiya prosesində üzrsüz səbəbdən iştirak etmdəiyindən və Mediasiya haqqında Qanunun 36.5-ci maddəsinə əsasən iddiaçının həmin xərcin ona tam ödənilməsini tələb etmək hüququ olduğundan, iddia tələbi bu hissədə də əsaslı olmaqla təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin, qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 43,16 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan halları əsas götürərək, habelə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12.03.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə iddiaçı tərəfindən çəkilmiş medasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya öədnilməli, iş üzrə öədnilməli olan 43,16 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.03.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Aliment 24.01.2022-ci il tarixdən tutulsun. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İş üzrə ödənilməli olan 43,16 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar