Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-854/2025 17.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,2 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi ərizənin yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsinin xahiş hissəsində xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmasını xahiş etsə də, iddia ərizəsində tələbin hüquqi əsaslarını sadalayarkən Ailə Məcəlləsinin 76, 78, 100-cü maddələrinə deyil, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərarına istinad etmişdir. İddia ərizəsinin məzmununda qeyd edilmişdir ki, tərəflərin iki övladları var, onlardan biri tərəflər arasında nikah pozulan vaxtadək, digəri isə nikah pozulandan sonra doğulmuşdur. Birinci uşağa görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçının iddia ərizəsində ikinci uşağa görə tələb etdiyi aliment məbləği adi riyazi hesablamaya görə 80 manat təşkil edir (2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləği 400 manat * 0,2 misli = 80 manat). Göründüyü kimi, iddia ərizəsinin məzmunu tam anlaşılan olmamaqla, iddiaçının tələbi aydın ifadə olunmamışdır. Birinci uşağın saxlanılması üçün tutulması qət edilmiş 150 manat aliment məbləği ilə ikinci uşağa görə tələb edilən aliment məbləği (əgər iddiaçı məhz 80 manat aliment tutulmasını tələb edirsə) arasında disbalans, qeyri-bərabərlik var. Uşaqların mənafeyi baxımından onların hər ikisinin tələbatı bərabər şəkildə təmin edilməlidir. Məhkəmə təcrübəsində elə hal müşahidə olunmamışdır ki, tərəf bir övladının saxlanılması üçün bir məbləğdə, digər övladının saxlanılması üçün digər məbləğdə aliment tutulmasını tələb etsin. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə 8.4-3-cü bənd əlavə edilmişdir. Həmin bənddə formalaşdırılmış hüquqi mövqeyə görə, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, əgər o, birinci övladına görə məhkəmə tərəfindən tutulması qət edilən aliment məbləğinin indeksasiya olunmasını tələb edirsə, digər sözlə ifadə etdikdə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi halda, indeksasiya onun ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Əgər, iddiaçı ikinci övladının saxlanılması üçün aliment tutulmasını tələb edirsə, onda aidiyyəti maddi və prosessual hüquq normalarına istinad etməklə, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Bu zaman, iddiaçının iddia ərizəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərarına istinad etməsinə zərurət yoxdur. Eləcə də, iddiaçı tam aydın və anlaşılan olsun deyə, tələb etdiyi aliment məbləği rəqəm ifadəsində göstərməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-854/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-854/2025
17.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver