Məhkəmə qərarları › İş №2(002)-809/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-809/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-809/2024 03.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2370 manat məbləğində pulun onun xeyrinə ödənilməsi, dəymiş mənəvi ziyana görə cavabdehdən 1500 manatın tutularaq ona ödənilməsi, ödənilmiş 59 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, cavabdehlə 2019-cu ildə tanış olmuşdur. Bir müddət sonra söhbət əsnasında cavabdeh ondan qızıl almaq istədiyini bildirmişdir. 2020-ci ildə Gülçöhrəyə bir ədəd komplekt və bir ədəd boyunbağı, ümumi çəkisi 31,81 qram çəkidə 585 əyarlı 3070 (üç min yetmiş) manat dəyərində qızıl-zinət əşyalarını hər ay 300 manat ödəməklə 10 ay müddətinə ödəmə şərti ilə satmışdır. Məbləğin bir hissəsini cavabdeh müxtəlif vaxtlarda hissə-hissə ödəmiş, lakin daha sonra qızıl-zinət əşyalarının pulunu ödəməmiş, onun telefon nömrələrini bloka ataraq danışmaqdan boyun qaçırmışdır. Cavabdehin hazırda ona 2370 manat borcu qalmışdır. Daha sonra o, Nizami rayon Polis İdarəsinə müraciət etmişdir, lakin heç bir nəticə əldə olunmamışdır. Baxmayaraq ki, cavabdeh onunla telefon yazışmalarında və polis orqanında borcunu təsdiq etmişdir, lakin indiyə kimi borcunu ödəməmişdir. Cavabdehin bu hərəkəti ona maddi və mənəvi ziyan vurmuşdur. Ona görə də məcbur olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, iddiaçının qızıdır. Cavabdeh həqiqətən 3-4 il əvvəl iddiaçıdan qızıl-zinət əşyaları almış, lakin qalıq qalan 2370 manat borcunu indiyə kimi qaytarmamışdır. Cavabdeh öz borcunu telefon yazışmaları ilə də təsdiq etmişdir. Lakin hazırda cavabdeh iddiaçının telefonlarına cavab vermir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, iddiaçını Minaxanımın anası kimi tanıyır. Cavabdehi isə təxminən üç il əvvəl iddiaçının evində görmüş, cavabdehin iddiaçıdan qızıl-zinət əşyaları aldığının şahidi olmuşdur, qızılların dəyərini dəqiq bilmir. Məhkəmə, izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərara əsasən, İddiaçı izahatında Cavabdeh ona 2370 manat borcunun olduğunu, Cavabdeh isə izahatında İddiaçı tanıdığını, aralarında qızıl-zinət əşyalarına dair alqı-satqının olmasını və borcun yaranmasını bildirmişdir. İş materiallarında olan Cavabdeh (onun adına qeydiyyatda olan ***-***-**-** mobil nömrə ilə) və İddiaçı arasında olan “whatsapp” yazışmalarından çıxarışın surətlərindən görünür ki, yazışmalarda cavabdeh 2600 manat məbləğində borcunu iddiaçıya ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışın (epikrizin) surətindən görünür ki, İddiaçı 2015-ci ildən xəstədir, ona sağ süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara, o cümlədən xx.xx.2021-ci il tarixli qərara, şahidlərin ifadələrinə, tərəflər arasında olan “whatsapp” yazışmalarına əsasən müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə qızıl-zinət əşyaları satılmış, lakin cavabdeh həmin əşyaların dəyərini tam ödəməmiş və iddiaçıya 2370 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin pulun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin hərəkəti nəticəsində baş verməsi, hərəkət ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması, cavabdehin təqsirli olması barədə kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş epikrizin surətindən görünür ki, iddiaçının xəstəliyi ümumiyyətlə cavabdehlə tanışlıqdan xeyli əvvəl yaranmışdır. Halbuki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2370 manat məbləğində pul və 36,13 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar