Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-795/2023 13.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16 aprel 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının ¼ (dörddə bir) hissəsi miqdarında alimentin və əlavə olaraq 16 aprel 2021-ci il təvəllüdlü X2 üç yaşına kimi 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 02 dekabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 adında bir uşaqları doğulmuşdur. Cavabdehlə evləndikləri ilk vaxtlar münasibətləri normal olsa da, sonradan pozulmuşdur, üç aydan çoxdur ki, ayrı yaşayırlar, uşağa təkbaşına baxır və maddi cəhətdən çətinlik çəkir. Cavabdeh rəsmi qaydada "xxxx" MMC şirkətində işləyir və yüksək əmək haqqı alır, eləcə də maşın ustası kimi əlavə gəliri olur. Lakin cavabdeh bir ata kimi uşağına maddi yardım etməyə borclu olduğu halda, heç bir köməklik göstərmir. Hesab edir ki, cavabdehdən tələb etdiyi aliment tutulmalıdır. Hazırda iddia tələbinin təmin edilməsini xahiş edir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, özü "xxxx"də satıcı-kassir işləməklə cəmi 345 manat qazanca malikdir, 16 aprel 2021-ci il təvəllüdlü X2 üç yaşına kimi heç olmasa 80 (səksən) manat alimentin tutulmasına da razıdır. Məhkəmə baxışı zamanı Cavabdeh Bəhlül oğlu izahat verərək bildirdi ki, hazırda iddia tələbini qismən qəbul edir. Belə ki, o, rəsmi qaydada işləyir və aylıq 784 manat məbləğində əmək haqqı alır. Əlavə olaraq ildə 1-2 dəfə dost-tanış üçün maşın hissələri rəngləyir, buna görə aylıq qazancı olmur. 16 aprel 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulmasına razıdır, lakin X2 üç yaşına kimi əlavə 100 (yüz) manat məbləğində alimentin tutulmasına etiraz edir. Belə ki, hazırda kredit götürməlidi, mağazalara müəyyən qədər borcları vardır. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 378046 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X1 02 dekabr 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Talıbova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 567587 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Talıblı Jasminin atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də dəzgahda işləyən fəhlə vəzifəsində işləyir və aylıq əmək haqqı 784,56 manat təşkil edir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də satıcı-nəzarətçi, kassir vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyəti Başçısının Ümid qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qızı X4 ilə birlikdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 (bir) uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1ci maddəsinə görə, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat təşkil edir. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, yuxarıda sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, azyaşlı uşağın yaşı, mənafeyi, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, eyni zamanda cavabdehin aylıq qazancının məbləği, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınaraq, iddia qismən təmin edilməli, 16 aprel 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə cavabdehdən hər ay qazancının 1/4 (dörddə bir) hissəsi miqdarında və əlavə olaraq 16 aprel 2021-ci il təvəllüdlü X2 üç yaşınadək 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 30 yanvar 2023-cü il tarixindən başlayaraq 16 aprel 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/4 (dörddə bir) hissəsi miqdarında və əlavə olaraq 16 aprel 2021-ci il təvəllüdlü X2 üç yaşınadək 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-795/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-795/2023
13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver