Məhkəmə qərarları › İş №2(003)-1447/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1447/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1447/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan tutulan alimentin azalddılmaqla əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddia alimentin azaldılması haqqındadır və iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. İddia ərizəsində həmçinin göstərilmişdir ki, iddiaçının əmək haqqı 400 manat təşkil edir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçıdan iki uşağın saxlanılması üçün hər uşağa 150 manat hesablanmaqla 300 manat alimentin tutulması müəyyən edilmişdir. İddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən və həmin məbləğ 500 manatadək olduğundan iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilməli idi. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar