Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1432/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 12 ay ərzində ödənilməyən 14592 manat miqdarında əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, "Cavabdeh" MMCyə 2019-cu ilin iyul ayında işə qəbul edilmişdir. Lakin onun rəsmi işə qəbul olunmağı isə xx.xx.2019-cu il tarixdə olmuş, iş yeri "İsmayıllı-Göyçay rayonlarında tikilən soyuducu anbar komplekslərində topoqraf vəsifəsində olmuş," əmək haqqı isə 800 manat müəyyən edilmişdir. Əmək müqaviləsiz işlədiyi dövr ərzində aylarda müəyyən gecikmələr olsa da, əmək haqqını ala bilmişdir. Lakin əmək müqaviləsi bağlandıqdan sonra hər ay əmək haqqını ödəməyə söz vermişdilər, lakin rəhbərlik isə verdiyi sözə əməl etməmişdir. Lakin rəhbərlik xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən işdən azad olunmağı barədə əmr imzalamışdır. O, bu barədə rəhbərliyə müraciət etsə də, onu əmək müqaviləsinin müddətinin uzadılmadığı, MMC-nin fəaliyyətini dayandırdığı və əmək haqqını isə qısa müddət ərzində verəcəklərini bildirmişlər. xx.xx.2020-ci il tarixdən hazırkı vaxta kimi, ona əmək haqqını ödəməmişdirlər və əmək haqqını ödəməkdən qərəzli olaraq yayınmışdırlar. İşlədiyi müddət ərzində cavabdehin ona etimad etdiyi vəzifəsini yerinə yetirmək üçün ailəsinin büdcəsindən kəsib, iş fəaliyyətində axşama olmaması üçün çalışmışdır. Lakin cavab isə onun bu kimi müsbət hallarına qiymət verməyərək onun əmək haqqını ödəməkdən imtina edir. Cavabdehdən ona 9600 manat əmək haqqının, 4992 manat transport xərci və yemək pulu ümumilikdə 14592 manat alınıb verilməsini tələb edir. Qeyd olunanlara əsasən, cavabdehdən 12 ay ərzində ödənilməyən 14592 manat miqdarında əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MMC və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddia tələbindən və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən 12 ay ərzində ödənilməyən əmək haqqının cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmiş, lakin iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdeh MMC-də işləməsi və əmək haqqının ona ödənilməməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, göstərilən hallar işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi əsassız hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1432/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1432/2021
01.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver