Məhkəmə qərarları › İş №2(003)-1219/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1219/2023

10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1219/2023 10.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı Cavabdeh, onun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o, cavabdehlə 18 sentyabr 2020-ci ildə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdehlə birgə faktiki nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 adlı bir övladları doğulmuşdur. Rəsmi nikahları olmadığından uşağın doğum haqqında şəhadətnaməsini alarkən Cavabdeh uşağın atası olmasını etiraf etmiş və bu barədə onlara doğum haqqında şəhadətnamə də verilmişdir. Onlar faktiki nikaha girdikləri vaxtdan bir ailə olaraq birlikdə yaşamaqla təsərrüfat idarə etmişlər. Lakin, 2022-ci ilin noyabr ayından cavabdehlə ayrı yaşayırlar. Cavabdeh onunla və uşağı ilə maraqlanmır, onların maddi ehtiyaclarını ödəmir. Uşağın tələbatları ilə əlaqədar xərclər çox olduğundan o, tək qarşılaya bilmir. Qızı, onun faktiki himayəsindədir və onun bütün maddi tələbatlarını tək ödəyir. Cavabdeh uşağın atası olduğundan onun saxlanlımasında yaxından iştirak etməli, maddi və mənəvi saxlanmasında ona köməklik etməlidir. Özü heç bir yerdə işləmir və heç bir maddi gəliri yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında əlavə olaraq bildirdi ki, birgə yaşadıqları dövrdə cavabdeh işləmiş və ayda 600-700 manat qazanc əldə etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, uşağın atası o deyil. Belə ki, iddiaçı onunla ailə qurmamışdan 29 gün öncə başqa şəxslə ailə münasibətlərində olmuşdur. Onunla evlilikdən bir gün sonra isə ürəyi bulanmağa başlamış və ona məlum olmuşdur ki, o, hamilədir. Hazırda isə uşağı ilə görüşməyə icazə vermir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X5 iddianın təmin edilməməsini məhkəmədən xahiş edərək izahatında bildirdi ki, uşaq, cavabdehin uşağı deyil. Ona görə də hesab edir ki, cavabdeh iddiaçıya aliment verməli deyil. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 414281 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 454 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci ildə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiyası sesiyasında iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamış və bu barədə müvafiq arayış verilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə tərəflər nikah münasibətlərində olmuş və atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən onların birgə münasibətlərindən xx.xx.2021-ci ildə İddiaçı doğulmuşdur. İşin cavabdeh tərəfindən mübahisə edilən halı isə ondan ibarətdir ki, uşaq, onun uşağı deyil. Ona görə də uşağın saxlanılması üçün aliment verməyə razı deyil. Məhkəmə, ilkin olaraq cavabdehin iddiaya olan etirazına münasibət bildirərək qeyd edir ki, onun xx.xx.2021-ci ildə İddiaçı doğulmuş X3 atası olmamasına dair müvafiq qaydada iddia qaldırmaq hüququ vardır. Hazırda isə uşağın atası olmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmadığından cavabdehin bu barədə iddiaya etirazı əsassızdır. Məhkəmə, aşağıdakı qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, uşağın valideynlərdən birinin himayəsində olması, ona qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, uşağın müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, uşağın artan tələbatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması onun mənafeyinə uyğundur. Odur ki, uşağın saxlanılması üçün onun yetkinlik yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2640 (220x12) manat etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 46,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1və360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablansın. Cavabdeh 46,4 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar