Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-82/2022 20.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə qarşı «qanuni istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə qarşı «qanuni istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən onun istifadəsinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni qəsəbə bina 8 ev 57 nömrəli mənzilə gələn su təchizatına yaradılmış maneələrin, qeyri-qanuni olaraq qoyulmuş ventillərin götürülərək aradan qaldırılması; Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti və Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərəciyi üzrə) tərəfindən 26.11.2013-cü il tarixli kirayə müqaviləsi üzrə mənzilə lazımi keyfiyyətlə su təchizatının xidmətlərin göstərilməsini təmin etmək öhdəliyinin icra edilməsi; cavabdehlər Cavabdeh1, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərəciyi üzrə) tərəfindən ona dəymiş 3.000 manat maddi və 3.000 manat mənəvi ziyana görə kompensasiyanın, 500 manat hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin müştərək qaydada alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Ağdam şəhərində ziyalı ailəsində doğulmuşdur. O, ali təhsilli müəllimədir. Erməni qəsbkarları doğma yurd olan Ağdam şəhərini işğal etdiyindən ailə üzvləri ilə birgə məcburi köçkün düşmüşlər, Bakı şəhərinə pənah gətirmişlər. O, uzun müddət məcburi köçkünlərin sığındığı yataqxanada yaşamışdır. 2013-cü ildən isə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni qəsəbə, bina 8, ev 57 nömrəli mənzildə məskunlaşmışdır. Həmin məcburi köçkün şəhərciyində yaşayan, onunla qonşu qadın olan Cavabdeh1 (53cü mənzil) ümumi birgə yaşayış qaydalarını pozaraq mütəmadi olaraq bilərəkdən narahatlıqlar yaradır, dava-dalaş salaraq qəsdən münaqişə yaradır, qonşularla onu dalaşdırmağa çalışır, söz-söhbət yaradır, demək olar günaşırı günün istənilən vaxtı drel, çəkic, laqonda işlədir, vurub-dağıdır, qanunsuz hərəkətlər edir, gecə yarı tanımadığı adamlara qapısını döydürtdürür, haqqında nalayiq fikir formalaşdırır, dəfələrlə mənzilinə və səhhətinə ziyan vurub, səs-küy edir, nalayiq ifadələr işlədir. O, artıq 7 ildən çoxdur ki, bu acınacaqlı vəziyyət içərisində yaşayır. Halbuki, onların hər biri bu xüsusi təyinatlı yaşayış sahəsinə köçürülən zaman öhdəlik götürmüşlər ki, ümumi birgə yaşayış qaydalarına riayət edəcəklər. Buna baxmayaraq, Cavabdeh1 birgə yaşayış qaydalarına əməl etmir, mənzildə yaşamağa ona rahatlıq vermir. O, məsələ ilə bağlı Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal istismar Sahəsinə, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə, Qaradağ Rayon Polis İdarəsinə, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinə, iki dəfə isə məcbur qalaraq DİN-ə şikayətlər etmişdir. Lakin heç bir müsbət nəticə verməmişdir. Cavabdeh1 onun mənizilimin alt mərtəbəsində yerləşən evdə yaşayır. Cavabdeh, 2021-ci ilin mart ayının 16-da mənzilinə gələn su borularının sonuncunun mənzilinin su şaxtasından keçən hissəsini (isti və soyuq olmaqla hər iksini) bilərəkdən qıraraq, zədələmişdir. Nəticədə evimə 5 gün su gəlməmişdir və o, eləcə də, blokda olan digər qonşular tamamilə susuz qalmışlar. O, yaranmış narazılıqla bağlı yaşadığı sahənin MİS-nə müraciət etsə də, MİS heç bir tədbir görə bilməmiş, MİS-in rəsinin köməkçisi Üzeyir Quliyevin məsləhəti ilə məcbur qalıb DİN-in qaynar 102 xəttinə müraciət edəndən sonra, Qaradağ RPİ 10-cu PB-dən sahə müvəkkili və inspektor hadisə yerinə gəlmişlər. Müraciəti əsasında Mənzil İstismar Sahəsinin ustası gəlmiş, polisə şikayət etdikdən sonra Cavabdeh1 mənzilə ustanı buraxmış, su borusu təmir edilərək bərpa edilmiş, lakin usta Arzu Əliyev və MİS-in rəisinin köməkçisi Üzeyir Quliyevin bildirdiyinə görə, Cavabdeh1 onları məcbur edərək mənzilinə gələn su borularına özbaşına olaraq ventil qoyduraraq evinə gələn suyu nizamlamağı öz əlinə almışdır. Buna görə də, evinə yenə də su az gəlir və ya heç gəlmir, hər gün suyu bağlayaraq Cavabdeh1 mənzilinə normal suyun gəlməsinə qəsdən maneə yaradır. Şikayətləri heç bir nəticə verməmişdir. Mənzilinə gələn su borularının Cavabdeh1 tərəfindən qırılmasına dair akt iddia ərizəsinə əlavə edilir. Həmin akt 17.03.2021-ci il tarixli olmaqla, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Məcburi Köçkünlər Şəhərciyi MKİS-nin mühəndisi X5, Qaradağ RPİ 10-cu PB-nin polis sahə inspektoru X3, Qaradağ RPİ 10-cu PB-nin polis sahə inspektoru X1 iştirakı ilə təsdiq edilmişdir. Aktda deyilir ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni qəsəbə bina 8 ev 53 nömrəli mənzildə məskunlaşan Cavabdeh1 yaşadığı mənzilin şaxtasından keçən binanın ümumi istilik və su borularını özbaşına kəsərək binanın zirzəmisinin su ilə dolmasına, su sayğacının zədələnməsinə, digər qonşuların istilik və su təchizatına problem yaratmışdır. Polis Bölməsində izahatı alınan Cavabdeh1 bildirmişdir ki, onun mənzilinə gedən su borusunu ona görə kəsmişdir ki, onun mənzilimdən sonuncunun mənzilinə su axmışdır. Cavabdeh bu barədə ona xəbərdarlıq edə bilərdi. Bunun əvəzində su borusunu qırmışdır. Onun mənzilində su sızma kimi problem yoxdur. Dəfələrlə mütəxəssis gətirməklə müayinə etdirmişdir. Bildirilib ki, heç bir su sızma üçün şərait mövcud deyildir. Su sızmaya Cavabdeh1 özü şərait yaradır. Belə ki, suya qeyd etdiyi kimi borunu kəsərək, nasazlıq yaradaraq, qəsdən qanunsuz olaraq ventil qoyaraq mənzilinə gələn suyun azalmasına səbəb olur. O, vanna otağında istifadə etmək üçün suyu açanda, su o dərəcədə zəif gəlir ki, su qab dolana kimi, su qaba deyil divarla süzülür. İstər-istəməz bu da nəmlənməyə səbəb olur. Bu vəziyyət xeyli müddət baş verdiyinə və problem yaratdığına görə bu barədə dəfələrlə MİS-ə müraciət etməsinə baxmayaraq müxtəlif bəhanələrlə problemlə maraqlanmamışlar. Məhz Cavabdeh1 bu cür qanunsuz hərəkəti ona maddi və mənəvi zərər vurmuşdur. O, Məcburi Köçkünlər Şəhərciyi MKİS-ə müraciət etmişdir ki, onun sudan istifadəsinə yaranmış maneənin qarşısını alsınlar, ona şərait yaratsınlar. X4 Şəhərciyi MKİS üzərinə düşən vəzifələri yerinə yetirmir. Belə ki, Məcburi Köçkünlər Şəhərciyi MKİS su və istilik borularının kəsilməsi barədə aktı "xxxx" ASC və "xxxx" ASC-yə göndərmişdir. Həmin idarələr isə məsələnin Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə və MKİS-in özünə aid olduğunu bildirərək problem ilə maraqlanmamışlar. Hazırda onun mənzilinə yenə də su zəif gəlir, yaxud da heç gəlmir. Problemin ciddi tərəfi ondadır ki, Cavabdeh1 öz mənzilindəki şaxtasında qəsdən qeyri-qanuni olaraq onun mənzilinə aid su borularına ventil qoymaqla, hər gün suyu gah tamamilə bağlayıb onu susuz qoyur, gah da azaldaraq suyun hələ də onun mənzilinin divarlarına, oradan da onun evinin divarlarına suyun axmasına səbəb olur. Evinin divarlarının nəm çəkməsinə, divar kağızlarının aralanmasına, kif bağlamasına, divarların çürüməsinə və vanna otağının tamamilə bərbad vəziyyətə düşməsinə səbəb olmuşdur. Cavabdeh1 bu kimi hərəkətləri isə açıq-aşkar ciddi münaqişəyə şərait yaratmşdır. Onun müraciətləri ilə aidiyyəti şəxslər maraqlanıb həll etmirlər. O da, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamenti hərəkətsizlik etmiş, Cavabdeh1 yaratdığı problemə rəvac vermiş, məsələni həll etməmişlər. Göründüyü kimi, qonşu Cavabdeh1 ümumi birgə yaşayış qaydalarını və qonşuluq hüququnu pozur. Onun sudan istifadəsinə əsassız müdaxilə edir, maneə törədir, problemlər yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 148 nömrəli qərarı ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti yaradılmışdır. «Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2007-ci il tarixli 47 saylı qərarı ilə Mənzil İstismar Departamentinin tabeliyində respublikanın müxtəlif şəhər və rayon ərazilərində məcburi köçkün ailələrinin sosial məişət şəraitinin qismən yaxşılaşdırılması məqsədilə inşa edilmiş qəsəbə və evlərə müasir tələblər səviyyəsində xidmət göstərmək üçün şəhər və rayonlarda mənzil-kommunal istismar sahələri yaradılmışdır. MKİS-lər məcburi köçkünlərin binaların mühəndis-kommunikasiya sistemlərinin texniki vəziyyətinə nəzarəti təmin etməklə yanaşı, qəsəbələrin və yaşayış komplekslərinin ərazisində yaşıllaşma, abadlıq, işıqlandırma, məişət tullantılarının daşınması, mənzil kirayəçilərinin qaldırdıqları məsələnin həlli istiqmətində əməli tədbirlər görürlər. Əsas vəsaitin qeydiyyatı, balansda olan xüsusi texnikanın saz-işlək vəziyyətdə saxlanılması, su, qaz, elektrik təchizatının fasiləsiz verilməsinə nəzarət də mənzil-kommunal istismar sahələrinin öhdəliklərinə daxildir. Bu həmçinin kirayəyəverən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti ilə onun arasında bağlanmış 2013-cü il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsinin 2.2.4-cü bəndinə əsasən kirayəçiyə lazımi keyfiyyətlə kommunal xidmətlərin göstərilməsini təmin etmək və göstərilən kommunal xidmətlərin keyfiyyətlərinə nəzarət etmək kirayəyəverənin vəzifəsidir. Müqavilənin 4.1-ci bəndinə əsasən kirayəyəverən və kirayəçi bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Lakin Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərciyi üzrə) və Azərbaycan Respublikası Qaçqınların və X2 izrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti öz üzərinə düşən vəzifələri yerinə yetirmir. Onun istifadəsində olan mənzilə gələn su təchizatının fasiləsizliyinə, normal gəlməsinə şərait yaradılmır. Onun mənzildən istifadə hüququ kobud şəkildə pozulur və təminatına şərait yardılmır. Buna görə də, istifadəsində olan mənzilə gələn su təchizatına yaradılmış süni maneələrin (qeyri-qanuni olaraq özbaşınalıqla qoyulmuş ventillerin) məhkəmə qaydasında aradan qaldırılması zəruridir. Onun hüquqlarının bərpası üçün müraciətləri heç bir səmərə verməmişdir. Hüquqlarının pozulması nəticəsində sarsıntı keçirmiş, qanda şəkər səviyyəsi artmış, narahatlıqlar keçirmişdir. Cavabdehlər tərəfindən hüquqlarının məhdudlaşdırılması ona mənəvi zərər yetirilməsi ilə nəticələnmişdir. O, hüquqlarının bərpası üçün ədalət mühakiməsinə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdilər, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1n məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinin və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh1 izahatını dinləyib, İddiaçı nümayəndəsi və vəkili Vəkil çıxışını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2022-ci il tarixli 10/6121 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8 mənzil 57 ünvana gələn isti və soyuq su xəttində olan borularda hər hansı problem aşkar edilmədi. Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8 mənzil 57 ünvana gələn suyun təzyiqində problem mövcuddur. Digər mənzillərə nisbətən iddiaçının mənzilində suyun təzyiqi aşağıdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8 mənzil 57 ünvanı üçün isti və soyuq su gəlməsində yaranmış problemə dair hər hansı mütəxəssis rəyi daxil olmamışdır. Problemin texniki səbəbi müəyyənləşdirildikdən sonra, həmin problemin həllinin texniki cəhətdən aradan qaldırılmasının mümkünlüyü müəyyən edilə bilər. Cavabdehin mənzilində quraşdırılmış sayğaca baxış keçirilən zaman hər-hansı bir ventilə rast gəlinmədi. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Bundan başqa, Qaradağ rayon MKİS tərəfindən məhkəməyə 16 iyul 2021-ci il tarixli 076 saylı məktub göndərilərək, məktubda iddia tələbi ilə bağlı real durum müfəssəl şəkildə izah edilmişdir. Həmin məktubda qeyd olunur ki: - İddiaçının mənzilindən cavabdehin mənzilinə su axıntısı müşahidə olunur, MKİS-in işçiləri problemin həll edilməsi, araşdırılması üçün həmin mənzilə getsələr də, iddiaçı işçiləri mənzilə buraxmamış, təmir etməyə şərait yaratmamışdır; - Bu zəmində iddiaçı ilə cavabdeh arasında münasibətlər pozulub, cavabdeh mənzilinə su axıdıldığına görə 17 mart 2021-ci il tarixdə iddiaçının mənzilinə gedən su borusunu qırmışdır, 18 mart 2021-ci il tarixdə xətt bərpa olunmuşdur; - Sakinlərin isti suya görə ödəniş etməməsi səbəbindən "xxxx" ASC tərəfindən qəsəbəyə verilən isti su təchizatı tamamilə dayandırılmışdır. Soyu su ilə bağlı saat 01-dən 03-dək məhdudiyyət qoyulub, qalan 22 saat ərzində bütün sakinlər məhdudiyyətsiz içməli su ilə təmin olunur; - Cavabdehin mənzilinə baxış keçirilib və iddiaçının mənzilinə gedən su xəttlərində hər hansı ventil aşkar edilməyib və s. Göründüyü kimi, Cavabdeh1 tərəfindən iddiaçının yaşadığı mənzilə gələn su xəttinə hər hansı müdaxilə edilməmiş, ventil quraşdırılmamışdır, suyun təzyiqinin zəif olması cavabdehlərin hüquqa zidd hərəkət və yaxud hərəkətsizliyi ilə bağlı deyildir. Bu səbəbdən, iddia təmin edilə bilməz. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə qarşı «qanuni istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə qarşı «qanuni istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-82/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-82/2022
20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver