Məhkəmə qərarları › İş №2(002)-729/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-729/2021

06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-729/2021 06.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, 13 noyabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qutrmuşlar. Birgə nikahdan 08 oktyabr 2017-ci il tarixdə X4, 06 oktyabr 2017-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsində yaşayırlar. İddiaçının özü isə heç bir yerdə işləmir. Cavabdeh "xxxx" MMC-də işləməklə, yüksək əmək haqqı alır. Cavabdehdən uşaqlarına maddi cəhətdən yardım etməsini, həmçinin ondan aliment tutulmasını istəyir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 08 oktyabr 2017-ci il tarixdə doğulmuş X1 və 06 oktyabr 2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqından hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan 30 mart 2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 08 oktyabr 2017-ci il tarixdə doğulmuş X1 və 06 oktyabr 2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hamiləliyi dövründə və uşaq doğulduğu gündən üç il ərzində cavabdehdən əlavə olaraq 100 manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 noyabr 2017-ci il tarixli, AZ-Іİ seriyalı, 240181 saylı nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 13 noyabr 2017-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3138 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli, AZ-lV seriyalı, 213528 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 06 oktyabr 2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 oktyabr 2017-ci il tarixli, AZ-lV seriyalı, 044504 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 08 oktyabr 2017-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan "xxxx" ES MMC tərəfindən verilmiş AES-2021/047 saylı 29 mart 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 17 aprel 2019-cü il tarixindən bu günədək "xxxx" MMC-də taxtabəndçi vəzifəsində çalışır və 590 manat əmək haqqı alır. İş materiallarında olan Bakı şəhəri 4 nömrəli doğum evi tərəfindən verilmiş 26 saylı 27 mart 2021-ci il tarixli arayışdan görünür ki, 1997-ci il təvəllüdlü İddiaçı 4 nömrəli doğum evinin nəzdində olan qadın məsləhətxanasında 19.02.2021-ci il tarixdən qeydiyyatdadır. Hal-hazırkı diaqnozu “23 həftəlik” hamiləliyə uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X3 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi, 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) 1/3 hissəsi, 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində ər arvada maddi cəhətdən kömək etməlidir. Göstərilən Məcəllənin 100.2-ci maddəsinə uyğun olaraq, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 08 oktyabr 2017-ci il təvəllüdlü X1 və 06 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment, eləcə də İddiaçı hamiləliyi dövründə hər ay 50 manat məbləğində pul vəsaiti tutulmalıdır. Alimentin tutulması 01 fevral 2021-ci il tarixdən hesablanmalıdır. İşin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı hal-hazırda 23 həftəlik hamilədir. Buna görə də onun hamiləliyi dövründə cavabdehdən maddi cəhətdən vəsait tələb etməsi barədə iddiası qismən əsaslıdır, lakin ümumi uşaqlarının doğulmadığı müddət ərzində cavabdehdən pul tələb etməsi barədə iddiası idə əsaslı deyildir. Çünki, iddiaçı bətnindəki uşağını hələ doğmamış, yalnız həmin uşaq doğulduqdan sonra həmin tələblə bağlı cavabdehə qarşı məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi olan 30 manat məbləğində pul Cavabdeh dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 08 oktyabr 2017-ci il təvəllüdlü X1 və 06 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 miqdarında aliment, eləcə də İddiaçı hamilə olduğu dövr ərzində hər ay 50 manat pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 01 fevral 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə məhkəmə məsrəfi olan 30 manat məbləğində pul Cavabdeh dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar