Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-80/2023 13.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X11 Hüseynovun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-də işlədiyi dövr ərzində əmək haqqına əlavə kimi hesablanıb ödənilməyən pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, xx.xx.2006-cı il tarixdə "xxxx" MMCdə operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixə kimi bu müəssisədə eyni vəzifədə çalışmışdır. İş yeri dənizdə görülən işlərin icrası ilə bağlı olmuş, "xxxx" MMC-nin Dəniz portunda olmuşdur. Dəniz portunun sahillə quru yol əlaqəsi olmuşdur. İş təlimatına əsasən onun işi səpələnən materiallar və qazma məhlulları zavodundakı əməliyyatları təhlükəsiz yerinə yetirmək, qazma və duzlu məhlulların tələb olunan xüsusiyyətlərə əsasən hazırlanmasına əmin olmaq, müvafiq duzlu məhlulları və səpələnən materialları tələb olunan qaydada gəmilərə təhlükəsiz yükləmək, təchizat gəmilərindən gələn qazma və duzlu məhlulları müvafiq olaraq qəbul etmək və s. olmuşdur. Onun iş şəraiti əmək şəraiti ağır və zərərli olan işlərdə, habelə iqlim şəraitinə görə əlverişli olmayan iş yerlərində çalışan işçilərin iş şəraiti ilə eyni olmuşdur. İşdən çıxmamışdan bir neçə gün öncə ona məlum olmuşdur ki, cavabdeh onun iş yerinin məhz dənizdə yerləşməsinə görə, yəni sahillə quru yol əlaqəsi olmasına görə vəzifə maaşının 40%-i məbləğində əlavə dəniz əmsalı, habelə əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq 8% (orta səviyyə) zərərlilik əmsalı tətbiq edərək əmək haqqı ödəməli imiş. Bundan sonra o, bu məsələni araşdırmağa başlamışdır. İşəgötürənə bu barədə rəsmi ərizə ilə müraciət edərək illərdir ödənilməyən əlavəsinin ödənilməsini tələb etmişdir. Lakin işəgötürən tərəfindən ona belə bir cavab verilmişdir ki, guya ona qeyd olunan əlavə ödənilməməlidir. Təbii ki, o, buna etiraz edərək əməyinin istismar olunduğunu bildirmişdir. Belə ki, onun iş yeri sahillə quru yol əlaqəsi olan və dənizdə yerləşən obyektdə olmuşdur. Məlumat üçün bildirir ki, pandemiya dövründə zəruri iş sahələrinin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün işəgötürən tərəfindən ona hərəkət etmək üçün arayış verilmiş, xx.xx.2020-ci il tarixli həmin arayışda da iş yeri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi (Balıqçılar küçəsi), X7 Sahil Liman yanalma körpüsü kimi qeyd olunmuşdur. Bundan sonra, ona təzyiqlər edilmiş və məcburiyyət qarşısında qalaraq öz xahişi ilə işdən azad olunmuşdur. Təbii ki, ziddiyyətli məqamlar onun X4 ərizə ilə elektron qaydada şikayət ünvanlamasına səbəb olmuşdur. X8 xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, həqiqətən o, işdən çıxan zaman son haqq-hesabı düzgün hesablanıb ödənilməmişdir. Buna görə də "xxxx" MMC-nin baş direktoru barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, məktubda "xxxx" MMC-nin Sahil qəsəbəsi, Balıqçılar küçəsində yerləşən Təchizat bazasının dənizdə yerləşməsi barədə onun və ya cəmiyyətin rəhbərliyi tərəfindən hər hansı təsdiqedici sənədlərin təqdim edilmədiyi bildirilmişdir. Təbii ki, o, inzibati araşdırmanın bu cür yarımçıq və natamam aparılmasından narazı qalmışdır. Çünki, o, 15 il məhz bu ərazidə. yəni dənizin içində işləmişdir. Elmi texniki imkanların inkişaf etdiyi bir dövrdə onun iş yerinin yerləşdiyi ərazinin güzəşt nəzərdə tutulan ərazidə yerləşməsinin dəqiqləşdirilməsinin işçinin üzərinə qoyulmasını düzgün hesab etmir. İşəgötürən isə təbii ki, lazımi informasiyanın düzgün təqdim olunmasında maraqlı olmamışdır. Bütün bu olanların fonunda baş verənlər onun əmıək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirmək istəyir ki, onunla eyni yerdə, yəni Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanında yerləşən X7 Sahil Liman yanalma körpüsündə X12 Trestinə məxsus istehsalat sahəsində çalışan işçilərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək haqqına əlavə ödənişlərin (dəniz əmsalının və zərərli işə görə əlavənin) edilib-edilməməsi ilə bağlı sorğu verilmiş, X12 Trestinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə qeyd olunan iş yerində işləyən işçilərə 40% dəniz əmsalı və əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq 8% (orta səviyyə) zərərlilik əmsalı tətbiq edildiyi barədə məlumat verilmişdir. Göründüyü kimi, eyni şəraitdə olan işçilərə qeyd olunan əlavələr (həm dəniz əmsalına, həm zərərlilik əmsalına görə) ödənildiyi halda, cavabdeh tərəfindən ona həmin əlavələr ödənilməmiş və işlədiyi dövr ərzində əmək hüquqları pozulmuşdur. Bu səbəbdən o, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iki dəfə keçirilmiş ekspertizanın rəyləri ilə iddiaçının Xəzər dənizində yerləşən və sahillə quru yol əlaqəsi olan obyektdə işlədiyi təsdiq edilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən həmin iş yerinin əmək şəraiti ağır və zərərli olduğunu təkzib edən hər hansı sübut, o cümlədən attestasiya protokolu təqdim edilməmişdir. Ona görə də iddiaçıya qeyd olunan əlavələr (həm dəniz əmsalına, həm zərərlilik əmsalına görə) ödənilməlidir. Məhkəmə baxışı zamanı Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, cavabdeh "xxxx" MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə ABŞ-ın "M-İ Drilling Fluids LLC" şirkəti arasında birgə müəssisənin yaradılmasına dair xx.xx.1996-cı il tarixdə bağlanılmış sazişə əsasən təsis edilmişdir. Əsas fəaliyyət istiqamətlərini neft kimya sənayesi üçün, o cümlədən neft-qaz yataqlarının istismar edilməsi sahəsində kimyəvi məhsulların, o cümlədən qazma məhlullarının hazırlanması, istehsalı və emal edilməsi təşkil edir. İddiaçı əmək müqaviləsinə xitam verildiyi günə qədər çalışdığı Təchizat bazası Qaradağ rayonu, Sahil qəsəbəsi, Balıqçılar küçəsində yerləşir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X6 Agentliyi Azərbaycan X9 və X3-Tədqiqat İnstitutu (AR FHN SİTG DMNDA AZDƏMTTETİ) tərəfindən MMC-də iş yerlərinin attestasiyası keçirilir. Keçirilən attestasiyanın nəticələrinə əsasən MMC-nin Sahil qəsəbəsi, Balıqçılar küçəsində yerləşən Təchizat bazası təhlükəli və zərərli iş sahəsi kimi müəyyən olunmamış və həmin sahədə çalışan operator peşəsi üzrə əmək şəraitinə görə heç bir güzəştlər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və Dağ X13 Agentliyi Azərbaycan X9 və X3- Tədqiqat İnstitutunun 21 dekabr 2018-ci il tarixli "xxxx" MMC-də zərərli istehsalat amillərinin ölçülməsi haqqında protokoluna əsasən, işlərin kateqoriyası və əmək şəraitinin sinifləri, istehsalat mühitinin amillərinin instrumental ölçmələri nəticəsində və əməyin ağırlığı və gərginliyindən asılı olaraq təyin edilir. Həmin protokolda qeyd edildiyi kimi, "İş yerlərinin attestasiyasının nəticələrinə və əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi metodikası"na əsasən əmək şəraitinin qiymələndirilməsi ballarla verilir. Belə ki, 2-yə kimi bal aşağı səviyyədə, 2.1-4.0-a kimi bal orta səviyyədə, 4.1-6.0-a kimi bal yuxarı səviyyədədir. Həmin protokolun xx.xx.2018-ci il tarixində tərtib edilmiş əmək şəraiti üzrə iş yerinin attestasiyasının 54 nömrəli xəritəsinə əsasən, Sahil bazasında operatorlar üçün nəzərdə tutulmuş cədvəlin iş şəraitinin amilləri qrafasında nə X dərəcə bal bölməsi, nə də X faktiki bal bölməsi üzrə qiymətləndirmənin aşağı, orta, yuxarı səviyyəsi qeyd edilməmişdir. X dərəcə bal və X faktiki bal bölmələri boşdur. Bu isə onu göstərir ki, "İş yerlərinin attestasiyasının nəticələrinə və əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi metodikası"na əsasən qeyd edilən balların heç biri "xxxx" MMC-nin Sahil qəsəbəsi Təchizat bazasında müəyyən edilmədiyindən, həmin iş yeri əmək şəraiti ağır və zərərli sayılmır. Sahil qəsəbəsi Təchizat bazasında yerləşən istehsalat, saxlama və ofis sahələrinin faktiki yerləşdikləri yerə əməkdaşların çatdırılması MMC-nin avtobusu ilə həyata keçirilir. Avtobus, digər minik və yük avtomobilləri və xüsusi texnika ərazinin girişində yerləşən buraxılış nəzarət məntəqəsindən (şlaqbaum) təchizat bazasına (faktiki iş yeri) kimi nizamlanmış torpaq (qrunt) sahə ilə hərəkət edir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyi Təchizat bazası dənizdə yerləşən obyekt deyil, quruda yerləşən obyekt hesab edilir. Həmçinin, hesab edir ki, ekspert rəyinə əsasən həmin iş yerinin Xəzər dənizində yerləşən və sahillə quru yol əlaqəsi olan obyekt olduğu qəbul edilsə belə, əmək haqqına tələb edilən əlavə Əmək Məcəlləsinə 2-ci Əlavədə göstərilən ağır iqlim şəraiti hallarında verilə bilər, habelə həmin əlavənin iddiaçının bütün işlədiyi dövr üçün ödənilməsi tələbi əsaslı deyildir. Qeyd olunanlara əsasən, iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2006-cı il tarixli əmək müqaviləsinin və 111 nömrəli əmrin surətlərindən görünür ki, İddiaçı 15 avqust 2006-cı il tarixdən “Azəri EM-AY X14” BM-nin Sahil qəsəbəsi bazasına operator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-də operator vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixdə 114 saylı əmrlə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan SOCAR “X12” tresti tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası 4 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli “müraciətin nəticəsi haqqında” məktubun surətindən görünür ki, “X12” tresti tərəfindən Təchizat və logistika bölümünün Beysoil sahəsində işləyən takelajçıların saatlıq tarif maaşlarına “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində İşçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə”nin 3.7.3-cü bəndinə əsasən, sahillə quru yol əlaqəsi olduqda 40 faiz dəniz əmsalı və 3.7.1-ci bəndinə əsasən, əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq 8 faiz (orta səviyyə) zərərlilik əmsalı tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı ilə Cavabdeh MMC-nin rəhbərliyi arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən, İddiaçı öz xahişi ilə xx.xx.2021-ci il tarixində xitam verildiyi, son haqq-hesabın isə düzgün hesablanıb ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də, Cavabdeh MMC-nin baş direktoru X17 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin son haqq-hesabın düzgün hesablanıb ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyinə məktub göndərilmişdir. Eyni zamanda təqdim edilmiş 02/03 nömrəli, xx.xx.2021-ci il tarixli məktubda və Cavabdeh MMC üzrə zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsi haqqında protokolda operator vəzifəsi üzrə əmək şəraitinə görə güzəştlərin olmadığı məlum olmuşdur. Cavabdeh MMC-nin Sahil qəsəbəsi, Balıqçılar küçəsində yerləşən Təchizat bazasının dənizdə yerləşməsi barədə İddiaçı tərəfindən və ya cəmiyyətin rəhbərliyi tərəfindən hər hansı təsdiqedici sənədlər təqdim edilməmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 31 mart 2020ci il tarixli məlumatına əsasən, xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə neft və qazın hasilatı, emalı, saxlanması və satışı, neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi üzrə əsas istehsalat sahələri ilə bağlı fəaliyyətin davam etdirilməsinə icazə verildiyini nəzərə alaraq, SOCAR-ın 24 mart 2020-ci il tarixli əmrinə uyğun olaraq, Cavabdeh MMC-nin operatoru İddiaçı əsas iş yerində (Qaradağ rayonu, Sahil qəsəbəsi (Balıqçılar küçəsi), X7 Sahil liman yanalma körpüsü) əmək funksiyalarının icra edilməsi üçün cəlb edilmişdir. İş materiallarında olan MN seriyalı, ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh MMC-nin baş direktoru X17 AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1200 manat cərimə edilmişdir. İş materiallarında olan 21 dekabr 2018-ci il tarixli "xxxx" MMC-də zərərli istehsalat amillərinin ölçülməsi haqqında protokolun, xx.xx.2018-ci il tarixli əmək şəraiti üzrə iş yerinin attestasiyasının 54 nömrəli xəritəsinin surətlərindən görünür ki, “İş yerlərinin attestasiyasının nəticələrinə və əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi metodikası”na əsasən əmək şəraitinin qiymətləndirilməsi ballarla verilir: 2-yə kimi bal aşağı səviyyədə, 2.1-4.0 bal orta səviyyədə, 4.1-6.0 bal yuxarı səviyyədə. Sahil bazasında operatorlar üçün nəzərdə tutulmuş cədvəldə isə hər hansı kateqoriya üzrə qiymətləndirmə balı (dərəcə balı, faktiki bal) müəyyən edilməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 15 avqust 2006-cı il tarixindən "xxxx" MMC-nin Sahil qəsəbəsi Balıqçılar küçəsində yerləşən Təchizat bazasında operator vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdən onun əmək müqaviləsinə xitam verilmiş və işçi tutduğu vəzifədən azad edilmişdir. Əlavə olaraq, bildirilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X6 Agentliyi Azərbaycan X9 və X3-Tədqiqat İnstitutu tərəfindən iş yerlərinin attestasiyası keçirilmiş, keçirilən attestasiyanın nəticələrinə əsasən MMC-nin Sahil qəsəbəsi Balıqçılar küçəsində yerləşən Təchizat bazası təhlükəli və zərərli iş sahəsi kimi müəyyən olunmamış, həmin sahədə çalışan operator peşəsi üzrə əmək şəraitinə görə heç bir güzəşt müəyyən edilməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verildiyi günə qədər çalışdığı Təchizat bazası Xəzər dənizində yerləşən obyekt yox, quruda (sahildə) yerləşən obyektdir və quruda yerləşdiyi üçün sahil ilə quru yol əlaqəsi ifadəsi də buraya aid edilə bilməz. İş materiallarında olan "xxxx" QSC-nin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ASCO ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə əsasında adıçəkilən şirkət ASCO-ya məxsus yanalma körpüsündə fəaliyyət göstərir. Eyni zamanda məlum olduğu kimi, “körpü” anlayışı “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.5-ci maddəsində müəyyən edilmişdir. Həmin liman qurğusu qanunvericilikdə nəzərdə tutulan qaydada və məqsədlərlə istismar olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2023-cü il tarixli, 10/6844 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixədək işlədiyi, Cavabdeh MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi (Balıqçılar küçəsi), X7 Sahil liman yanalma körpüsündə fəaliyyət göstərdiyi sahənin (iş yerinin) Xəzər dənizində yerləşən obyekt olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2023-cü il tarixli, 10/5701 nömrəli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********091 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixinədək işlədiyi, Cavabdeh MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi (Balıqçılar küçəsi), X5 Sahil liman yanalma körpüsündə fəaliyyət göstərdiyi sahə (iş yeri) bütövlükdə Xəzər Dənizinin (gölün) daxilində yerləşməklə torpaq doldurma işləri nəticəsində yaranmışdır. Həmin sahənin Xəzər Dənizinin içinə doğru torpaqla doldurulmuş gəmilərin yanalma körpüsünün üzərində olmaqla sahildən təqribən 365 m. məsafədə yerləşdiyi və sahillə quru yol əlaqəsinin olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən ekspert rəylərinə, əmək müqaviləsinin və əmək kitabçasının surətlərinə, Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən müəyyən edildi ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-də operator işlədiyi dövr ərzində İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi (Balıqçılar küçəsi), X7 Sahil liman yanalma körpüsündə işlədiyi sahə (iş yeri) Xəzər dənizində yerləşən və sahillə quru yol əlaqəsi olan obyekt olduğundan, iddia tələbi qismən, onun tarif (vəzifə) maaşına Xəzər dənizində yerləşən və sahillə quru yol əlaqəsi olan obyektdə işlədiyinə görə 1,4 artım əmsalı nəzərə alınmaqla əmək haqqına əlavənin ödənilməsi hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, iş yeri işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi” haqqında 22 avqust 2002-ci il tarixli, 137 saylı Qərarının 4-cü bəndinə əsasən, Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı sahillə quru yol əlaqəsi olduqda-1,4, quru yol əlaqəsi olmadıqda və sahildən 0,5 km-ə qədər uzaqlıqda yerləşdikdə-1,5, 0,5 km-dən 70 km-ə qədər uzaqlıqda yerləşdikdə-1,65, 70 km-dən artıq uzaqlıqda yerləşdikdə 1,75 kimi müəyyən edilmişdir. Bu barədə cavabdeh tərəfin etirazının dəlillərinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinə 2-ci Əlavədə qeyd olunan hallar işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri ilə əlaqədar olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 saylı Qərarının 4-cü bəndində nəzərdə tutulan iş yerində faktiki işləyən işçilərin əmək haqqına əlavənin ödənilməsi üçün 2-ci Əlavədəki şərtlərin mövcudluğunun zəruriliyi barədə dəlil əmək qanunvericiliyinə və məntiqə ziddir. Bundan əlavə, cavabdeh tərəfdən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyindən, əmək haqqına əlavənin iddiaçının işlədiyi bütün dövr üçün ödənilməsinin düzgün olmadığı barədə dəlil də əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 299-cu maddəsinə əsasən, fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Buna baxmayaraq, mülki iş üzrə sübutlara, o cümlədən 21 dekabr 2018-ci il tarixli "xxxx" MMCdə zərərli istehsalat amillərinin ölçülməsi haqqında protokolun, xx.xx.2018-ci il tarixli əmək şəraiti üzrə iş yerinin attestasiyasının 54 nömrəli xəritəsinin surətlərinə, X10 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən məhkəmə müəyyən edir ki, iddiaçının işlədiyi iş yerinin əmək şəraiti ağır və zərərli iş yeri olması sübuta yetirilmədiyindən, iddia tələbi iddiaçının əmək haqqına əmək şəraiti ağır və zərərli iş yerinə görə artımın ödənilməsi hissəsində əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi” haqqında 22 avqust 2002-ci il tarixli, 137 saylı Qərarının 1-ci bəndinin tələbinə əsasən, həmin artımlar iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olduğu müəyyən edilən iş yerlərində çalışan işçilərə tətbiq edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci və ekspertizanın keçirilməsi üçün zəruri olan mütəxəssis rəyinin verilməsi üçün xərc tərəflər arasında bərabər bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə, mütəxəssislərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-də işlədiyi dövr ərzində İddiaçı əmək haqqına əlavə kimi ödənilməmiş məbləğin (Xəzər dənizində yerləşən və sahillə quru yol əlaqəsi olan obyektdə işlədiyinə görə tarif (vəzifə) maaşına 1,4 artım əmsalı nəzərə alınmaqla) hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 50 (əlli) manat, Cavabdeh MMC-dən 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Mütəxəssis rəyinə görə ödənilmiş xidmət haqqının yarısını təşkil edən 47,5 manat (qırx yeddi manat əlli qəpik) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-80/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-80/2023
13.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver