Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-936/2022 21.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 56.000 manat borcun və dəymiş maddi ziyana görə 2.000 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci ilin noyabr ayının əvvəlində Zaur adlı yaxın dostu ona zəng vuraraq ondan 3.000 manat borc pul istəmişdir. O da Zaura görüsüb bu barədə söhbət edəcəklərini demişdir. Görusüb söhbət edəndə bəlli olmuşdur ki, pul Zaura yox, onunla birlikdə işləyən Mail adlı şəxsə lazımdı. Sualına cavab olaraq Zaur bildirmişdir ki, pulu borc istəyən həmin adamın, yəni Mailin oglu hərbi xidmətdə olduğundan maddi çətinliyi var. Zaur demişdir ki, qəti narahat olmasın, elə bilsin ki, pulu Zaurun özünə verir, çünki Mail də Zaura onun özü kimi yaxın adamdır. Bu söhbətləri o, gəlib evdə həyat yoldaşı Sitarə Həmidovaya danışmışdır. Həyat yoldaşı da onunla razılaşmışdır ki, Zaurun ona işi düşübsə, deməli kömək etmək lazımdır, yəqin ki, Zaur hər adam üçün zamin dayanmaz və ağız açmaz, niyə də olmasın, zamanında onlar da ev alanda Zaur onlara köməklik etmişdi. Ertəsi gün üçü də, yəni Zaur, Mail və o, göruşüb «Basqal» adlı kafedə oturmuşlar. Mail özunu təqdim edən zaman bəlli olmuşdur ki, Mail Şamaxılı olmaqla yerlisidir. Maildən borc istəməsinin səbəbini soruşanda, Mail də Zaur kimi demişdir ki, oğlunun işi ilə bağlı borc pula ehtiyacı var. Söhbət edən zaman bəlli olmuşdur ki, Mailin oğlu ilə onun oğlu birlikdə Gəncə şəhərində qulluq edirlər. O, Mailə demişdir ki, Zauru tanıyır və pulu Zaura görə borc verir. Mail onu arxayın edərək demişdir ki, aldığı pulu iki aya qaytaracaq. Mail ona hətta öz əmək haqqı kartını da vermişdir ki, borcu qaytara bilməsə pulu kartdan çıxarar. O, Zaurun yanında Mailə 3.000 manat pul vermişdir. Üstündən bir neçə gün keçdikdən sonra Mail ona zəng vurub 1.000 manat da borc istəmişdir. Zaura zəng vurub Maillə aralarında olan söhbəti demişdir. Zaur ona demişdir ki, borc versin, arxayın olsun. O, yenə də Mailə inanıb sonuncuya 1.000 manat pul vermişdir. İkinci dəfə də Mailə verdiyi pul barədə həyat yoldaşı Sitarə Həmidovaya demişdir. Sitarə də bunu təbii olaraq qarşılamış və demişdir ki, Zaura inanırlar, Zaur yəqin ki, Mailə əbəs yerə güvənməz. Bu söhbətlərin üstündən 10 gün keçəndən sonra Mail ona təkrar zəng vuraraq demişdir ki, təcili onunla işi var, görüşsünlər. Görüşərkən Mail ona demişdir ki, evini satır, müştəri də var, evin sənədlərində problem var, bununla bağlı təcili 2.000 manat pul lazımdır, evini satib ona olan bütün borc aldığı pulları qaytaracaq, amma çox xahiş edir ki, bu söhbətlərindən Zaurun xəbəri olmasın və həmişəki kimi, ağlayaraq oğlunun canına və balalarının ölmüşünə and içmişdir. Mail zəng vuranda evdə olmuşdur. Bu dəfə də, həyat yoldaşına bildirmişdir ki, evdəki 2.000 manat pulu Mailə aparmaq üçün ona versin. Həyat yoldaşı bir söz demədən pulu ona vermiş və o, Maillə görüşüb həmin dediyi məbləği sonuncuya vermişdir. Bu hadisənin üstündən bir müddət keçəndən sonra Mail ona zəng vuraraq söyləmişdir ki, əmək haqqı kartının müddəti bitdiyinə görə işdən kartını istəyirlər və o, yenə də Zaura zəng vurub bu söhbəti sonuncuya bildirmişdir. Zaur da ona demişdir ki, kartı versin, arxayın olsun, Maildən kartı alıb qaytaracaq. Kart söhbətini təxminən dekabr ayının 20-21-i tarixində etmişlər. Dekabrin 25-dən sonra o, Mailə zəng vurmuşdur ki, «bəs kart necə oldu? Artıq ayın sonudur axı, sən demişdin ki, kartım yenilənəcək və gətirib verəcəyəm sənə». Mail isə ona yalandan günü-günə sataraq deyirdi ki, sabah düzələcək. O, sonra anlamışdır ki, bu sabahlar çox uzanacaq və bu elə Mailin ona əmək haqqı kartını verməməsi üçün bir planıdır. Daha sonra Mail ona demişdir ki, guya yeni maaş kartının verilməsi yanvar ayında olacaq. Beləcə o, yanvar ayını da gözləmişdir. Daha sonra isə yanvar ayından başlayaraq hər gün bir neçə dəfə Mailə zəng vururdu, amma Mail telefonu açmır, ona heç bir cavab vermirdi. Bir neçə gün belə davam etmişdir. O, Zaura zəng edib demişdir ki, bu nə deməkdir, Mail onun zənginə cavab vermir. Zaur, Mailə zəng vurub nə dedisə, Mail onun zənginə cavab vermiş və o, Maillə görüş təyin etmişdir. Görüşən zaman o, Mailə demişdir ki, bu nə hərəkətdi, onun zənginə cavab vermir, axı pulu istəyəndə ona dinclik vermirdi, bitməyən zənglər edirdi, sözün əsl mənasında başını xarab edirdi. Mail ağlamağa, ona öz problemlərindən danışmağa başlamışdır. Mail demişdir ki, yoldaşını baş nahiyəsindən əməliyyat etdirmişdir, 40.000 manat xərci çıxmışdır, qızına toy etmiş, orada 5.000 manat ziyan etmişdir, ona köməklik etsin, 50.000 manat borc versin, umümi ona 56.000 manat borcu olsun, dilindən izahat yazar, gedib notariusda borc müqaviləsi bağlasınlar, evini də keçirdər onun adına, ona görə ki, başqa borc aldığı adamlar da var, sonuncular da Maili narahat edirlər. O, Mailə demişdir ki, onun bu qədər pulu yoxdur. Yenə Mail ağlayıb yalvarmışdır ki, ona pul tapsın. Mail demişdir ki, bir ay müddətinə evi satır, müştəri var, 100.000 manata satır; ümumi 8 sot torpağı var; həyətinin içində də 2 evi var; dənizə də yaxın ərazidədir. Mail cibindən vərəq çıxartmış və öz xatti ilə ona 50.000 manat borcu olduğunu yazmışdır. O, Mailə demişdir ki, ona bu qədər, yəni 50.000 manat borc verməmişdir, axı ondan soruşarlar harda vermişdir bu qədər pulu sonuncuya. Lakin Mail həmin izahatı ona verib ağlaya-ağlaya bildirmişdir ki, bəs sonuncu ona inanır, qardaşıdır və s. O, Mailin öz xətti ilə yazdığı izahatı aparıb tanış yoldaşlara göstərməklə, bütün başına gələn hadisələri sonunculara danışmışdır. Tanışları ona dost kimi köməklik edərək, toplaşıb bir ay müddətinə ona borc olaraq 50.000 manat pul vermişlər. Pulu verəndən sonra tanışları ona demişlər ki, gedib notariusda 56.000 manat borcu verməsinə dair müqavilə bağlasın, yoxsa borc verdiyi şəxs heç onun 6.000 manat pulunu da qaytarmayacaq, dilindən yazdığı 50.000 manat borcla bağlı qəbzi də səhərisi gün inkar edəcək və polisə düşəndə onun sonuncuya pulu harada verdiyi sübuta yetirilməyəcək. Çünki Mailə 50.000 manat pulu faktiki olaraq o verməmişdir, yaxşı olar ki, onlar pulu toplaşıb ona versinlər və o da qanuni şəkildə notarius yolu ilə pulu Mailə versin. Səhəri gün Mailə zəng vurmuş və onunla birlikdə borc müqaviləsi bağlamaq üçün 11 saylı notariat kontoruna getmişlər. Notariusun qəbulunda olarkən butun hadisələri danışaraq demişdir ki, vətəndaş onunla 56.000 manatlıq borc müqaviləsi bağlamağa razıdır, amma hazırda 50.000 manat onun əlindədir, amma 6.000 manat pulu Mailə ötən ilin noyabr və dekabr aylarında hissə-hissə borc vermişdir. Notarius o dediyi şərtə imtina etmiş və söyləmişdir ki, yalnız dediyi və göstərdiyi 50.000 manat məbləğə aralarında borc müqaviləsi bağlana bilər. Çünki o, həmin 50.000 manat pul məbləğini banka qoyacaq, Mail isə həmin pulu bank vasitəsiylə alacaq. Bütün bu proses kameralarla müşayiət olunur. Notariusun yanından çıxandan sonra Maillə o, razılığa gəlmişlər ki, aralarında olan 6.000 manata, yenə də 50.000 manata yazdığı kimi öz xətti ilə izahat yazsın. Onlar razılığa gələrək notariusda 50.000 manatlıq borc müqaviləsi bağlayaraq notariusun müdirinin dediyi kimi onun əlində olan 50.000 manatı notariusda yerləşən banka qoymuşdur. Daha sonra isə Mail həmin pulu bankdan almışdır. Mail pulu bankdan alandan sonra ona demişdir ən geci 10 gunə evi satib ona olan borcunu ödəyəcək. Yenə həmişəki kimi ağlamış və balalarının canına and içmiş və şablon yaltaq sözlər demişdir. Bundan sonra onun qara günləri başlamışdır. Mail atla olmuşdur, o isə piyada. Hər gün saatlarla telefonuna zəng vurmuş və whatsapp səsli, eləcə də yazılı mesajlar yollayıb demişdir ki, ona cavab versin, telefon zənglərini açsın. Mail isə ona yalnız iki dəfə cavab yazmışdır ki, xəstədir, özü ona yazacaq. Bundan sonra bir daha cavab verməmişdir. Yanvar ayının axırlarında başqa bir nömrə ilə zəng vurmuşdur və Mail telefonu açan kimi demişdir ki, Mail, öz telefonundan vurduğu zəngi niyə açmır? Mail isə cavabında ona söyləmişdir ki, hələ evi satmamışdır, satanda ona mütləq xəbər edəcək, hər dəqiqə zəng vurub narahat etməsin. Bu sözlər və hərəkətlərdən sonra belə qərara gəlmişdir ki, Mail ondan pulu planlı şəkildə alıb, heç də ona pul qaytarmaq fikri yoxdur. Bundan sonra Mail barədə araşdırmalar aparmağa başlamışdır. Əvvəlcə Abşeron rayon Polis Bölməsinə getmiş, başına gələn bu hadisələri onu qəbul edən polis əməkdaşına söyləmişdir. Polis isə gülümsəyərək, ona söyləmişdir ki, özünü çətinliyə salmışdır, çünki o, ilk adam deyil ki, Maildən şikayətçi olur, Maili tutdurmaqla onun pulu qayıtmayacaq, bu məsələnin daha real variantı isə məhkəmə yolu ilə həll olunmasıdır, çünki bütün hallarda bu mülki işdir. Bir də məsləhət etmişdir ki, evinə qəti getməsin, çünki özünə yalandan xəsarət yetirərək ondan şikayət edəcək, çünki ondan öncəki borc aldıqları adamların başına belə oyun açıb. Araşdırmaların nəticəsində bəlli olmuşdur ki, Mail həqiqətən də dələduzdur. Mailin ABB bankına 7.000 manat, AzTürk banka 3.000 manat, bir neçə şəxslərə 3.000, 4.000 manat olmaqla borcu var. Belə məlum olmuşdur ki, adamları aldatmaq onun üçün çox asandır. Əvvəlcə pulu yalvararaq alır, sonra deyir ki, gedib nə bacarırsa etsin. Dəfələrlə polislərə düşüb və pul verənə də deyir ki, niyə onu polisə verib, buna görə də, borcu qaytarmayacaq. Bunu ona Abşeron RPŞ-də demişlər. Bildirmişlər ki, o, çox pis insana rast gəlib, aylarla onu süründürəcək. Belə ki, Mail başqa insanlardan pulu alır, sonra da aralarında borc müqaviləsi bağlayaraq cinayət məsuliyyətindən yayınır. Bir neçə məhkəmələrdə borc müqaviləsi üzrə şikayət olunaraq, Mail haqqında qərar çıxmışdır. Odur ki, qanun çərçivəsində bu məsələni həll etsin, aidiyyatı qurumlara müraciət etsin, Mail nə deyirsə desin, qanundan kənara qaça bilməz. Hətta Suraxanı rayon Məhkəməsində Mailin barəsində 2019-cu ildə qətnamə çıxıb, hakim Qasımov Anar Adil oğlunun sədrliyi ilə işə baxılıb. İddiaçı X1 adlı bir vətəndaş da elə onun kimi Mail tərəfindən aldadılaraq 5.000 manat aldığından, pul tələbi ilə bağlı məhkəmədə qərar çıxmışdır. Qərar əsasında icraçı pulu Mailin əmək haqqına yönəldib. Cavabdeh onun kimi, Hüseynov İlham kimi aldatdığı adamlar çoxdur. X2 Qaz Tikinti trestində də olmuşdur. Orada da ona demişlər ki, o, çox fırıldaqçı adama rast gəlmişdir, bu insan pulu istəyəndə adamı ovsunlayır, borc istənilən şəxs biixtiyar olaraq cibində nə pul varsa Mailə vermək istəyir, sonra da öz-özünə fikirləşir ki, nə etmişdir. Notariusda müqavilə bağlamağa gedən zaman o, Mailə demişdir ki, övladları Gəncədə bir hərbi hissədə qulluq edir, çörək kəsmişlər, həmyerlidirlər, axırıncı götürdüyü 50.000 manat borc pul onun deyil, özü də bilir ki, o, həmin pulu öz dostlarından bir ay müddətinə borc olaraq almışdır. Bunu ona notariusa gedəndə demişdir, Mail isə israrla demişdir ki, narahat olmasın, evi satıb ona olan 56.000 manat borc pulu mütləq qaytaracaq, kişidirlər, belə nakişilik olmaz, onu da pis vəziyyətdə qoymuşdur. Sonunda da nə telefonu açdı, açanda da demişdir ki, özü ona zəng vuracaq, onu narahat etməsin və görüşməkdən də qaçdı. O, belə qənaətə gəlmişdir ki, bu şəxs üçün heç bir müqəddəs hiss yoxdur. İkinci qrup əlil olaraq məhkəmədən xahiş edir ki, verdiyi borc pulun cavabdeh Maildən alınaraq qaytarılmasında qanun çərçivəsində ona kömək edilsin. Səhhətində ciddi problem var. Bu yaşadıqları ona və ailəsinə böyük bir zərbədir. Güvəni olan dostları arasında Malin üzündən güvənini itirmişdir. Yuxarıda da qeyd etdiyi kimi, o, Maili dostu Zaura görə tanıyıb, pulu da məhz Zaurun sözünə əsasən vermişdir. Çünki, Zaur ona demişdir ki, necə sözübütöv insanlardırlarsa, elə bilsin ki, pulu Zaura verir, eləcə də borc pulu ürəklə versin Mailə. Həm də illər əvvəl o, ev alanda dostu Zaur, ona borc olaraq 10.000 manat pul verərək ev almasında yardım etmişdir və o da zamanında Zaurun pulunu vaxtında qaytarmışdır. Elə bu səbəbdən də, o, özü və Zaur kimi Maili də ciddi qəbul etmişdir. Elə bu gün də, həmişə olduğu kimi Zaurla o, bir-birilərinə gərək olanda maddi dəstək olurlar və köməklik göstərirlər. Cavabdeh onu, həm də ümumi dostları Zauru aldadaraq, öz dələduz əməlini işə salaraq, pulu ondan alıb öz dələduz məqsədinə nail olmuşdur. Sonradan, iddiaçı iddia ərizəsinə yazılı əlavə göndərərək, cavabdehə whatsapp vasitəsi ilə göndərdiyi səsli mesajlardan, həmin ismarıcların hamısının oxunmasından, lakin Mail tərəfindən cavab verilməməsindən, Mailin qızı tərəfindən ona səsli mesajlar göndərilməsindən və s. bəhs olunmuş və Mailin digər şəxslərdən də pul vəsaitləri alaraq, qaytarmadığını, bununla bağlı məhkəmə araşdırmaları və istintaq aparıldığı qeyd edilmişdir. Həmin izahat tipli ərizə iş materiallarına əlavə olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia ərizəsinə əlavənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına gətirilmiş Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, həqiqətən iddiaçıdan oğlunun əsgərliyi, ev sənədlərinin düzəldilməsi və s. məqsədlər üçün 2021-ci ilin noyabr və dekabr aylarında 3.000, 1.000 və 2.000 manat olmaqla, cəmi 6.000 manat borc almışdır. Həmin borcu qaytaracağına dair iddiaçıya qəbz də yazıb vermişdir. Lakin iddiaçıdan 50.000 manat borc almamışdır. Notarial qaydada borc müqaviləsi bağlansa da, ona 50.000 manat pul verilməmişdir. Məhkəmədən iddianın qismən, 6.000 manat borc hissəsində təmin edilməsi, qalan hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri 11 saylı Notariat Ofisində 17 yanvar 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, borc alan Cavabdeh borc verən İddiaçı 17 fevral 2022-ci il tarixədək qaytarmaq şərti ilə, faizsiz olaraq 50.000 (əlli min) manat borc almışdır; - Məhkəməyə təqdim edilmiş 17 yanvar 2022-ci il tarixli ciddi hesabat sənədi olan qəbzdən görünür ki, İddiaçı tərəfindən notariusun depozit hesabına 50.000 manat pul köçürülmüşdür (qoyulmuşdur); - Sadə yazılı formada tərtib edilmiş qəbzdə borc alan Cavabdeh bir daha təsdiq etmişdir ki, iddiaçıdan 1 ay müddətinə qaytarmaq şərti ilə 50.000 manat borc almışdır. Qəbzdə borc alan həmçinin borcun qaytarılmayacağı təqdirdə məhkəmə qaydasında tələb edilməsinə razı olduğunu bildirmişdir; Məhkəmə qeyd edir ki, borc alan iddia tələbini 6.000 manat borca dair hissədə etiraf edir və bu hissədə Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilməlidir. İş materiallarında olan kredit müqaviləsindən və qəbzdən əlavə, tərəflər arasında olan münasibətləri xarakterizə edən yazışmalardan (whatsapp tətbiqi vasitəsi ilə) göründüyü kimi, iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirir, tərəflər arasında 2021-ci ilin noyabr-dekabr aylarında başlayan borc münasibətləri mövcuddur. Mübahisənin həll edilməsi üçün tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh 2021-ci ilin noyabr-dekabr aylarında cəmi 6.000 manat, 2022-ci ilin yanvar ayının 17-də isə 50.000 manat borc götürmüş, borcu vaxtında qaytaracağına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin iddiaçıya olan borcunu vaxtında və tam şəkildə ödəməyərək, öhdəliyini icra etməmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək, borcu ödəməsini tələb etmiş, lakin cavabdeh öhdəliyini icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 259 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 56.000 manat borc və ödənilmiş 259 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Çünki, iddiaçı ona 2.000 manat maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 56.000 manat borc və ödənilmiş 259 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-936/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-936/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver