Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1346/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün, hər ay 220 manat olmaqla, ümumilikdə 440 manat olmaqla sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında qeyd etdi ki, onun cavabdehlə olan nikahı məhkəmə qaydasında pozulmuş və bu barədə 2017-ci ilin fevral ayının 2-də 34 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Məlikhəsən, xx.xx.2011-ci il təvəllüdlü Sonaxanım adlı övladları olmuşdur. Uşaqlar onun himayəsindədir, lakin cavabdeh indiyədək aliment ödəməmişdir. Cavabdeh uşaqların atası olduğundan onların saxlanmasında yaxından iştirak etməli, maddi və mənəvi saxlanmasında ona kömək etməlidir. Bu, cavabdehin valideynlik borcudur. Cavabdeh bu müddət ərzində bir ata kimi uşaqlarına nə maddi cəhətdən, nə də mənəvi cəhətdən hər hansı bir kömək göstərməmiş, uşaqların maddi tələbatları ilə maraqlanmamışdır. O, təkbaşına uşaqların təminatını qarşılaya bilmir, bu səbəbdən də uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün qanunla müəyyən edilmiş qaydada cavabdehdən aliment tutulması zərurəti yaranmışdır. Cavabdehin etiraz ərizəsində bildirdiyi məlumatlar həqiqəti əks etdirmir. O, 1200 manat deyil, təxminən 600 manata yaxın maaş alır. Həmçinin kredit götürdüyünə görə hər ay maaşından müəyyən qədər vəsait buna görə çıxılır. Cavabdehin atası və anası pensiya alır. Hazırda uşaqların təhsili üçün cavabdehdən aliment alınması zəruridir. Daha əvvəl də cavabdehdən alimentin alınması ilə bağlı qətnamə çıxarılmış və icraya yönəldilmişdir. Lakin sonradan ərizə yazaraq cavabdehdən aliment almaqdan imtina etdiyinə görə həmin iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda cavabdehlə nikahları pozulduqdan sonra yeni ailə həyatı qurmuş və həmin nikahından da himayəsində 1 övladı vardır. Hal-hazırda himayəsində 3 uşaq vardır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh 28 mart 2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizədə iddiaçı Aynur Qəzənfərovanın N saylı hərbi hissədə gizir rütbəsində işləyərək aylıq 1200 manat əmək haqqı almasını, iddiaçının əvvəllər məhkəmə qətnaməsi ilə ondan tutulmalı olan alimentdən imtina etməsini, özünün ikinci dəfə ailə qurmasını və həmin nikahdan bir övladının olmasını, himayəsində yaşlı, xəstə və köməyə ehtiyacı olan valideynlərinin olmasını və banka kredit ödənişlərinin olmasını diqqətə alaraq iddiaçının iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini tədqiq edib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. -Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 162826 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli 2(003)-163/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilərək İddiaçı ilə Cavabdeh arasında nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 anasının yanında saxlanması və hər uşaq üçün, hər ay 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 34 nömrə ilə qeyd edilmişdir. -xx.xx.2017-ci il tarixdə İddiaçı tərəfindən Biləsuvar Rayon İcra Şöbəsinə ünvanlanmış notarial təsdiqli ərizədən görünür ki, o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 163/2016 saylı icra vərəqəsi üzrə aliment tələbindən imtina edərək icra sənədinin icraatına xitam verilməsi barədə məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. -Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(022)-81/2017 saylı qərardadından görünür ki, Biləsuvar rayon İcra Şöbəsinin təqdimatı təmin edilmiş və İddiaçı Cavabdeh alimentdən imtinasının qəbul edilməsi qərara alınmışdır. -Biləsuvar rayon İcra Şöbəsinin icra məmuru Xəqani Əzimov tərəfindən qəbul edilmiş 21 aprel 2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli 2(003)-163/2016 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. -Bakı 2 saylı Mediasiya təşkilatınınxx.xx.20213-cü il tarixli arayışından görünür ki, tərəflər arasında aliment mübahisəsi üzrə mediasiya prosesinin davam etdirilə bilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinəəsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. BMT-nin «Uşaq Hüquqları haqqında» Konvensiyasının müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2- ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə cavabdehin himayəsində digər əlavə 1 azyaşlı uşağının olmasını nəzərə alaraq hazırki tələb üzrə alimentin hər uşaq üçün 180 manat sabit pul məbləğində tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay, hər uşağa görə 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi tutulmalıdır. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 63,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə 63,20 (altmış üç manat, iyirmi qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1346/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1346/2023
19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver