Məhkəmə qərarları › İş №2(002)-682/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-682/2021

26.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-682/2021 26.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Litseyinin nümayəndəsi Əhədov Vidadi Vəkilağa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Litseyinə qarşı məktubun ləğv edilməsi, əmək haqqının artırılması və ödənilməmiş hissəsinin hesablanaraq ona ödənilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Litseyinə qarşı məktubun ləğv edilməsi, əmək haqqının artırılması və ödənilməmiş hissəsinin hesablanaraq ona ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 29 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Litseyinə ərizə ilə müraciət edərək, ikinci qrup əlil olduğu üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 №-li qərarına əsasən əmək haqqının 20-25 faiz artırılmasını və bu artımın 2020-ci ilin əvvəlindən hesablanaraq ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Bundan əlavə, o, 29 oktyabr 2020-ci il tarixdə Litseyə növbəti ərizə ilə müraciət edərək, əmək haqqının 07 yanvar 2020-ci ildən ödənilməmiş hissəsinin hesablanaraq, birdəfəlik ödənilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, bu günə qədər direktor tərəfindən əmək haqqına uyğun işlə təmin olunmamış, habelə əmək haqqının artırılması təmin edilməmişdir. Pandemiya dövründə Litseyin fəaliyyət göstərmədiyi vaxtlarda yeni işçilər işə götürülmüş, onlara əmək haqqı ödənilmiş, lakin uzun illər 8 №li BPL-də işləyən işçilər ixtisar edilərək əmək haqqı məbləği az olan işlərə keçirilmişdir. Həmçinin qeyd etmişdir ki, o, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllim vəzifəsində işləməsinə heç bir razılıq verməmiş, həmin əmək müqaviləsində dəyişiklik edilməsində iştirak etməmiş və əmək müqaviləsi onun tərəfindən imzalanmamışdır. 29 oktyabr 2020-ci il tarixli yazılı ərizəsinə cavab məktubunda nəzərinə çatdırılmışdır ki, 07 yanvar 2020-ci il tarixinədək dərs hissə müdiri üzrə vəzifə maaşı tam olaraq ona ödənilmişdir. Lakin 8 №li BPL-nin direktorunun 05 noyabr 2020-ci il tarixli cavab məktubu onu qane etmədiyindən, təkrarən 25 noyabr 2020-ci il tarixdə əmək haqqının hesablanmasına dair ərizə ilə müraciət edərək, əmək haqqının 07 yanvar 2020-ci ildən ödənilməmiş hissəsini hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Təəssüflər olsun ki, 25 noyabr 2020-ci il tarixdən 2 ay vaxt keçməsinə baxmayaraq ərizə üzrə 8 №-li BPL-nin rəhbəri tərəfindən heç bir tədbir görülməmişdir. Bundan əlavə, 29 oktyabr 2020-ci il tarixli ikinci ərizədə göstərilmişdir ki, 2019-cu ilin sentyabr ayının 12-dən 2020-ci ilin yanvar ayının 7-nə qədər o, dərs hissə müdiri kimi işləsə də, ona son haqqhesab ödənilməmişdir. Lakin 8 saylı BPL-nin direktoru 05 noyabr 2020-ci il tarixli rəsmi cavabında 07 yanvar 2020-ci il tarixədək hissə müdiri üzrə vəzifə maaşının tam ödənildiyinə istinad edilsə də, hissə müdiri kimi son haqq-hesabın aparılması cavab məktubunda qeyd edilmir. Belə ki, hal-hazırda iddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, 8 №-li BPL-nin direktoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 №-li qərarının tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Litseyinin 05 noyabr 2020-ci il tarixli məktubunun ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185№-li Qərarına əsasən aylıq əmək haqqının 20-25 % artırılması, habelə aylıq əmək haqqının 12 sentyabr 2019-cu il tarixindən hal-hazırkı vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq, birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Litseyinin nümayəndəsi Əhədov Vidadi Vəkilağa oğlu iddia tələbini qəbul etməyib onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Litseyinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Litseyinə əmək haqqının hesablanmasına dair ərizə ilə müraciət etmiş, 05 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Litseyi tərəfindən ona cavab məktubu göndərilmişdir. İş materiallına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li arayışdan görünür ki, İddiaçı əmək qabiliyyətsiz, xüsusi yaradılmış şəraitdə işləyə bilən müddətsiz ikinci qrup əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Litseyi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun müraciətinə həmkarlar ittifaqı komitəsi tərəfindən baxılacaqdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Litseyi tərəfindən 15.02.2021-ci il tarixdə ümumi iclas keçirilmiş və bununla bağlı protokol tərtib edilmişdir. Protokoldan görünür ki, kollektiv olaraq İddiaçı əmək haqqına 20-25 % əlavənin verilməsinə etiraz edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək. 2-ci bəndinə əsasən, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı X2 isə iş üçün əhəmiyyətli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Litseyinə qarşı məktubun ləğv edilməsi, əmək haqqının artırılması və ödənilməmiş hissəsinin hesablanaraq ona ödənilməsi tələblərinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Litseyinə qarşı məktubun ləğv edilməsi, əmək haqqının artırılması və ödənilməmiş hissəsinin hesablanaraq ona ödənilməsi tələblərinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar